Qadin.NET / Apple və Google-un dühası

Apple və Google-un dühası

 

Cuda Perl Bayes şəbəkələrinin riyazi aparatının müəllifi, ehtimal nəticəsinin riyazi və alqoritmik bazasının yaradıcısı, qrafik ehtimal modelləri üçün etibarın yayılması alqoritminin təşəbbüskarı kimi informasiya texnologiyaları tarixində xüsusi yer tutur.
Milli.Az ICTnews-a istinadən bildirir ki, görkəmli alim süni intellekt sahəsində tədqiqatlar apararaq Apple Siri - nitqin tanınması sistemi və Google-un pilotsuz avtomobilləri daxil olmaqla bir sıra ilklərə imza atıb. Alimin tədqiqatları nəticəsində ağıllı maşınların hazırlanması, qeyri-müəyyənliklərin öhdəsindən gəlmək və hadisənin birqiymətli çıxışı olmadıqda düzgün qərar qəbul etmək imkanına nail olunub.
Təsadüfi deyil ki, Perl 2011-ci ildə süni intellekt sahəsində hesablama hazırlaması vasitəsilə ehtimal və səbəb - nəticə fikirlərinin həyata keçirilməsinə fundamental töhfəsinə görə nüfuzlu Türinq mükafatına layiq görülüb. Perlin Probabilistic Reasoning in Intelligent Systems: Networks of Plausible Inference (1988) kitabı sitat gətirmələrin miqdarı (2012-ci ilin may ayına görə 5222 fakt) üzrə CiteSeerX bazasında 7-ci mövqedə dayanıb. Persona rubrikasında bu dəfə kompüter elmləri, koqnitiv elmlər, süni intellekt, statistika, ehtimal nəzəriyyəsi və fəlsəfənin inkişafında mühüm xidmətlər göstərmiş görkəmli alimin həyatı və fəaliyyəti haqqında danışacağıq.
Avtobioqrafiyası
Cuda Perl 1936-cı il, 4 sentyabr tarixində Təl-Əvivdə dünyaya göz açıb. Uşaqlığı Bney-Brakda keçən Cuda İsrail ordusunda xidmətdən sonra, 1956-cı ildə mühəndislik işini öyrənməyə qərar verir. Qərarın nəticəsi olaraq Hayfa Texnion Universitetinə daxil olur, 1960-cı ildə elektrotexnika üzrə bakalavr dərəcəsini alır.
İnstitutu bitirdikdən sonra təhsilini davam etdirmək üçün ABŞ-a gedir, 1961-ci ildə Nyu-Arkskda mühəndislik kollecində (indiki Nyu-Cersi Texnologiya İnstitutu) elektronika üzrə magistr dərəcəsinə yiyələnir. O, 1965-ci ildə Ratqerts Universitetində fizika üzrə magistr dərəcəsi alır. Elə həmin ildə Bruklin Politexnik İnstitutunda (indiki Nyu-York Universiteti) elektrotexnika üzrə fəlsəfə doktoru dərəcəsinə layiq görülür. Perl RCA şirkətinin tədqiqat laboratoriyasında və Electronic Memories şirkətində işləyir. O, hər iki iş yerində yüksək keçirici yaddaş qurğularının və yaddaşın müasir sistemlərinin hazırlanması ilə məşğul olur.
İnformasiya texnologiyalarına olan maraq Perli 1969-cu ildə Los-Ancelesdə Kaliforniya Universitetinə getməyə vadar etdi, 1970-ci ildə o, informatika fakültəsində yer aldı. Perl 1976-cı ildə professor vəzifəsinə təyin edilir, 1978-ci ildə koqnitiv sistemlərin laboratoriyasının əsasını qoyur.
C.Perlin əsas işləri
Bu laboratoriya alimin daimi iş yeri oldu. Burada süni intellekt sahəsində işlər (evristika axtarışı, ehtimal və səbəb-nəticə fikirləri tədqiqatları) həyata keçirilirdi. Perlin 1984-cü ildə Evristikalar: problemlərin avtomatlaşdırılmış həlli üçün intellektual axtarış strategiyaları (ing. Heuristics: Intelligent Search Strategies for Computer Problem Solving) kitabı dərc edilir. Kitabda A* və oyun alqoritmləri kimi axtarışın ənənəvi alqoritmləri sahəsində yeni nəticələr təqdim edilmişdi.
