Qadin.NET / "Bağçaların əsas məqsədi öyrətmək deyil, sevdirməkdir"

"Bağçaların əsas məqsədi öyrətmək deyil, sevdirməkdir"

 

Uşaqların ilk güvəndiyi, bel bağladığı və ehtiyaclarını qarşılayan varlıq anasıdır. Sonra da ata və digər yaxınları... Ancaq zaman keçdikcə bu bağlılıq fərqli yönlərdə inkişaf edir. Məktəbəqədər təhsil, vahid təhsil sisteminin ilk pilləsi olmaqla uşaqların intellektual, fiziki və psixoloji inkişafında, onların şəxsiyyətinin formalaşmasında və məktəbə hazırlanmasında xüsusi əhəmiyyətə malikdir. Uşaqlar 2-3 yaşa gəldikdən sonra hər gün fərqli əyləncələr kəşf etməyə, yeni dostlar axtarmağa, fərqli maraq dünyalarına baş vurmağa meylli olurlar. Hər nə qədər valideynlər uşaqlara zaman ayırsalar da, öz yaşıdları ilə keçirdikləri vaxt, paylaşdıqları sevinclər onların yetişməsində müsbət mənada daha fərqli nəticələrə yol açır. Hələ uşaq yaşlarından dostluq anlayışını uşaqlara aşılamaq, insanlarla necə ünsiyyət qurmağı, onlara qarşı düzgün münasibəti öyrənmək, məktəb öncəsi təlim-tərbiyəyə sahib olmaq üçün valideynlər övladlarını bu yaşlarından məktəbəqədər təhsil müəssisələrinə - bağçaya göndərməyə çalışırlar. Məktəbəqədər təhsil müəssisələri nə üçün fəaliyyət göstərir? Uşaqlara nə öyrədir? Bağça təhsili görmüş uşaqlarla, ev mühitində böyüyən uşaqların ictimai mühitdəki fəallığı arasındakı fərqlər nələrdir? Bu suallara müəyyən qədər aydınlıq gətirməyə çalışdıq.
 “Bağçada sevgi ilə keçirilən dərslər, məktəb dövründə öz keyfiyyətlərini göstərir”
Məktəbəqədər təhsil kurslarının uşaqları məktəb dövrü təhsilinə hazırlamaq üçün bir keçid dövrü olduğunu deyən Azərbaycan Beynəlxalq Təhsil mərkəzi, Qafqaz Beynəlxalq Təhsil Kompleksi məktəbəqədər hazırlıq kursunun müdir müavini Kəmalə İsmayılova uşaqların bu mərhələni dəyərləndirməsində fayda olduğunu bildirdi: “Hər uşağın yetişdiyi mühit, onun yetişmə tərzi müxtəlifdir. Eyni olan isə onların təhsil müəssisələrində bir araya gələrək bir çox ortaq düşüncəyə sahib olmasıdır. Məktəbəqədər təhsil müəssisələri uşaqları əqli, fiziki, psixoloji və emosional cəhətdən məktəbə hazırlayır”. Bunları nəzərə alaraq müsahibim uşaqların bu istiqamətdə inkişaf etməsi üçün onlara müxtəlif fəaliyyət növləri təşkil etməyin müsbət nəticə verəcəyini bildirdi: “Məsələn, mən onu qeyd etmək istərdim ki, bizim təhsil müəssisəsində uşaqlara bu istiqamətdə musiqi, rəqs, şahmat dərsləri keçirilir. Danılmaz faktdır ki, bu tip fəaliyyətlər onların sosial bacarıqlarının formalaşmasında nəticəsiz qalmır”. Azyaşlı uşaqlara xarici dil dərslərinin keçirilməsi onlarda zehni yorğunluğa səbəb olur düşüncəsi ilə Kəmalə xanım razılaşmadı: “Əvvəllər düşünürdüm ki, aşağı yaş dövrü uşaqlar üçün xarici dilin effekti yetəri qədər olmaz. Ancaq, uşaqların dil öyrənmə cəhdləri, onların ingilis dilində geniş təsəvvürə malik olması məni bu fikrimdə yanıltdı. Öyrənmək bir yana dursun, bizim məqsədimiz bu müddətdə ingilis dilini uşaqlara sevdirməkdir”. K.İsmayılovanın təhsil alan uşaqların günlük proqramına hansı dərslər daxildir sualımıza cavabı maraqlı oldu: “Bağçaların əsas məqsədi öyrətmək deyil, sevdirməkdir. Bağça dövründə sevgi ilə təməli qoyulan dərslər, məktəb dövründə öz keyfiyyətlərini göstərir. Ola bilər ki, bağça müddətində aldığı təhsil aşağı olsun. Amma əsas odur ki, bu müddət ərzində təhsilə yaranan sevgi ilə məktəb müddətində öyrənməyə daha çox meylli olurlar”.
