Ombudsman Elmira Süleymanova bu günlərdə yaradılmasının 20 illiyi qeyd olunan "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif edilib.Trend-in Ombudsman Aparatının mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, həmin qurumun İdarə Heyətinin üzvü olan Müvəkkil bu mükafata Azərbaycan və qazax xalqları arasında sülh və dostluğun möhkəmləndirilməsində böyük töhfələrinə, milli-mənəvi dəyərlərin təbliğində fəal iştirakına, insan hüquqlarının müdafiəsi və təmin olunması sahəsində xidmətlərinə görə və "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyətinin yaradılmasının iyirmi illiyi münasibətilə layiq görülüb. "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyətinin prezidenti, professor Eldar Günaydın bu mükafatı İnsan Hüquqları üzrə Müvəkkilə təqdim edib. Qeyd olunmalıdır ki, ölkəmizdə hələ iyirmi il əvvəl yaradılmış və səmərəli fəaliyyət göstərən "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyəti hər iki müstəqil respublikanın ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edir. Bu qurum müstəqillik illərində iqtisadiyyat, elm və mədəniyyət, həmçinin insan hüquqları sahəsində böyük nailiyyətlərə imza atmış iki qardaş dövlət arasında qarşılıqlı əlaqələrin, dostluq və tərəfdaşlığın daha da möhkəmləndirilməsinə kömək edir, öz töhfələrini verir.
Mənbə: Milli.Az