Qadin.NET / Azərbaycan güləşçiləri beynəlxalq turniri 24 medalla tamamlayıblar 16:10, 25 noyabr 2013

Azərbaycan güləşçiləri beynəlxalq turniri 24 medalla tamamlayıblar 16:10, 25 noyabr 2013

2008-ci ildən başlayaraq hər il ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi Azərbaycanda keçirilir. Bu il keçirilən turnirdə 33 ölkədən 400-ə qədər idmançı öz qüvvəsini sınayıb.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yığma komandalarımız öz inamlı çıxışları ilə yadda qalıblar. Belə ki, hər üç növ güləş yığmaları 9 qızıl, 6 gümüş və 9 bürünc medal əldə etməklə komandamızın aktivinə ümumilikdə 24 medal qazandırıb. Yarışın ilk günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 5 qızıl, 2 gümüş və 3 bürünc medal olmaqla, ümumilikdə 10 medal qazanıblar. Bu, son 6 ildə analoji turnirdə ən yüksək nəticələrdən biridir. Qızıl medalları Kamran Məmmədov (60 kq), Rəsul Çunayev (66 kq), Rafiq Hüseynov (74 kq), Salman Təhmasibi (84 kq) və Sabahi Sariat (120 kq) qazanıblar. Orxan Əhmədov (55 kq) və Vitali Rəhimov (66 kq) gümüş medalla kifayətləniblər. Eldəniz Əzizli (55 kq), Tale Məmmədov (60 kq) və Şəhriyar Məmmədov (84 kq) bürünc medala layiq görülüblər.
Turnirin ikinci günü qadın güləşçilər arasında qaliblər müəyyən olunub. 5 çəki dərəcəsində mübarizə aparan qadın güləşçilərimizdən yalnızYuliya Ratkeviç (59 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb.Anjela Doroqan (48 kq) və Raqnetta Qurbanzadə (63 kq) turniri bürünc medalla yekunlaşdırıblar. Yarışların son günündə mübarizəyə qoşulan sərbəst güləşçilərimiz 3 qızıl, 4 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 11 medal qazanıblar. Əhmədnəbi Qvarzatilov (60 kq), Həmzət Osmanov (84 kq) vəXetaq Qazyumov (96 kq) turnirin qızıl medalına sahib olublar. Yaşar Əliyev (55 kq), Hacı Əliyev (60 kq), Şərif Şərifov (96 kq) və Əli İsayev(120 kq) yalnız finalda məğlub olaraq gümüş medalla kifayətləniblər.Ruslan Dibirhacıyev (66 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev (hər ikisi 74 kq) və Cəmaləddin Məhəmmədov isə (120 kq) turniri bürünc medalla başa vurublar. Ötən illərdə keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinin nəticələrinə baxdıqda görərik ki, 2008-ci ildə 9 qızıl, 6 gümüş, 7 bürünc medal olmaqla 22 medal, 2009-cu ildə 5 qızıl, 4 gümüş, 11 bürünc medal olmaqla 20 medal, 2010-cu ildə 5 qızıl, 4 gümüş, 6 bürünc medal olmaqla 15 medal, 2011-ci ildə 9 qızıl, 6 gümüş, 11 bürünc medal olmaqla 26 medal, 2012-ci ildə isə 5 qızıl, 6 gümüş, 11 bürünc medal olmaqla 22 medal qazanılıb. Son 6 ilin yekunlarına əsasən, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində pəhləvanlarımız 42 qızıl, 32 gümüş və 55 bürünc medal olmaqla, ümumilikdə 129 medal qazanıblar.
Mənbə: Milli.Az
25 noyabr 2013
GO BACK