Xəz-dəri mağazasının satıcısı: "Satdığım malların necə hazırlandığını fikirləşəndə, az qalıram dəli olum". Xanımlar zövqlü geyimləri xoşlayır. Üstəlik, bu geyimlərin qiyməti, bahalığı, nədən və necə hazırlanması çox az qadını maraqlandırır. Demək olar, hər 10 qadından 6-sı bahalı geyim, brend düşkünüdür. Onlar üçün bu geyimləri almaq həyati önəm daşıyır. Artıq dükan-bazarlarda qış mövsümünün geyim malları satışa çıxarılıb. Xanımların daha çox üstünlük verdiyi geyimlər sırasında xəzlər üstünlük təşkil edir. Amma bəlkə də əksər xanım bir xəz əldə etmək üçün onlarla heyvanın öldürülməsindən xəbərsizdir. "Binə" ticarət mərkəzinin xəz-dəri mağazalarından birinin satıcısı Təhmin Əliyevin dediyinə görə, xəz satmaq əvvəllər onun üçün elə də önəmli olmayıb. Sosial şəbəkələrdən heyvanların öldürülməsi ilə bağlı yayılan videolardan sonra isə içində xof yaranıb: "6 ildir xəz-dəri dükanında işləyirəm. Əvvəllər xəzlərə adi geyim kimi baxırdım. Ancaq internetdə foq balıqlarının dərisi üçün necə öldürüldüyünü görəndə, az qala havalanacaqdım. Düzdür, o balıqların dərisindən Azərbaycanda heç nə satılmır, amma hər halda dovşanı, tülkünü də sığallayıb dərisini çıxarmırlar. İndi xəzlərə əlimi vuranda qəribə oluram. O videolar yadıma düşəndə xoflanıram. Sözün həqiqi mənasında, heyvanların öldürülməsi vəhşilikdir. Amma neynəyək, bizim də çörəyimiz bundan çıxır. Bu, heyvanları öldürənlərin günahıdır. Amma bu gün təbii dəriləri satıramsa, mən də o günaha batıram". Xəzlərin qiymətinə gəlincə, satıcı deyir, bəzən alıcılar elə kürklər istəyirlər ki, onu xaricdə sifariş edirlər. "Baxırsan ki, bir kürkə verilən pulla normal ailə 2 ay dolana bilər". Dükanda kürklərə baxan Vera Nəbizadə kürk almaq üçün ilboyub maaşını yığıb. Satıcı T.Əliyevanın dediklərinə qulaq asan V.Nəbizadə onunla razılaşmır: "Madam elədirsə, onda toyuğu da kəsib yeməyək, qoyun, mal əti almayaq. Heç kim tülkü, samur əti yemir deyə belə deyir. Donuzu halal yolla kəsmirlər, boğurlar, bizləyib öldürürlər, ətini yeyirlər, heç kimin səsi də çıxmır" deyən alıcı xanım mağazada xəzlərə baxmağına davam edir. Statistikaya görə, dünyada ildə 75 milyon, yəni saniyədə bir heyvan öldürülür. Kimlərinsə kübarlıq, dəbdəbə saydığı və ya isinmək üçün geydiyi kürkləri hazırlamaq üçün bu qədər heyvanın qəddarlıqla öldürülməsi təbii sayılır. Bu rəsmi rəqəmlərə etiraz edən beynəlxalq heyvan hüquqlarının müdafiə təşkilatlarının açıqlamasına görə, əslində göstərici 100 milyondan çoxdur. Yalnız Kanadada bu il kürk üçün öldürülən suitilərin sayı 338200-dür. Xarici bazarlarda bir suiti kürkü 105 dollara satılır. Heyvanlar, xüsusilə bala foklar xəz zərər görməsin deyə başlarına vurularaq, göz və yanaqlarından küt dəmirlərə ilişdirərək öldürülürlər. Dünyada kürk istehsalının 85%-i Çindədir. Bu kürkün 30%-i çöl həyatından ovlanma və tələ qurma yolu ilə, qalanı ferma istehsalından əldə edilir. Çində ildə təxminən 2 milyona yaxın it və pişik paltar, çanta, oyuncaq, papaq, şal kimi geyimlərin bəzənməsində