Perl 1988-ci ildə süni intellekt sahəsində inqilabi işi – İntellektual sistemlərdə ehtimal fikirlərini (ing. Probabilistic Reasoning in Intelligent Systems) yazır. Bir neçə il sonra məntiq və neyron şəbəkələri sahəsində bir sıra aparıcı tədqiqatçılar ehtimal yanaşmasını qəbul etdi.
Çoxillik tədqiqatların və 50-dən çox nəşrin nəticəsini təşkil edən bu kitabda Perl dövrlərsiz yönəlmiş qraflardan - ehtimal qrafik modelləri: Bayes şəbəkələri və Markov şəbəkələrindən istifadə ilə ehtimal modellərinin qurulmasına yeni yanaşmanı təklif edir.
Perl mürəkkəb ehtimal modellərində (belief propagation (etibarın yayılmaları) aposterior ehtimalların hesablanmasının yeni alqoritmi, həmçinin Markov zəncirlərində (ing. MCMC) monte-karlo metodundan istifadə ilə yaxınlaşdırılmış nəticə alqoritmləri, şərti müstəqilliyin xüsusiyyətləri, təlim alqoritmləri hazırlayır. Kitabın nəşrindən sonra, Bayes şəbəkələri maşın təlimi statistika, təbii dil, hesablama biologiyası, robot texnikası və koqnitiv elmlər üzrə tədqiqatların mühüm hissəsi oldu. 2000-ci ildə daha bir fundamental iş -Səbəbiyyət: modellər, fikirlər və nəticə (ing. Causality: Models, Reasoning, and Inference) kitabını elmi ictimaiyyətə təqdim edir. Kitabda verilənlərdə səbəb nəticə əlaqələrinin üzə çıxardılması üçün riyazi aparat, səbəb-nəticə fikirlərinin həyata keçirilməsi (ing. Causal Reasoning), intervensional analiz (ing. interventional analysis) və do-hesablamaları (ing. do-calculus) təklif edilmişdi.
Mükafatları
Perlin səbəbiyyət haqqında işi ən əhəmiyyətli novator elmi əsər olaraq Lakatos mükafatını qazandı. 2003-cü ildə Hesablama Texnikası Assosiasiyası Perli süni intellektə və onun proqramlarına töhfə, evristika axtarışı sahəsində novator işlər vasitəsilə güclü riyazi və nəzəri bazanın qurulması, qeyri-müəyyənlik şəraitində fikirlər, məhdudiyyətlər, qeyri-monoton fikirlər və səbəb-nəticə modelləşdirməsinin təmin olunmasına görə Allen Nyuell medalı ilə təltif etdi. O, həmçinin 2008-ci ildə Şahidliyin qeyri-müəyyənliyi şəraitində hesablamalar və fikirlər üçün birinci əsas alqoritmlərin yaradılmasına görə Franklin Bencamin medalı ilə mükafatlandırılıb.
Qeyd etdiyimiz kimi, 2011-ci ildə Perl nüfuzlu Türinq mükafatının laureatı olub.
Hər il ACM (Association for Computing Machinery) təşkilatının təsis etdiyi mükafat öz sahəsində əhəmiyyətinə görə Nobel mükafatı ilə müqayisə olunur. Perl ehtimal və səbəbiyyətin dərki sahəsində apardığı tədqiqatlara görə bu mükafata layiq görülüb.
İnternetin yaradıcılarından biri olan Vinton Serf də bu mükafatın laureatlarındandır. Onun fikrincə, Perlin tədqiqatları son 30 ildə ağıllı maşın terminini yenidən müəyyənləşdirməyə şərait yaratdı. Perlin əsərləri yalnız maşın təlimi deyil, həm də təbii dilin işlənməsi, kompüter görməsi, robot texnikası, hesablama biologiyası, ekonometrika və statistikaya da nəhəng təsir göstərdi - deyə Serf bildirib.
Kompüter elmləri üzrə professor Riçard Korf da Perli süni intellekt sahəsində nəhənglərdən biri kimi təsvir edir.
Maraqları
Perl asudə vaxtı musiqiylə maraqlanır: gitara, piano ifa edir. Onun əsas hobbilərindən biri də riyaziyyat və fəlsəfə üzrə köhnə kitabların kolleksiyasını yığmaqdan ibarətdir.Cuda Perl və onun həyat yoldaşı Rut Perlin üç övladı var: Tamara, Mişel və Deniel.
Məlumat üçün bildirək ki, Cuda və Rut Deniel Perl Fondunun (ing. Daniel Pearl Foundation) əsasını qoyub.
Mənbə: Milli.Az
23 noyabr 2013
GO BACK