Həkim-infeksionist Aygün Həsənova Milli.Az-a açıqlamasında deyib ki, tetanus çöplərinə adi və gübrəli torpaqda, bostan ərazilərində daha çox rast gəlinir. Bu viruslar heyvanların nəcisində də artaraq çoxala bilir. Torpaqla kirlənmiş yaralar tetanus xəstəliyinə daha tez tutulur. Həmçinin əzələlər əzildikdə, yara vaxtında işlənib təmizlənmədikdə yoluxma ən yaxın limfa düyünlərinə yayılır. Xəstəlik tetanus mikroblarının əsasını təşkil edən toksinlərin çoxlu miqdarda sorulması nəticəsində inkişaf edir. Bu toksinlər hərəki sinirlər və qan vasitəsi ilə də yayıla bilir. Toksin, əsasən, beynin subkortikal hərəkət mərkəzində, nüvəsində və onurğa beyində toplanır. Ən ciddi təsiri isə mərkəzi sinir sisteminə göstərir. Qana keçən zəhərlənmə isə orqanizmə sürətlə yayılır. Halbuki təbii yoluxma nəticəsində xəstəlik belə sürətlə inkişaf etmir. Xəstəliyin inkubasiya dövrü 1 gündən 1 aya qədər təsadüfi hallarda 2 aya qədər çəkir. İnkubasiya dövrü qısa olduqda xəstəlik daha ağır keçir. Çünki belə hallarda toksin bədənə daha çox və tez yayılır. Ancaq xəstəlik hallarının çoxunda inkubasiya dövrü 7-15 gün çəkir. Xəstəliyin mənbəyi torpaq olduğu üçün tetanusa, demək olar ki, yayda təsadüf edilir. Məhz bu fəsildə xəstəlik törədən mikroblar istinin təsirindən aktivləşir. Tetanus tipik yara infeksiyasıdır. Bəzən əhəmiyyətsiz sıyrıntılar nəticəsində, epileptiklər öz dillərini dişlədikdə, doğuş zamanı qadın zədələndikdə, ketqut kifayət qədər steril olmadıqda da əməliyyatdan sonra tetanusa yoluxmaq mümkündür.
Məcburi gülümsəmə
Həkim-nevropatoloq Leyla Vəliyevanın sözlərinə görə, tetanus zamanı əzələlər olduqca gərginləşib sıxılır və yığılır. Xəstəlik bir qayda olaraq çeynəmə əzələlərinin tonik yığılmasından başlayır. Bəzən qıcolma klonik xüsusiyyət kəsb edir və zəifləmə dövründə dartılma müşahidə olunur. Eyni hallar yoluxma yerinə, yaraya yaxın olan nahiyyələrdə də törəyə bilər. Qıcolma sürətlə üzdən boyun əzələlərinə yayılır, sonra döş əzələlərinin, qarın və ətraf əzələlərin klonik qıcolmaları ilə başlayır. Üz əzələlərinin yığılması nəticəsində sifətdə qeyri-adi ifadə yer alır. Sanki xəstə məcburi gülümsəyir: “Xəstəlik nəticəsində əzələlərdə tez-tez oyanma və gərilmə olur. Pasientdə hər hansı bir əhəmiyyətsiz səbəbdən, uca səsdən, qapının açılmasından, əşyanın yerə düşməsindən qıcolma baş verir. Bu tip tutmalar intensiv olduğu üçün xəstə heydən düşür və çoxlu tərləyir. Çiyin əzələlərinin şiddətli gərilməsi başın arxaya bükülməsinə və xəstənin bu vəziyyətdə məcburi qalmasına səbəb olur. Əzələlər nə qədər çox gərilirsə, xəstəlik bir o qədər ağır keçir. Tənəffüs əzələlərinin uzun müddət gərginləşməsi nəticəsində xəstə ilk sutkalarda boğulub ölə bilər. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, tənəffüsün pozulması xəstəni daim boğulma təhlükəsi altında saxlayır. Belə ki, ağ ciyərin havasının təmizlənməsi (ventilyasiya) prosesi pozulur, oksigen çatmamazlığı, ağ ciyərdə durğunluq yaranır, pnevmoniya ocaqları inkişaf edir və nəticədə ölüm baş verir. Əzələlərin yığılması başlanan kimi temperatur yüksəlir və gərginlikdən asılı olaraq bəzən 43-44 dərəcəyə çatır. Bəzi hallarda hərarət xəstə öldükdən sonra da yüksəlməkdə davam edir”.
