İnsanlar həyatlarının müxtəlif dövrlərində müxtəlif fiziki zərbələrlə üzləşirlər. Amma əksəriyyəti bunu ciddiyə almır və bunun fəsadlarının ağır olmasını düşünmək belə istəmirlər. Nevropatoloq Həmid Vəliyevin sözlərinə görə, kəllə-beyin travmaları, əsasən, bədbəxt hadisələr (qəza, tikinti işləri zamanı), yıxılma, dava, fiziki zor tətbiq edilən hallarda baş verir: "Əgər başa dəyən zərbədən sonra xəstə zəif xəsarət alıb və başında balaca hematoma müşahidə olunursa, həkim müdaxiləsi olmadan problem özü keçib gedə bilər. Lakin güclü baş ağrıları, yaradan 10 dəqiqədən çox qan axdıqda, boyun möhkəm ağrıdıqda, ürək bulanma olanda mütləq həkimə müraciət etmək lazımdır. Xəstənin burnundan, eləcə də qulaqlarından qan axdıqda, bədənin hərarəti qalxdıqda, gəzə və ya danışa bilmədikdə dərhal təcili tibbi yardım çağırmaq lazımdır". Həkim başa olan zərbələrin ağır fəsadlar verə biləcəyini deyir. Onun sözlərinə görə, şəxsdə şəxsiyyət dəyişkənliyi, əsəb pozuntusu, danışıq qabiliyyətinin pozulması, amneziya, görmə qabiliyyətinin itməsi, hətta koma vəziyyəti də müşahidə oluna bilər: "Travmadan sonra meningit meninoensefalit irinli infeksiyalar - stafilokk, steptokk, diplokokklardan törənir. Bəzən xəstəliyin törədiciləri proterlər, anaeroblar, göy irinli çöplər də olur. Kəllə-beyin travması, hətta əllilliyə də səbəb olur. Kəllə-beyin travmasının kliniki əlamətlərinə isə başgicəllənmə, baş ağrıları, yuxusuzluq, yaddaş pozuntusu, əsəbilik, endokrit pozğunluqlar, yorğunluq, qorxu hissi, depressiya kimi hallar aiddir". Həmsöhbətimizin dediyinə görə, beyin silkələnməsindən şübhələndikdə, başına zərbə dəyən adama ilk təcili yardım göstərmək lazımdır: "Bunun üçün ilk növbədə zərərçəkəni yerdə sakit vəziyyətdə uzatmaq lazımdır. Əgər zərbə çox güclü olubsa, təcili tibbi yardım maşını gələnə qədər onun tənəffüzü və təzyiqinə nəzarət etmək lazımdır" deyən nevropatoloq əlavə edib ki, başa olan zərbələrə etinasız yanaşmaq olmaz. Qeyd edək ki, yaşı 50-dən az olan insanlarda baş-beyin travması nevroloji xəstəliklərin istənilən başqa növündən daha tez ölümə və əlilliyə gətirib çıxarır. Başa olan zərəbələr, xüsusilə də, 35 yaşına kimi kişilərin ölümünün əsas səbəblərindəndir. Ağır kəllə-beyin travması alan insanların, demək olar ki, yarısı ölümə məhkumdur. Travma vaxtı istər oynaq, istər beyin, istərsə də başqa orqanlarda gedən dəyişikliklər patoloji prosesin inkişafının əsasını qoyur. Zaman keçdikcə bu dəyişikliklər mütləq özünü göstərir. Kəllə sümükləri sınmadıqda belə beyin zədə ala bilər. Yüngül kəllə-beyin travmaları gec-tez ensefalopatiya, arterial hipertoniya yarada, aterosklerozun formalaşmasını sürətləndirə bilər, beynin bir çox funksiyalarının, ən əsası idarəetmə qabiliyyətinin nasazlığına gətirib çıxara bilər. Baş travmasından sonra kəllədaxili təzyiq də çox tez-tez dəyişir, əsasən də yüksəlir. Ağır travmalar isə tez-tez həm baş beyində, həm də onun ətrafında yerləşən sinirlərin, qan damarlarının və toxumalarının destruksiyasına gətirib çıxarır. Bundan əlavə, sinir yolları məhv ola, qanaxma və ya güclü ödəm yarana bilər. Kəllə genişlənə bilmədiyi üçün yaranmış təzyiq beyin toxumalarını zədələyir və ya məhv edir, beyinin aşağıya doğru yerini dəyişməsinə gətirir. Bu paz vurma adlanır və öz növbəsində beyinciyin və beyin gövdəsinin kəllənin əsasında, gövdənin onurğa beyinə keçdiyi yerdə yerləşmiş deşiyə (böyük peysər deşiyi) təzyiq göstərməsinə gətirə bilər. Bəzi hallarda başın əhəmiyyətsiz travması beyinin ağır zədəsinə gətirir. Əsasən yaşlı insanlarda daha çox baş beyinin ətrafındakı sahədə qanaxma olur. Belə qanaxma riski həmçinin qanın laxtalanmasını ləngidən dərmanlar (antikoaqulyantlar) qəbul edən insanlarda yüksək olur. Kəllə-beyin travmasını qiymətləndirmək üçün zərərçəkən şəxs kompüter tomoqrafiyası və ya maqnit-rezonans tomoqrafiyasından keçirilməlidir. Mütəxəssisin dediyinə görə, rentgenoloji müayinə sümüklərdə baş verən sınıqları müəyyən etməyə kömək edir, lakin beyindaxili zədələrdən heç bir informasiya vermir. Yuxululuğun artması, düşüncə pozuntusu, komanın dərinləşməsi, arterial təzyiqin artması və nəbzin yavaşıması kəllə-beyin travmasından sonra beyindaxili ödəmin inkişafının sürətlə getməsindən xəbər verir. Ödəmin beyin toxumalarının zədələnməsinə tez təsirə malik olduğundan, ilkin təxirəsalınmaz yardım olaraq ödəm əleyhinə dərman vasitələri istifadə olunur. Müsahibimiz deyir ki, kəllə-beyin travması həm tam sağala bilər, həm də ölümlə nəticələnə bilər. Bu iki nəticələr arasındakı fərqi yalnız beyin toxumasının nə dərəcədə zədələnməsi müəyyən edir. Beyin fəaliyyətinin çoxsaylı funksıyalarının icrası bir beyindaxili zona ilə bağlı olmur. Bir zonanın zədələnməsi, digər zonanın aktivləşməsi və onun da fəaliyyətini öz üzərinə götürməsi ilə nəticələnir. Lakin insan yaşlaşdıqca, beyin bir zona əvəzinə digər zonanın aktivləşməsi funksiyasını itirir. Qeyd edək ki, ağır kəllə-beyin travması olan insanlarda bəzi hallarda amneziya inkişaf edir. Onlar travmadan dərhal sonra və ya əvvəl nələr olduğunu unudurlar. Əgər yaddaş travmadan ilk bir həftə ərzində bərpa olursa, travmanın fəsadlarından qısa müddət ərzində qurtulma şansları artır.
Mənbə: Ekspress.Az