Qadin.NET / Azərbaycanın təhsil müəssisələrində yeni akkreditasiya sistemi yaradılacaq

Azərbaycanın təhsil müəssisələrində yeni akkreditasiya sistemi yaradılacaq

 

"Təhsil müəssisələrinin yeni akkreditasiya, təhsil sahəsində dövlət-biznes tərəfdaşlığı sistemləri yaradılmalıdır. Biz nəzərə almalıyıq ki, təhsilalanın bilik, bacarıq və vərdişləri əmək bazarının tələblərinə müvafiq olmalıdır. Bu da işəgötürənin təhsil mühitinə cəlb olunması ilə bilavasitə bağlıdır". Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov"Azərbaycan" qəzetinə müsahibəsində deyib. Nazirin sözlərinə görə, Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında bu məsələyə xüsusi yanaşma var. M.Cabbarov bildirib ki, ümumiyyətlə, təhsildə əsas meyar, başlıca düşüncə müəllimlə bağlı olmalıdır: "Biz onu bilirik ki, nə qədər yüksək səviyyəli infrastruktur, tədris vəsaiti, maliyyə imkanları olsa da belə, keyfiyyətli müəllim olmadan təhsili inkişaf etdirmək mümkün deyildir. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşması, əsasən, müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır". Nazirin sözlərinə görə, təhsil islahatı uğurla aparılan ölkələrdə müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılmasına və müəllim hazırlığının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir: "Müvafiq stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyəti artırılmalıdır. Yüksək nüfuzlu təhsilverənin formalaşdırılması istiqaməti üzrə həyata keçiriləcək tədbirlər sırasına müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistemin yaradılması daxildir. Bu baxımdan təhsilverənlərin əlavə təhsili üzrə strukturların yaradılmasının stimullaşdırılması, pedaqoji heyət üçün yeni modul-kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılması və digər məqamlar da nəzərdən qaçırılmamalıdır. Bu istiqamətdə, həmçinin müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət siyasətinin inkişafına - səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazasında rəqabətqabiliyyətli əməkhaqqı sisteminin yaradılması, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılmasına dair bir sıra mühüm işlərin görülməsi də nəzərdə tutulmuşdur".

 

Mənbə: Milli.Az

23 noyabr 2013
GO BACK