Qadin.NET / Politoloq: "Azərbaycanda neft bumu qurtaranda ölkəmizin qızıl-valyuta ehtiyatı minimum 350 milyard dollar hüdudlarında olacaq"

Politoloq: "Azərbaycanda neft bumu qurtaranda ölkəmizin qızıl-valyuta ehtiyatı minimum 350 milyard dollar hüdudlarında olacaq"

 

"Azərbaycanda neft bumu qurtaranda ölkənin qızıl-valyuta ehtiyatı minimum 350 milyard dollar hüdudlarında olacaq. Ermənilər məhz Azərbaycanda neft bumunun qurtaracağını gözləyirlər, neft-qaz bumu qurtaracaq, Azərbaycan əldə etdiyi pulu dağıdıb qurtaracaq, o vaxtadək ermənilər işğal etdikləri Dağlıq Qarabağ və 7 rayonu özlərində saxlayacaqlar, sonra isə onları öz adlarına sənədləşdirəcəklər". Trend-in məlumatına görə, bunu cümə axşamı keçirilən mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Politoloq hesab edir ki, bu, erməni özünüaldatmasının, erməni optimizminin kosmik parametrli ölçüləridir: "Azərbaycanın lap yaxınlarda "Şahdəniz-2" layihəsi bazası üzərində TAP marşrutu üzrə Avropaya satacağı qazın satış müqavilələri imzalandı. Satış müqavilələrinin ümumi dəyəri 200 milyard dollardır. Bu gün Azərbaycanın qızıl-valyuta ehtiyatı 50 milyard dollardır. Əlavə 100 milyard dollarlıq neft və qaz müqavilələrinə çox əsaslı ümidlərimiz var. İndi Azərbaycan Avropaya satdığı nefti və qazı həm də infrastruktur layihələrinə çevirir. Yəni Avropaya satdığımız neft və qaz həm də Azərbaycana daha uzunmüddətli əlavə gəlir gətirir. Azərbaycanla Avropa arasında infrastruktur layihələri barədə geniş danışıqlar erası başlayıb və bəzi müqavilələr imzalanıb. Avropa və Azərbaycan ölkəmizin qeyri-neft infrastrukturunu inkişaf etdirirlər". M.Əhmədoğlunun sözlərinə görə, Azərbaycan əlində olan vəsaiti modern, elm tutumlu, kommunikativ sahələrin inkişafına xərcləyir: "Azərbaycanın İKT sahəsi elə inkişafdadır ki, neft bumu qurtaran dövrdə Azərbaycan üçün neftdən gələn gəlir qədər qazanc gətirəcək. Azərbaycan bu gün təkcə Avropaya deyil, dünyanın sürətli inkişaf edən digər regionlarına, o cümlədən Cənub-Şərqi Asiya regionuna investisiya qoyur. Avropadakı neft-qaz strukturlarımızın ömrü 100 ildən çox davam edəcək. Eləcə də Azərbaycanın üç neft-qaz nəhəngi (Rusiya, İran və Türkmənistan) ilə qonşu olması da nəzərə alınmalıdır. Yalnız ermənilər və onların dəstəkçiləri bu üç dövlətlə Azərbaycanın daimi düşmənçiliyi barədə proqnozlar verə bilərlər". O, qeyd edib ki, yaxın illərdə Azərbaycanla Türkmənistanın çox faydalı, qarşılıqlı əməkdaşlığı başlaya bilər. Şərait bu iki dövləti eyni istiqamətə baxmağa vadar edir. Avropanın mərkəzində elə dövlət var ki, bu günədək qazlaşdırılmayıb. Azərbaycan indi o ölkəni qazlaşdıracaq və qaz infrastrukturuna sahib çıxacaq. Burada artıq təkcə uzunmüddətli pul qazanmaq deyil, həm də geosiyasi məsələlər də var: "Ermənistanın sabiq xarici işlər naziri V.Oskanyan bildirmişdi ki, vaxt gələcək, Azərbaycanın qızıl-valyuta ehtiyatı 4-6 milyard dollara çatacaq. O zaman Ermənistan üçün Azərbaycanın qabağında duruş gətirmək çətin olacaq. Bu gün Azərbaycanın qızıl valyuta ehtiyatı 50 milyard dollardır, 350 milyard dollara iddialıdır. 350 milyard dollarlıq qızıl-valyuta ehtiyatı isə bir neçə dəfə özünü artırmaq perspektivi yaradır. Ermənilərin kosmik parametrli özünüaldatma potensialı isə Ermənistan xalqını və dövlətini yerdən uzaqlaşdırıb kosmosa göndərəcək".

 

Mənbə: Milli.Az

21 noyabr 2013
GO BACK