Əmirovu xalq mahnısının ecazkar gücü hələ uşaqlıqdan ağuşuna almışdı. Onun atası Məşədi Cəmil Əmirov məşhur tarzən, muğam ifaçısı idi. Sonradan müəllimliyə başlayan ata Əmirov doğma şəhərində ilk musiqi məktəbinin yaradıcısı kimi yadda qalıb. Sonralar o, musiqi məktəbinə rəhbərlik də edib. Bir çox digər məşhur musiqiçilər kimi, Fikrət Əmirovun atası da əslən Şuşa şəhərindən idi. "Atamın doğma şəhəri olan Şuşa, həqiqətən də, Zaqafqaziyanın konservatoriyası sayılır", - deyə Fikrət Əmirov bildirirdi: "...Mənə səslərin dünyasını, muğamın sirrini məhz atam açıb. O zaman mən hələ uşaq idim. Tarda onu yamsılamağa çalışırdım. Bəzən bu, məndə yaxşı alınırdı və bu zaman çox sevinirdim". Xalq musiqisi Fikrət Əmirovu lap uşaqlıq illərindən başlayaraq, ömrünün sonunadək müşayiət edib. O, konservatoriyanı bitirdikdən sonra milli melodiyaları akademik musiqi nəzəriyyəsi baxımından təhlil edib.
Dahi Hacıbəyovun tələbəsi
Müharibə illəri idi. Cəbhədə yaralanmış Əmirov Bakıya qayıtmışdı. O, Üzeyir Hacıbəyovun həyatının son illərində onunla çalışmağa macal tapdı. Xalq musiqisi materialları ilə çalışan Hacıbəyov gənc bəstəkara ciddi təsir göstərə bilmişdi. "Məni Üzeyir Hacıbəyovun işlərinin davamçılarından biri adlandırırlar. Mən bununla fəxr edirəm", - deyə Əmirov yazırdı. Sanki bunun təsdiqi olaraq, 1949-cu ildə - müəlliminin vəfatından bir il sonra F.Əmirov Ü.Hacıbəyova həsr etdiyi musiqi poemasını bəstələyib. Bu, simli alətlərlə fortepianonun zərif ahəngidir. Bundan başqa, 1943-cü ildə Hacıbəyovun artıq sevilən, xalq operettalarının təsiri ilə Əmirovda öz musiqili komediyasını yaratmaq ideyası yaranıb. O, "Ürəkçalanlar" adlanırdı. Operettanın yaranma prosesini Üzeyir Hacıbəyovun özü də izləyib və Əmirova çox dəyərli məsləhətlərini verib. Bu, ağır müharibə illərində olub. O zaman operetta və ya tamaşa qoyulması çox çətin idi. Aktyorlar, adi işçilər belə, çatışmırdı. İşləmək üçün şərait də yox idi. Buna baxmayaraq, Ü.Hacıbəyov o zaman yenicə açılmış Dövlət Musiqili Komediya Teatrında tamaşanı səhnələşdirməyə nail olub. Komediya tamaşaçılar tərəfindən müsbət qarşılanıb. Bir müddət sonra isə Əmirov daha nəfis "Xoş xəbər" operettasını yazıb. Bəstəkar bu operetta üzərində çox çalışıb və onu 1946-cı ildə tamamlayıb. Daha sonra "Ulduz" operası, "Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə" simfonik poema, "Skripka, fortepiano və orkestr üçün" konsert yazılıb. Amma o dövrün ən böyük hadisəsi Əmirovun "Nizami" simfoniyası idi. Bu, Azərbaycanda simli musiqi alətləri üçün bəstələnmiş ilk simfoniya idi. Nəhayət, güman ki, bəstəkar üçün əsas hadisə onun Azərbaycanda ilk dəfə simfonik muğamlar - "Şur" və "Kürd ovşarı" - bəstələməsi idi. Əmirov bu muğamlarda özünün əsas nailiyyətlərini və biliklərini birləşdirmişdi - uşaqlıqdan sevdiyi Qarabağ muğamı və Avropanın simfonik musiqisini. "Şur" və "Kürd ovşarı" simfonik muğamlarının yaranması Bülbülün təşəbbüsü idi. Bülbül bu vaxtadək yazdığım əsərlərdə mənim ən yaxın dostum, məsləhətçim və yardımçım olub", - deyə F.Əmirov xatırlayırdı. Bu iki əsər ayrı-ayrılıqda səslənsə də, əslində, ümumi musiqi mövzuları və ideyası ilə birləşib. Onlar, həqiqətən də, Azərbaycan sərhədlərindən kənarda da musiqi hadisəsinə çevrildilər, bir neçə nüfuzlu mükafata layiq görüldülər. Faktiki olaraq, onlar simfonik muğam janrının əsasını qoyublar. Bu ənənə sonradan Özbəkistan və Tacikistanda da davam etdirildi. Simfonik muğamlar nüfuzlu simfonik orkestlər tərəfindən ifa olunmağa başladı. Dünyaca məşhur dirijorlardan olan Leopold Stokovski uzaq 50-ci illərdə Fikrət Əmirova yazırdı: "Əziz cənab Əmirov! Biz sizin simfonik muğamlarınızı Hyuston və Texasda ifa etdikdə orkestr də, dinləyicilər də heyranlıq içərisində idilər. Bu böyük həzzə görə sizə minnətdarıq".