“Bağça təhsili uşaqlara məsuliyyət hissi aşılayır”
Uşaqları kateqoriyalara ayırmağın doğru olmadığını deyən K.İsmayılova bağça təhsili görmüş uşaqlarla, ev mühitində böyüyən uşaq arasında o qədər də fərq olmadığını desə də, uşaqlarda müəyyən xarakterlərin formalaşmasında bağça mühitinin müsbət rol oynadığını bildirdi: “Uşaqlar sosial fəaliyyətə meyilli olduqları üçün ev mühitində də böyüsələr, aktivlik baxımından bağça təhsili almış uşaqlardan geri qalmırlar. Ancaq bir məsələ var ki, mütəmadi olaraq bağçaya gələn uşaqlar ailədən uzaq qalma alışqanlığına, özlərini inkişaf etdirmə, davranışlarına nəzarət etmə xüsusiyyətlərinə yiyələnirlər. Ancaq əks halda, yəni, ev şəraitində böyüyən uşaqların öz ehtiyaclarını özləri qarşılama kimi halları daha aşağı olur. Məsələn, uşaq üstünə yemək dağıdanda onu evdə ya ana ya da dayələri təmizləyir. Ancaq bağça şəraitində olan uşaq bu alışqanlığa yiyələnir və bu kimi problemləri özü həll etməyi öyrənir. Bu da uşaqda məsuliyyət hissinin formalaşmasına kömək edən başlıca amillərdən biridir. Eyni zamanda balacalar bu yaşdan etibarən rejim anlayışını qəbul edib, məktəbə də psixoloji olaraq hazır vəziyyətə gəlirlər”. Uşaqların bağçaya marağının artmasında valideynlərin də böyük rolu olduğunu bildirən müsahibim evdə uşaqlarla yaxın münasibətdə olmasını məsləhət gördü: “Bəzən olur ki, valideyn işdən yorğun gəlir, bağçadan uşağı götürür, evə gedən kimi hər kəs öz işi ilə məşğul olur. Uşaq da qalır bir qıraqda. Bu da onlarda müqayisə aparmağa yol açır və istər istəməz psixoloji qırıqlıq yaradır. Valideynləri bu mövzuda həssas olmağa dəvət edirəm. Axşamlar uşaqların tapşırıqlarını bərabər həll etməli, onların düşüncələri, maraqları ilə yaxından tanış olmağı, eyni zamanda mütəmadi olaraq təhsil müəssisələri ilə yaxından əməkdaşlıq etmələrini valideynlərə məsləhət görərdim”.
