Qadin.NET / Xəstəliyim yoxdur, amma xəstəyəm...

Xəstəliyim yoxdur, amma xəstəyəm...

 

Müxtəlif şikayətlərlə doktora gedərək gözləmədiyiniz halda: “Sizdə bir şey yoxdur” cavabı almısınızmı? Tibbi dillə desək, bunun adı psixosomatik xəstəlikdir. Səbəbi psixoloji olan orqanik xəstəliklərə psixosomatik xəstəliklər deyilir. Araşdırmalar göstərir ki, psixosomatik xəstəliklərin təsirləri fiziki olsa da, mənbəyində insanların içlərinə vurduqları dərd-sərləri, psixoloji problemlər durur. Stress və həyəcan əksər xəstəliklərin tətikləyicisi kimi qəbul edilsə də, bəzən durum bundan da artıq ola bilir. Məsələn, sözlə ifadə edilə bilməyən ruhi sıxıntılar bədəndə bir narahatlıq şəklində özünü göstərir. Hətta bəzi insanlar çox zaman gerçəkdə mövcud olmayan bir xəstəliyin şikayətini edirlər.
 Vəziyyətdən çıxış yolu varmı?
Həkimlər insanların üzləşdikləri bu vəziyyəti təxminən belə izah edirlər: tutaq ki, bir insan ailədə və ya cəmiyyətdə üzləşdiyi hansısa bir problemlə əlaqədar narahatlıq, stress keçirir, travma alır, uzun müddət həyəcan keçirir və bu sıxıntıları əgər belə demək mümkünsə, içinə vurur, ətrafdakılara isə bu barədə heç nə demir. Həmin şəxs bununla məsələni ötüşdürməyə çalışsa da, əslində vəziyyəti daha da qəlizləşdirmiş olur. Belə ki, orqanizm özü bu vəziyyətə “çarə tapmağa” və ya hansısa uyğun bir yol tapmağa çalışır. Nəticədə, dilə gətirilməyən, ifadə edilə bilməyən duyğular həssas orqanların çalışma mexanizmində problemlər yaradır. Bu, ürək, mədə və bağırsaq xəstəlikləri ilə yanaşı, əzələ və oynaq ağrıları, astma, təzyiq və allergiya xəstəlikləri şəklində də özünü büruzə verə bilir. Amma maraqlıdır ki, həkimlərə müraciət edildikdə fizioloji araşdırmalardan sonra onlar “orqanizminizdə hər hansı problemlər yoxdur” cavabı verirlər. Bəs bu halda nə etmək lazımdır? Vəziyyətdən çıxış yolu varmı?
Psixoloji sıxıntılardan qaynaqlanan xəstəliklər
Ruhi narahatlıqlara və stresə qarşı həssas olan orqan insandan insana, orqanizmdən orqanizmə dəyişə bilir. Məsələn, kiminin ürəyi ağrıyır, kimininsə mədəsində problem yaranır. Psixoloji çətinliklərin psixosomatik sıxıntılarını aşağıdakı kimi sıralamaq olar.
- Mədə narahatlığı. Araşdırmalara görə, stresin təsir etdiyi orqanların başında mədə gəlir. Bəli, bəlkə də bu məlumat sizə qəribə gələ bilər, ancaq reallıq bunu göstərir. Yaşanan xəyal qırıqlığı və üzüntülərlə əlaqədar mədədə xlorid turşusu çoxalır və mədə normadan çox aktivləşir. Bu isə insanda narahatlığa səbəb olur. Bundan başqa, mədədə xora əmələ gəlir. Hətta əvvəllər mədədə baş vermiş xəstəliklər də təkrarlana bilir.
- Dəri xəstəlikləri. Çox qəribədir ki, dəri xəstəlikləri az qala yüzdə 80 faiz stresdən qaynaqlanır. Sızanağın meydana gəlməsində də psixosomatik narahatlıqların təsiri böyükdür.
- Bağırsaqdakı narahatlıqlar. Yaşanan ayrılıqlardan və travmalardan yaranmış üzüntü ətrafındakı insanlara qarşı hədsiz diqqətli olan və küsəyən şəxslərdə bağırsaq xəstəlikləri formasında özünü biruzə verir. Araşdırmalar nəticəsində məlum olub ki, bağırsaq narahatlığı yaşayan insanların ən azı 20 faizi bir zamanlar həyatlarının hansısa mərhələsində depressiv pozuntu yaşayıblar.
- Həzm sistemi problemləri. Duyğusal anlamda yaşanan problemlər daha çox iştahasızlıq, həzm sistemindəki problemlərlə müşahidə olunur.
- Tənəffüs sistemi xəstəlikləri. Duyğusal stress infeksiya və allergiya ilə yanaşı, astma xəstəliyini də tətikləyir.
- Əzələ ağrıları. Davamlı stress, kürək ağrıları başda olmaqla, özünü səbəbsiz əzələ ağrıları şəklində də göstərə bilir.
İki istiqamətli müalicə şərtdir
Bu vəziyyətlərdə xəstəliyin fizioloji, yoxsa psixosomatik olduğunu müəyyənləşdirmək, təyin etmək heç də asan deyil. Bu səbəbdən görüləcək ilk iş doktora gedib xəstəliyin səbəbini müəyyənləşdirmək olmalıdır. Aydınlaşdırılmalıdır ki, xəstəlik orqanikdir, ya yox. Əgər fiziki olaraq bir səbəb müəyyənləşdirilə bilmirsə, o zaman mütəxəssisin yardımı ilə bədəndən gələn siqnalları psixiator yardımı ilə çözmək lazımdır. Bir daha qeyd edək ki, bu məqamda yalnız psixoloji müalicə çözüm olaraq yetərli deyil. Ən yaxşısı iki istiqamətli müalicədir, yəni həkim və psixoloq müalicəsi. “Xəstəliyim ruhi problemlərdən qaynaqlanır, doktora getməyimə gərək yoxdur” düşüncəsi çox xətalıdır...
Mənbə: Zaman Azərbaycan
21 noyabr 2013
GO BACK