Qadin.NET / İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?

İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?

 

Eyforiya insanın məmnuniyyət duyduğu və özünü yaxşı hiss etdiyi bir ruhi vəziyyətdir. Psixiatriyada eyforiya hər zaman patoloji məna daşıyır və çox vaxt beyinlə bağlı xəstəliklərin ilkin əlamətidir. Psixoloq Emil Bağırovun sözlərinə görə, eyforiya zamanı insan hədsiz və səbəbsiz yerə özünü şən və xoşbəxt hiss etməyə başlayır. Bu sindrom strukturuna görə mürəkkəbdir. Narkoz və ya narkozdan sonra da, oksigen çatışmazlığında da eyforiya vəziyyəti yaranır. Bu cür vəziyyət qandakı spirt miqdarıyla əlaqədar olaraq da meydana gələ bilər. Ayrıca morfin, meperidin və daha az olmaqla birlikdə metadon kimi narkotik ağrıkəsicilər də eyforiyaya səbəb ola bilər. "Əgər eyforiya zamanı əhvalın yüksəlməsi ilə yanaşı, şəxsdə çox hərəkətlilik, psixi fəallıq müşahidə olunursa, maniakal vəziyyətdən xəbər verir. Bu cür eyforiya vəziyyəti maniakal sindromun strukturuna daxildir", - deyən E.Bağırov bildirir ki, bu cür vəziyyətlərdə, psixi fəallıq müşahidə olunur. Somatogen eyforiya zamanı isə əksinə, aşağı düşməyə başlayır. İnsan özünü xoşbəxt hiss edir, narahatlıqları, problemləri sanki onu tərk edir. Patoloji şən əhval-ruhiyyə müşahidə olunur. "O, hər şeyə pozitiv baxmağa başlayır. İnsan o qədər şən olur ki, ətrafda baş verən xoşagəlməz hadisələr onun əhvalını poza bilmir. Patoloji hal ondan ibarətdir ki, eyforiya vəziyyətində olan şəxs neqativ və bədbəxt hadisələri belə sevinclə qəbul edir. Əgər xəstədirsə, öz xəstəliyinə qarşı da tənqidi münasibəti itir. Xəstə özünün pis vəziyyətdə olduğunu qəbul edə bilmir". Onun sözlərinə görə, kənardan eyforiya vəziyyətində olan şəxs çox xoşbəxt və sağlam görünə bilər. Lakin əslində səbəbsiz xoşbəxtlik psixi xəstəliklərin və sağlamlıqla bağlı problemlərin mövcudluğundan xəbər verir. E.Bağırov bildirib ki, pasientdə eyforiya müşahidə olunursa, şəxs yuxu dərmanlarından, spirtli içkilərdən istifadə etməməlidir: "Bəzi hallarda eyforiya zamanı pasient sadə suallara cavab verə bilir, çətin suallara isə cavab verməkdə çətinlik çəkir. Eyforiya vərəm xəstəliyinin son mərhələlərində və qarın yatalağı xəstəliyindən sonra da baş verir. Ümumiyyətlə, çətin müalicə olunan və ağır xəstəliklərin müalicəsindən sonra da insanda eyforiya müşahidə olunur. Bəzi psixi xəstəliklər də eyforiyanın yaranmasına səbəb ola bilər. Misal üçün, maniakal-depressiv psixoz zamanı insan eyforiya vəziyyətinə də düşə bilər". Mütəxəssis məsləhət görür ki, yaxınlarından kiminsə uzun müddət eyforiya vəziyyətində olduğunu görən şəxs diqqətli olmalıdır: "Belə ki, bəzi hallarda eyforiya ağır xəstəliklərdən xəbər verə bilər. Eyforiya vəziyyətini daxili qanaxma da yarada bilər. Əksər hallarda isə eyforiya affekt pozuntusu və maniakal sindrom zamanı yaranır. Onkoloji xəstəliklərin müəyyən mərhələlərində də xəstələrdə eyforiya özünü göstərir". Həmsöhbətimiz qeyd edib ki, eyforiya vəziyyətində olan şəxs reallığı olduğu kimi qəbul edə bilmir. O, özünü çox güclü və xoşbəxt hiss edir. Üzləşdiyi vəziyyəti real qiymətləndirə bilmir. Bu cür vəziyyətdə olan insan obyektiv düşünə və işlərinə lazımi diqqəti ayıra bilmir. O, özünü bu halda yaxşı hiss etsə də, öz davranışı ilə bir sıra problemlərin yaranmasına səbəb ola bilər. "Əgər insan uzun müddət eyforiya vəziyyətində olursa, mütəxəssisə müraciət etməlidir. Belə ki, spirtli içkilərdən istifadə, yuxu dərmanları və s. tərkibində narkotik maddələr olan vasitələrdən sui-istifadə eyforiyanın inkişaf etməsinə gətirib çıxara bilər", - deyən Bağırov bu zaman ilk növbədə, bu vasitələrin qəbulundan imtina edilməsini vacib sayır. Dediyinə görə, əgər eyforiya psixi və somatik xəstəliklərin nəticəsidirsə, diqqət bunu yaradan əlamətlərin aradan götürülməsinə yönəlməlidir. Onun sözlərinə görə, fiziki və ruhi sağlamlığı ilə ciddi problemləri olmayan insanlarda da eyforiyaya bənzər hal müşahidə olunur: "Bu zaman şəxs çox gülür, şənlənir, əhvalının yüksəlməsi ilə diqqəti cəlb edir. Bu halda insan kiminsə əhvalını soruşar və cavaba qulaq asmaya da bilər. Belə ki, eyforiya vəziyyətində insan sanki uçur. Baş verən hadisələrə pozitiv baxır, hər kəsə mehriban yanaşır, gülərüz olur. Bu cür hal insan xoş xəbər eşidəndə, arzularına çatanda, sevdiyi insanla görüşəndə, evlənmək təklifi alanda və s. baş verir". 

 

Mənbə: Ekspress.Az

22 noyabr 2013
GO BACK