“Məktəbəqədər təhsil məktəbə addım üçün təkan rolunu oynayır”
Məktəbəqədər təhsilin uşaqların məktəbə başlamasında hansı psixoloji təsirləri olduğunu öyrənmək üçün Psixologiya və Konsultasiya mərkəzinin psixoloqu Elnur Rüstəmovdan fikir aldıq: “Bağçalar uşaqların gələcək inkişafında bilavasitə müsbət rol oynayır. Belə ki, uşaqların bağça təhsilindən məhrum olmaları onların ictimaiyyətdə güvən azlığına, cəmiyyətdə fəal iştirak etmələrinə, dostlar arasında aktiv olmalarına problem yaradır. Buna görə də hesab edirəm ki, bağça təhsili uşaqların bu yaş dövründən yan keçməməlidir”. Psixoloq ancaq peşəkar kadrların fəaliyyət göstərdiyi bağçalarda uşaqlar bu keyfiyyətləri əldə etməyin mümkünlüyündən danışdı: “Valideynlər bu nöqtədə həssas olmalıdırlar. Seçdikləri bağçalarda kadr keyfiyyəti uşaqlar üçün çox önəmlidir. Bağça ilə tez- tez təmasda olmaq, müəllimlərlə əlaqə saxlamaq, eyni zamanda evdə uşaqlarla da bağçada nə ilə məşğul oldun, bu gün nə etdiniz kimi suallarla xitab edərək məlumatlanmağı məsləhət görərdim”. E. Rüstəmov uşaqların kompyuter dərslərinə diqqət ayırılmasının müsbət addım olduğunu vurğulasa da, uşaqlarda psixi və fiziki yorğunluğa səbəb olmaması üçün gün ərzində sadəcə 40- 45 dəqiqə bu dərsə vaxt ayırılmasının kifayət etdiyini bildirdi. İş həyatını sistemli şəkildə qurub, ancaq onun çərçivəsində hərəkət edən ailələrdə uşaqların ikinci planda olması onların psixologiyasında mənfi izlər buraxmaması üçün psixoloq bu mövzuda valideynləri son dərəcə həssas olmağa çağırdı: “Elə ailələr var ki, uşağı bağçaya aparıb gətirir və işinin bitdiyini zənn edir. Ancaq bu belə olmamalıdır. Uşaqla dialoqa girməli, onun fikirlərini dəyərləndirməli, öyrəndiklərini paylaşma imkanı tanımalıdırlar. Yoxsa səssizliyi təmin etmək üçün onları yatızdırıb televizor qarşısında əyləşməyi qətiyyən doğru düşüncə hesab etmirəm. Bağçada göstərilən münasibət, evdə də göstərilməlidir. Əks halda onlarda ailəyə qarşı soyuqluq duyğuları da yarana bilər”.
 “Bağçalar məktəb müəllimlərinin və valideynlərin işini yüngülləşdirir”
Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru Rəfail Həsənov da bu təhsil müəssisələrinin uşaqların ictimai həyatındakı rolunu inkar etmədi: “Bu yaş dövrü uşaqlarına bağça təhsili onların müsbət fikirli ictimai mühit formalaşdırmasında əhəmiyyətli rolu var. Bağça təhsili dövrü, uşaqların ilkin sosiallaşması dövrüdür. Onların mədəni dəyərlərinin, şəxsiyyətinin formalaşmasında, rəqabət hissinin yaranmasında bu dövr əhəmiyyətli rola malikdir. Ancaq bu yaş dövrünü dəyərləndirməli, uşaqları müsbət vərdişlərə yiyələnmələri üçün nəzarət edilməlidir”.  R. Həsənov bağça təhsili görmüş uşaqların məktəb dövründə müəllimlərinin və valideynlərin işini asanlaşdırdığını bildirdi: “Bəzən birinci sinfə yeni başlayan şagirdlər ilk dərs günlərinə ağlayaraq başlayırlar. Bu onlarda ailədən uzaq qalma düşüncəsini ilk dəfə yaşadıqları üçün baş verir. Ancaq məktəbəqədər təhsil bu kimi hallara da onları hazırlaşdırmış olur. Uşaqların kiçik yaşlarından bəzi vərdişlərə yiyələnməsi, onlarda yaş artdıqca daha da formalaşmağa başlayır. Buna görə də onların bağçada gördükləri təhsil, müəllim-şagird münasibətləri, yoldaşlıq, dostluq duyğuları artıq onlar üçün tanış terminlərdir”. Məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb, İcra Hakimiyyətinə verilməsinə də sosioloqun münasibətini öyrəndik: “Mənim fikrimcə bu doğru addım deyil. Çünki, təhsil müəssisələri Təhsil Nazirliyinə tabe olmalıdır. Hesab edirəm ki, bu müəssisələr Nazirliyin təhsil haqqında verdiyi qanun və göstərişlərdən kənarda qalmamalıdır”.
Mənbə: Zaman Azərbaycan
21 noyabr 2013
GO BACK