Böyük şəhərdə yaşamağın müsbət tərəfləri ilə yanaşı, mənfilikləri də az deyil. Hər gün tıxaclar, səs-küy, çirkli ekologiya... Pik vaxtında küçə ilə addımlayan, tıxacda maşınını saatlarla saxlayıb yolun açılmasını gözləyən adamların simasında təbəssüm görmək çətindir. Belə məqamlarda kiməsə gülər üzlə salam versəniz, ən yaxşı halda həmin adamın təəccüblü baxışı ilə rastlaşacaqsınız. Belə bir məqamda işlədəcəyi qeyri-senzur ifadələri hələ demirik. Hər bir böyük şəhərdə insanların pik vaxtlarında keçirdiyi hisslər bir zamanlar bütün dünyanı bürümüşdü. 1973-cü ildə, ABŞ ilə SSRİ arasında gedən soyuq müharibənin ən qızğın vaxtında Maykl və Brayen Makkomak qardaşları maraqlı fikir irəli sürdülər. Onlar Misir ilə İsrail arasında baş vermiş münaqişəyə etiraz olaraq on nəfərlə salamlaşmağı və salamlaşdıqları daha 10 nəfərin də eyni sayda adamla salamlaşmağını təklif etdilər. Nəticədə dünyanın 180 ölkəsində bu ideya dəstək alıb. Həmin vaxtdan bəri dünyada bütün yaşların, sənətlərin sahibləri, böyük siyasi fiqurlar, iş adamları, tanınmış şəxslər bu günü qeyd edirlər. Soyuq müharibə dövründə Makkomak qardaşları gərginliyi azaltmaq üçün salamlaşma gününü qeyd etməyi təklif elədirlər.
Mənbə: Milli.Az