"Dinimiz bir, mədəniyyətimiz bir, adətlərimiz bir..." Bu sözləri İrandakı dövlət ərkanı, ictimai xadimlər və siyasətçilər Azərbaycanla bağlı rəsmi toplantılarda, müsahibələrində, açıqlamalarında söyləyirlər. İsrarlı iddianın özü mübahisəli olsa da, rəsmi Tehranın Bakı ilə bağlı münasibətlərinin xoş və səmimi olmasının göstəricisi sayıla bilərdi. Amma nə yazıq ki, belə deyil. Farslar demişkən, belə ifadələrdən çi fayda, çünki Tehran rəsmilərinin Azərbaycanla bağlı sözləri və əməlləri arasında ciddi fərqlər müşahidə olunur. İş o yerə çatır ki, İranın hakimiyyət dairələri Azərbaycanı parçalamaq, separatçı meylləri gücləndirmək vasitəsilə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə xələl gətirmək istəyən ayrı-ayrı şəxslərlə yanaşı, qrupları və təşkilatları himayə edir. Milli.Az-ın əldə etdiyi məlumatlara görə, İran İslam Respublikasının hakimiyyəti Gilan Vilayətinin sosial-iqtisadi vəziyyətini inkişaf etdirmək adı altında 07.10.2013-cü ildə dövlət büdcəsindən ayırdıqları 2 milyard 600 milyon ABŞ dollarının böyük qismi AR-ə qarşı separatçı fəaliyyət göstərən qondarma "Dağlıq Qarabağ Respublikası"ndakı "Çi Tolişoni Sədo" (Talışıstanın səsi) və Rəşt şəhərindəki "Tolişi sədo" (talışın səsi) radiolarına, eləcə də "Talış Strateji Araşdırmalar Mərkəzi", "Talış Nes Agensy", "Talış Ağsaqqallar Şurası", "Azəri-Talış Milli–Mənəvi Dəyərlər İctimai Birliyi", "Rusiya İrandilli Xalqlar Konqresi", "Rusiya Talış Milli Mədəni Muxtariyyyəti Federal Konqresi" və "Rusiya Şiələr Federasiyası" kimi təşkilatların maliyyələşdirilməsinə yönəldilib. Bütün bunlar iranlı rəsmilərin Azərbaycanla bağlı bəlağətli açıqlamalarından fərqli olaraq, faktlardır. Ümid etmək istərdik ki, sadalanan faktlar İranın ölkəmizlə bağlı siyasətini əks etdirmir və ayrı-ayrı məmurların mövqeləri ilə yanaşı, İran-Azərbaycan münasibətlərini sərinləşdirməyə, iki qonşu ölkə arasında təfriqə yaratmağa çalışan qüvvələrin fəaliyyətidir. Belədə rəsmi Tehran reallıq hissini unudaraq Azərbaycan bir yana - İranın özünə problemlər yaradacaq şəxslərlə qurumların fəaliyyətini araşdırmalıdır. Əks halda İran rəsmilərinin Azərbaycana ünvanlanmış "səmimi və xoş" sözlərinə dərin şübhələr yarana bilər. Tehran gec də olsa, bunu anlamalıdır.
Mənbə: Milli.Az