istifadə olunur. Pişik və itlərin xəz etiketlərdə "Asiya qurdu", "dovşan kürkü" və bu kimi etiketlər yazılır. Dünyada təxminən 500 milyon insan bu kürklərlə bəzənmiş məhsulları tələb edib alır. Küçələrdən yığılan sahibsiz heyvanları, kürk daha dayanıqlı olsun deyə inanılmaz soyuq otaqlarda günlərlə ac-susuz saxlayıb, canlı- canlı dərilərini soyurlar. Dünyada kürk satışının ən çox olduğu gün 14 fevral sevgililər günüdür. Bu səbəbdən 14 fevral bütün dünyada "Xəz Əleyhdarı Hərəkatı günü" elan edilib. Bir xəz palto üçün nə qədər heyvanın öldürülməsi isə daha dəhşətli rəqəmləri ortaya çıxarır. Əslində əksər insanlar düşünür ki, bir xəz üçün bir heyvanın öldürülməsi kifayətdir. Təəssüf ki, bu, belə deyil. Bir xəz paltonun hazırlanması üçün 25-45 qoyun-quzu, 20-30 ev pişiyi, 12-15 yabanı pişik, 15-20 it, 30-300 siçan, 10-30 tülkü, 60-400 sincab, 20-30 kenquru, 30-40 dovşan, 3-30 qurd, 10-30 su samuru, 8-15 vaşaq, 60-70 skuns, 6-10 suiti, 6-8 puma öldürülür. Bəzi heyvanlar boyunları burularaq ölənə kimi saxlanılır və bu yolla dəriləri soyulur. Belə olan halda kürk daha diri və sağlam qalır. Heyvanların bu formada vəhşiliklə öldürülməsi cəmiyyətdən gizli saxlanılır. Xəz bazarına böyük zərbə ola biləcəyini düşünən xəz istehsalçıları yayılan video və şəkillərin qarşısını almağa çalışırlar. Dində də heyvanların bu formada öldürülməsi xoş əməl sayılmır. Bizimlə söhbətində heyvanların bilərək, qəsdən öldürülməsinin böyük günah olduğunu bildirən Hacı Kamilin sözlərinə görə, hətta elə ölkələr var ki, onlar heyvanı sırf bu məqsədlə böyüdüb bəsləyirlər. Dində də deyilir ki, heç bir heyvana zülm etmək, yandırmaq, yolmaq, boğmaq və bu yolla öldürmək olmaz. İlahiyyatçı Səriyyə Sami də istər məqsədli, istərsə də məqsədsiz bir şəkildə heyvanın öldürülməsini caiz saymır: "Bir sıra heyvanlar var ki, onlar insanın qidalanması üçün lazımdır. Bu heyvanları Allahın əmri ilə, Onun izn verdiyi formada kəsmək olar. Lakin dərisindən geyim, sümüyündən bəzək üçün istifadə olunacaqsa, bir heyvanın həyatını son qoymaq böyük günahdır. Allah-taala, digər yer üzü nemətləri kimi heyvanları da insanların xidmətinə vermiş və onlardan müxtəlif şəkillərdə faydalanmağı halal etmişdir. İslam dini heyvanları sevməyi və onlara qarşı mərhəmətli olmağı tövsiyə etməkdədir. Uşaqlar, qadınlar, yaşlılar, yetimlər, kimsəsizlər, xəstələr və yoxsullar başda olmaq üzrə bütün insanlara mərhəmət göstərmənin yanında, digər bütün canlılara da mərhəmətli davranmaq möminlərin vəzifəsidir. Bundan başqa, əti üçün kəsiləcək heyvanların iti bıçaqla kəsilmələri və onlara əziyyət edilməməsi lazımdır. Buna görə, heyvanların boğularaq, zəhərlənərək və boynu qırılaraq öldürülməsi halında ətlərini yemək caiz deyil. Ətləri yeyilməyəcəksə, sadəcə, dərilərindən istifadə olunacaqsa, bu heyvanları da işgəncə etmədən öldürmək lazımdır. Təəssüf ki, biz bunu müşahidə etmirik. Heyvanları diri-diri soyurlar, başlarından küt alətlə vurub keyləşdirirlər". Əslində insanların kürklərə qarşı fikri birmənalı