Qadin.NET / 30 yaş böhranı

30 yaş böhranı

 

30 yaşında həm qadınlar, həm də kişilər həyata başqa cür baxırlar. Psixoloqlara görə, bu keçid dövrünü pis keçirən adamlar işgüzar və şəxsi həyatlarında ciddi problemlərlə üzləşirlər. Psixoloq Elnurə Bağırovanın sözlərinə görə, 30 yaşında insanlar adətən özləri də dəyişməli olduğunu, 20 yaşındakı kimi ola bilməyəcəklərini anlayırlar. Bu isə daxili konfliktlərin və narahatlıqların yaranmasına səbəb olur ki, bu dövrü çətin keçirən insanların davranışında dərin iz buraxır. "Bu dövrü çətin keçirənlər üçün daim keçmişə görə peşmançılıq hissi də xasdır". Dediyinə görə, 30 yaş böhranının ilk əlamətləri artıq 28 yaşında özünü göstərməyə başlayır. İlk hisslər, xüsusilə də qadınlarda yaşlanma ilə bağlıdır. "Qadınlar bu yaşda artıq gənclik dövrünün geridə qaldığını anlamağa başlayırlar. Və bu keçid dövrünə heç də hamı hazır olmur. Çoxları bu dövrdə həyatlarına görə narazı olmağa başlayırlar. Bir çox şeyləri etmək üçün artıq gec olduğunu da anlayırlar. Bəziləri 30 yaşına yaxınlaşdıqda daha çox çalışmağa, fəal həyat tərzi sürməyə başlayırlar". Psixoloq deyir ki, bəzilərisə bir növ yaşlanmanın artıq yaxınlaşmasından qorxuya düşür və daha dəyişkən həyat tərzi sürür, iş yerini dəyişir, yeni insanlarla da tanış olur. Bu yaş dövrü üçün baş verən hadisələrə, mənəvi dəyərlərə və davranışa olan qiymətləndirmə dəyişir. İnsanın özündən asılı olmadan dünyaya baxışı dəyişir. Həyatında çatışmayan cəhətləri düzəltməyə cəhd edir. Qeyd edək ki, 30 yaşında insan məqsədlərini, ixtisas seçimini, prinsiplərini yenidən düşünür və 10-20 ildən sonra nələrə nail olmaq istədiyi barədə fikirləşir. Yaş dövrü böhranlı hesab olunsa da, insan həm müsbət, həm də mənfi keyfiyyətlər qazana bilər. E.Bağırovanın sözlərinə görə, bu yaş dövründə qadınlar xarici görünüşünə çox fikir verir, hansısa mənfiyə doğru dəyişikliklərin yaranmasından ehtiyat edirlər. Kişilərsə bu dövrdə daha çox işləri barədə düşünürlər. Bəzən seçilən fəaliyyət sahəsi kişiyə uğur qazanacağı hissi vermir. "Bu yaş dövrünə kişilər fərqli reaksiya verirlər. Bəziləri bu dövrdə daha çox çalışır, bəziləri isə planlarının gerçəkləşmədiyini görüb ruhdan düşür. İşinə və şəxsi həyatına qarşı marağı azalır. Daha passiv həyat tərzi sürməyə başlayırlar". Həmsöhbətimiz bildirib ki, bu keçid dövrünü pis keçirən adamların şəxsi və işgüzar həyatlarında bir sıra problemlər baş verir. Məhz bu yaş ərəfələrində evli olan cütlüklər ayrılır, bəzilər işini və ya dost-tanışlarını itirirlər. Bəziləri isə bu dövrdə stresslə çox üzləşdiyindən xəstəliyə də düşür. 30 yaşında insanların sosial həyatdakı rolları da dəyişir. Əgər gənc yaşlarında insanlar daha çox ailə qurmaq haqqında düşünürdülərsə, 30 yaşından sonra karyera və maddi vəziyyətləri barədə fikirləşirlər. Lakin 30 yaşa qədər karyera və ciddi olmayan münasibətlər barədə düşünənlər isə 30 yaşından sonra ailə qurmaq və özünü ailəsinə həsr etmək istəyir. Bəziləri bu dövrdə həyatlarını daha maraqlı etmək və asudə vaxtlarını səmərəli keçirmək üçün özlərinə yeni məşğuliyyət tapırlar. Məsələn, toxumaq, tikiş, müxtəlif əl işləri düzəltmək və ya nəyisə kolleksiya etmək. Bağırova deyir ki, 19-20 yaşda ailə həyatı quran xanımlar bütün xoşbəxtliyini ailələrində görürlər: "Lakin üstündən 10 il keçəndən sonra uşaqlar böyüyür və öz-özlərinə qulluq etməyə başlayırlar. Onların öz həyatları olur və anaları ilə artıq az vaxt keçirməyə başlayırlar. Həyat yoldaşı ilə münasibət də artıq stabildir və ilk illərdəki kimi həyəcanlandırmır. Bu səbbəblər üzündən qadın hər şeydən qıcıqlanmağa, çox deyinməyə başlayır. Həyata marağı azalır. Bu yaşda qadınlar həyat yoldaşlarından şübhələnməyə və onu səbəbsiz yerə də qısqanmağa başlayır. Lakin işgüzar xanımlarda da bu böhranlı yaş dövrünün əlamətləri özünü göstərir. Bu yaş dövründə həm şəxsi, həm də işguzar həyatda olan çətinliklər insana daha pis təsir edir. Kimin zəif yeri nədirsə, ona görə fikir çəkir. Misal üçün, ailə həyatı qurmayanların əsas problemi bu istiqamətdə olur". Onun dediynə görə, bu dövrü çətin keçirənlər, ruh düşkünlüyünə düşənlər ilk növbədə artıq gənc qız və ya oğlan olmadıqlarını dərk etməlidirlər. İkinci addım isə keçmişdə baş verənləri keçmişdə qoymaq və yeni həyata başlamaqdır: "Təsəvvür edin ki, xoşagəlməz hadisələr, keçmişdəki səhvlər arxadadır və onları qapı arxasında qoyun. İrəlidə isə yeni məqsədləriniz və arzularınız var. Onlara çatmaq üçün siz keçmişi keçmişdə qoymalı və gələcəyinizi keçmişinizlə yükləməməlisiniz. Yaxşı olar ki, bu yaşda insan öz fikirlərini və həyat tərzini təhlil etsin. Bəlkə o, öz istədiklərini deyil, valideynlərinin, həyat yoldaşının, dostlarının və ya uşaqlarının istədiklərini edir. Bu səbəbdən də əhvalı daim pis olur, psixoloji problemlər yaşayır". 

 

Mənbə: Ekspress.Az

21 noyabr 2013
GO BACK