Qadin.NET / Çinlilər Nokia-ya etiraz edirlər

Çinlilər Nokia-ya etiraz edirlər

 

Nokia şirkətinin Çindəki fabrikində çalışan bir neçə yüz işçi Finlandiya istehsalçısının mobil biznesinin Microsoft korporasiyasına satıldıqdan sonra onlara ödənilən kompensasiyanın məbləğinə qarşı etiraz edirlər. Milli.Az ICTnews-a istinadən bildirir ki, etiraz edənlərin sözlərinə görə, onlar əmək sazişini imzalamağa məcbur olaraq lazımi məbləğdə kompensasiya almayıblar. Donquan şəhərində yerləşən fabrikin qarşısına tətilə çıxan işçilər ədalətli kompensasiya ödənilməsi ilə bağlı şüarlar səsləndiriblər.
Nokia etiraz edənlərlə danışıqlar aparır. Lakin işçilər işəgötürənlə danışıqların aparılmasını inkar edirlər. Qeyd edək ki, bir neçə gün əvvəl Nokia şirkətinin səhmdarları Devices & Services bölməsinin Microsoft korporasiyasına satılmasına dair sazişi yekdilliklə bəyəniblər. Smartfon istehsalı üzrə biznesin Microsoft korporasiyasının ixtiyarına verilməsinə görə səhmdarlar toplantısında iştirak edənlərin 97 faizi buna səs verib. ABŞ korporasiyası indi yalnız müxtəlif ölkələrin antiinhisar orqanlarının qərarını gözləməlidir. Dəyəri 5,44 milyard avro qiymətləndirilən sazişin 2014-cü ilin əvvəlində başa çatdırılması planlaşdırılır. Sazişə görə, Nokianın 32 min əməkdaşı Microsoftun sərəncamına keçəcək, Stiven Elop baş direktor vəzifəsini, eləcə də Direktorlar Şurası üzvlüyünü tərk edəcək və Devices & Services bölməsinin vitse-prezidenti vəzifəsini tutacaq. Microsoft korporasiyası Nokia brendindən 10 il müddətinə istifadə etmək hüququ qazanıb, lakin bu, yalnız adi mobil telefonlara şamil olunur. Eyni zamanda ABŞ korporasiyası Asha və Lumia ticarət markalarına patent hüququ əldə edib. Öz növbəsində Finlandiya şirkəti smartfonların hazırlanması və istehsalı əvəzinə Here geolokasiya xidmətinin inkişafı ilə məşğul olacaq.
Mənbə: Milli.Az
24 noyabr 2013
GO BACK