deyil. Cəmiyyətdə kürkləri geyinmək həvəskarı olan qadınlar kimi, kürklərdən imtina edən xanımlar da az deyil. Elmira Kərimova da xəz istifadə etməyən və xəzə qarşı olan xanımdır. Onun sözlərinə görə, xəzi almazdan əvvəl hər bir qadın öz dərisinin soyulduğunu xəyal etsə, kürk almaqdan bəlkə də imtina edər: "Biz çoxdan paleolit dövründən uzaqlaşıb, xeyli yol qət etmişik. Hansı ki, kürkü paleolitdə yaşayan mağara insanları geyinirdi və onların başqa seçimi də yox idi. Bu gün isə belə geyimlərə o qədər pul verib geyinmək sadəcə, ayıbdır. İndi o qədər süni kürklər var ki, baxanda heç bilmək olmur, hansı orijinal, hansı sünidir. Ümumiyyətlə, o kürkü geyinən qadını otuzdurub saatlarla o heyvanların öldürülməsi videolarını izlətdirib, onlara o yolla təsir etmək lazımdır. Bunun başqa yolu yoxdur. Heç kimin ixtiyarı yoxdur başqasına desin ki, sən bunu alma, geyinmə. Çox adam fikirləşər ki, tək mənim kürk geyinməməyimlə bu problem həllini tapmaz, amma tək-tək başlamaq lazımdır ki, getdikcə kürkdən imtina edənlər artsın". Sosial şəbəkədə heyvanların qoruma dərnəyi adlı qrupun sahibi Elfanə Cəfərlinin sözlərinə görə, Azərbaycanda heyvan sevgisi demək olar ki, yoxdur. "Bu gün adicə bir pişiyə cansız gözü ilə baxan insanlar var. Biz bəzən insanlara yalvarası oluruq ki, çöldə gördüyünüz it, pişiyə üz çevirməyin, bizə xəbər edin, gələk aparaq. İnanın, bunu edənlər də yoxdur. Siz hansı heyvan qorunmasından, xəz satılmamasından danışırsınız?".
ALYANS - Canlı Aləmin Mühafizəsi Ekoloji Birliyinin sədri Mənsurə Rəsulzadənin fikrincə, bu məsələ yalnız maarifləndirmə, anti-reklam təbliğatlar yolu ilə həll oluna bilər. "Texnologiya o qədər inkişaf edib ki, istənilən təbii xəzi onun kimi və ya ondan daha da gözəl əvəz edən zövqlü parçalar, xəz əvəzi materiallar kəşf edilib və satılır. Deməli, alternativ yollar var. Lakin qəddarlıqla əldə edilənlər "təbii" olduğu üçün daha üstün sayılır. Bu, məqbul deyil. Kürk arzulayan insanlar qəddarlığa sifariş verən insanlardır. Qəddarlığa üstünlük verən cəmiyyət qeyri-sivil sayılır". Dermatoloq Sahib Rzayevin sözlərinə görə, orijinal kürklərin dəriyə heç bir ziyanı yoxdur. "Nəzərə alsaq ki, insanlar o kürkləri birbaşa dəriyə geyinmir, bunun ziyanından da danışmaq yersizdir. Ancaq xəstə heyvanlardan hazırlanan kürklərdən ehtiyat etmək lazımdır. Əslində o kürklər hazırlanana kimi, bir çox proseslərdən keçirlər. Buna görə onlarda hər hansı bir xəstəliyin qalması çətin məsələdir. Heyvan nəfəs almırsa, yaşamırsa, xəstəliyin sürəti də sıfıra enmiş olur" deyən həmsöhbətimizə görə, əsasən süni dərilərdən ehtiyat etmək lazımdır. "Onların nədən, necə, hansı üsulla hazırlanması bəlli olmadığından, belə xəzlərin yüksək allergik göstəriciləri ola bilər. O geyimlərin materialına diqqət yetirmək lazımdır ki, onlar sırf dəriyə təmas edir. Dəriyə toxunur. Kürk elə bir geyimdir ki, onun dəriyə təmas etməsi elə də olmur. Sadəcə, süni dərilərin təbiilərə nisbətən allergiya yaratmaq ehtimalı daha çoxdur".
Mənbə: Ekspress.Az