"I sinfə gələn məktəbəqədər hazırlıq keçmiş şagirdIə hazırlıq keçməyən şagird arasında fərqin olması aydındır. İbtidai təhsildə alına bilməyən bazanın sonradan yuxarı siniflərdə hansı nəticələrə səbəb olacağı da məlumdur. Ona görə də bu sahədə də islahatlara hazır olmalıyıq". Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Şurasının ümumi yığıncağında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanda ümumi təhsil sistemində akademik il 32 həftədən ibarətdir. Orta Avropa göstəricisinə görə isə akademik il 38 həftədir: "Akademik il ərzində 6 həftə fərqin nə demək olduğunu deməyə ehtiyac yoxdur. Əgər ölkədə bu akademik ilin 32 həftədən ibarət olduğunu qəbul ediriksə, o zaman onun nəticələrini də qəbul edirik. Çünki biz şagirdə biliyi 32 həftə ərzində veririk". M.Cabbarov deyib ki, bu gün məktəblərdə şagirdlərin akademik yüklənməsi ilə bağlı mövcud olan məsələlərə yenidən baxılmalıdır. Bu gün məktəblərdə dərs yükü xüsusilə yuxarı siniflərdə yüksəkdir. Yuxarı siniflərdə şagirdlər seçəcəkləri ixtisaslara dair əlavə biliklər əldə etmək üçün daha çox çalışmalı olurlar. Nazir qeyd edib ki, şəxsiyyət yönümlü təhsil yalnız dərsliyin və onun içində yazılanın dəyişdirilməsi ilə kifayətlənmir. Bu təhsilverənlə təhsilalan arasında ünsiyyətin təbiətinin də dəyişilməsini tələb edir: "İllərlə, 10 illərlə vərdiş olunmuş işə yanaşmaların yenidən baxılması və yeni məzmunun məqsədindən necə istifadə edilməsi əsasdır. Təhsil sistemində mövcud olan müəllim ordusu, ali məktəblərdə, orta ixtisas təhsilində yeni məzmunun, məqsədlərin nədən ibarət olduğunu çatdıra bilirikmi və bu, gündəlik fəaliyyətdə hansı məsələlərin həllini tələb edir? Biz bu barədə düşünməliyik".
Mənbə: Milli.Az