Köhnə ilə yenini birləşdirmək bacarığı
Sonrakı illərdə Əmirov novatorluqdan imtina etmədi, əksinə, onu yaradıcılığının əsas ideyasına çevirdi. Bir neçə janrda işləyən bəstəkar eksperimentlərə əl atır, yaradıcılığında hər zaman xalq musiqisinin əsaslarına yer ayırırdı. 1953-cü ildə o, C.Cabbarlının eyniadlı dramı əsasında məşhur "Sevil" operasını yazdı və səhnələşdirdi. "Cabbarlının işləri mənə orta məktəbdən tanışdır. 30-cu illərin əvvəllərində Gəncə Şəhər Dram Teatrında Sevilin oğlunu - balaca Gündüzü oynamalı olmuşam. ...Operamda dramın əsas ideyasını qoruyub saxlamağa çalışmışam. Bu, Şərq qadınının öz insanlıq hüquqları uğrunda mübarizəsi, yeni proletar mədəniyyətinin burjua azlıqla mübarizəsindəki pafosdur. Operanın ərsəyə gətirilməsi prosesi boyunca Cəfər Cabbarlının dramları ilə Çaykovskinin operalarının qəhrəmanlarının xarakteri arasındakı bənzərlik məni rahat buraxmayıb. Sevil və Tatyana, Balaş və German daxili xüsusiyyətlərinə görə bir-birlərinə çox yaxındırlar", - deyə F. Əmirov bildirirdi. 50-60-cı illərdə Əmirov simfonik orkestr ilə çox sıx işləyirdi. Nəha- yət, 1968-ci ildə o, yenidən simfonik muğama qayıtdı və Hafizlə Sədinin şeirlərinin motivi əsasında yazdığı əfsanəvi "Gülüstan Bayatı-Şirazı"nı yaratdı. Sonrakı on il ərzində Fikrət Əmirov köhnə işlərinə "əl gəzdirmək", onları təkmilləşdirməklə məşğul olub. Sonda o, yenidən "yeni zirvə" fəth edərək balet yazdı. Söhbət "Min bir gecə" baletindən gedir. Bu, sadəcə balet deyil, həm də qeyri-adi xoreoqrafiyalı rəngarəng şoudur. "Min bir gecə" baleti hələ də tamaşaçılar arasında böyük populyarlığa malikdir və bu üzdən o, hər il səhnələşdirilir. Əmirov öz ilham mənbəyini belə izah edirdi: "İraqın Mədəniyyət Nazirliyinin dəvətilə mən Nəzərovla (baletmeyster-balet tərtibatçısı) birlikdə bu ölkəyə səfər etdim. Ərəb xalqının musiqi mədəniyyətinin, heykəltəraşlığının, musiqi ənənələrinin dərinliklərinə girməyə çalışır, tarixi və memarlıq abidələrini öyrənirdim. Qarşımda milli və ümumbəşəri məqamların sintez edilməsi vəzifəsi dururdu". "Fikrət Əmirov Hacıbəyovun layiqli tələbəsi olub. Əlbəttə ki, onunla tanış olduğum üçün qürur duyuram. Əmirovun bu günədək səhnələrimizdən düşməyən "Sevil" operasının yeni musiqi redaksiyasının səhnələşdirilməsi zamanı bədii rəhbər olmuşam", - deyə məşhur pianoçu və tanınmış pedaqoq Fərhad Bədəlbəyli "R+" jurnalına açıqlamasında bildirib: "Şübhəsiz ki, onun musiqisi orijinaldır. O, həm xalq mahnılarına, həm də Avropanın ən yaxşı ənənələrinə əsaslanır". F.Bədəlbəyli hesab edir ki, Əmirov xalq musiqisini, muğamı, milli improvizasiyanı və ənənəvi dünya musiqi instrumentarisini harmonik şəkildə birləşdirməyə nail olub. "Fikrət Əmirovun mahnılarında güclü cazibə qüvvəsi, məlahət var". Bu sözləri isə dahi Dmitri Şostakoviç öz məktublarında yazıb: "Bəstəkarın geniş, çoxtərəfli yaradıcı irsi Azərbaycan xalq musiqisilə, milli mədəniyyətlə ayrılmaz şəkildə bağlıdır. Əmirovun musiqi dilinin ən cəlbedici cəhətlərindən biri melodizmdir: Fikrət Əmirov zəngin melodik istedada malik idi. Melodiya onun yaradıcılığının ruhudur". Yaşasaydı 2013-cü il noyabrın 22-də Fikrət Əmirovun 91 yaşı tamam olacaqdı. Məşhur Azərbaycan bəstəkarı cəmi 62 yaşında dünyasını dəyişib. O hələ çox iş görə bilərdi, amma tale buna imkan vermədi...
Mənbə: Region.Plyus