Qadınlar və kişilər yuxusuzluqdan fərqli şəkildə əziyyət çəkirlər. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bunu ortaya çıxarmaq üçün Dyuk (ABŞ) və Kalqari (Kanada) universitetlərinin alimləri tədqiqat aparıblar. Orta yaşlı, normal səhhətli 200 qadın və kişinin durumunu tədqiq edərkən məlum olub ki, onlardan 40%-nin yuxuya getməklə problemi var - bərk yuxuya getmək üçün onlara yarım saat gərək olub. Əsasən də elə bu insanlar gecə yarısı yuxudan yarımçıq oyanırlar. Yuxu rejiminin pozulmasının qadınlar üçün daha təhlükəli olduğu da ortaya çıxıb. Belə ki, normal yuxu yatmayanda qadınlarda ürək-damar sisteminin xəstəlikləri, ikinci tip diabet xəstəlikləri riski artır. Kişiləri isə belə təhlükə gözləmir.
Mənbə: Milli.Az