Sumqayıt şəhərində Azərbaycanın dahi dramaturqunun xatirəsi təhqir olunur. Cəfər Cabbarlının 5-ci mikrorayon ərazisində yerləşən büstü adına yaraşmadığı günlərini yaşayır. Milli.Az-ın məlumatına görə, 2005-ci ilədək Sumqayıtın mərkəzində yerləşən büst sonradan bina tikilməsi ilə əlaqədar şəhərin daha ucqar yerinə, 5-ci mikrorayona köçürülsə də, orada daha da bərbad vəziyyətə düşüb. Büstün postamentinin mərmər örtüyü dağılıb. Dramaturqun adı yazılan lövhə isə qopub, onun yerinə isə adına layiq olmayan sözlər yazılıb. Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Namiq QafarovMilli.Az-a açıqlamasında bildirdi ki, şəhər rəhbərliyi məsələdən məlumatlıdır. Büstün yerləşdiyi xiyaban və küçə, eyni zamanda park əsaslı təmir olunacaq. İdarə rəhbərinin sözlərinə görə, C.Cabbarlının büstü normal vəziyyətdə olsa da, postamentinin daşları qopub. Bu isə gələcəkdə bərpa olunacaq.
Mənbə: Milli.Az