Ölüm bir addımlıqda
Həkim-infeksionistin dediyinə görə, tetanusun kəskin inkişaf dövrü 5-7 gün davam edir və sonda xəstəlik ya ölümlə, ya da tədricən sağalma ilə nəticələnir. Nəbz dəqiqədə 120 dəfə vurur, sidikdə zülal əmələ gəlir. Xəstə adətən huşunu itirmir. Yüngül hallarda qıcolma gec-gec və zəif başlayır, xəstə başını hərəkət etdirə bilir, xörək yeyə bilir, sərbəst nəfəs almaqda çətinlik olmur. Ancaq xəstəliyin bu mərhələsində də ağ ciyər ağırlaşmaları sağalmaqda olan xəstəni öldürə bilər. Xəstəlik bəzən 2-3 ay davam edə bilər. Tetanus mikrobu irinli iltihab törətmir. Ona görə yara ağırlaşmaya bilir, kiçik zədələnmələr isə tamam sağalır. Yalnız irin mokrobları ilə (streptokokklar, stafilokokklar) yoluxma nəticəsində tetans yarası irinləyə bilər. Bu xəstəlik həmişə mikrobların kənardan daxil olması nəticəsində inkişaf edir. Tetanusda ölüm halları xəstəliyin növündən, inkubasiya dövründən və profilaktik tədbirlərdən asılıdır. İnkubasiya dövrü 7 gün olduqda ölüm 75 faiz, 14 gün olduqda 50 faiz, 21 gün olduqda 32 faiz, 28 gün olduqda isə daha az olur.
Klinik gedişat
A.Həsənova bildirib ki, klinik gedişi ağırlığına görə tetanusun bir neçə yerə bölünür: inkubasiya dövrü 2-5 gün çəkən ağır hallar, 5 gündən 7 günədək çəkən ağır hallar, inkubasiya dövrü 14-21 gün çəkən orta dərəcəli ağır hallar və həmin dövrün uzun çəkən yüngül halları: “Klinik cəhətdən yerli tetanusu fərqləndirmək lazımdır. Bu tip tetanus yaranın ətrafında və yaranın içində olub əzələləri zədələyir. Yerli tetanusu sürətlə yayılan tetanusa da ayırd etmək olar. Burada qıcolma yara nahiyəsindən başlayıb başqa sahələrə yayılır. Üzün yaxud kəllənin yaralanması yəni kəllə-beyin sinirinin zədələnməsi nəticəsində baş tetanus əmələ gəlir. Bu zaman udlaq əzələlərinin və nəfəs borusunun qıc olması və üz sinirinin iflici baş verir. Bu əlamətlərə görə, baş tetanus quduzluğu xatırladır”.
Əzələ yığılması
İnfeksionistin dediyinə görə, tetanusun diaqnozunu müəyyən etmək çətin deyil. Çənənin, yanağın, boyunun yaralanması nəticəsində ağzın çətin açılması tetanusu xatırladır. Bu səbəbdən də xəstəliyin bütün əlamətləri nəzərə alınmalı və ciddi təhlil edilməlidir. Tetanusun ilk əlamətlərinə yara nahiyəsində olan əzələlərin yığılması və dartılması nəticəsində meydana çıxan ağrılar, temperatur və çoxlu tərləmələr aiddir. Çox vaxt xəstə udqunarkən ağrıdan şikayətlənir. Buna baxmayaraq dilçəkdə heç bir qızartı və ya başqa fəsad görünmür.
Müalicə
Həkim vurğulayıb ki, təcrübəyə əsasən, tetanus toksini əleyhinə profilaktik tədbir olaraq xəstələrin damarına serum köçürülməsi ilkin mərhələdə yaxşı təsir göstərir. Serum tez vurulduqda toksinin sinir sisteminə yayılması əngəllənir. Ancaq artıq sinir sisteminə sirayət etmiş toksinin qarşısının alınmasında serum heç bir fayda vermir. Serum bütün hallarda xəstəliyin və ölümün qarşısını almasa da, tetanus əleyhinə təsirli bir vasitədir. İlk növbədə, yaranın düzgün təmizlənməsi ilə müalicəyə başlamaq əsas şərtlərdən biridir. Bunun üçün yara geniş açılmalı, bütün ifrazatın axması təmin edilməlidir. Antiseptik maddələrdən istifadə zəruridir. Xəstəlik sinir sisteminə təsir etdiyi üçün sakitləşdirici və yuxu gətirici dərman vasitələrindən istifadə etmək lazımdır. Xəstəlik nəticəsində ətrafların zədələnmiş hissələrini amputasiya etmək məsləhət deyil. Amputasiya edilsə belə, heç bir fayda vermir, əksinə xəstələr bundan əziyyət çəkirlər. Xəstəliyə tutulmuş şəxsə xüsusi diqqət və qayğı göstərilməlidir. Onun yanında səs salmaq, ucadan danışmaq və sərt hərəkətlər etmək olmaz. Qıcolma tutmaları zamanı xəstə özünə xəsarət yetirməməsi üçün ona yardım etmək lazımdır.
Mənbə: Milli.Az