Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, 2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balını toplamış, lakin işə qəbul olunmamış müsabiqə iştirakçılarına ümumtəhsil məktəblərində hazırda olan vakant yerlər təklif edilir. Bu kateqoriyadan olan namizədlər 22-26 noyabr tarixlərində Təhsil Nazirliyinin İnternet saytının (www.edu.gov.az) "Müəllimlərin işə qəbulu" bannerindən "Şəxsi səhifə"yə daxil olaraq (kod və parol vasitəsilə) uyğun ixtisas üzrə təklif olunan vakant yerlərdən ən çoxu 4-nü seçməli və təsdiqləməlidir. Vakant yerlərin seçimi noyabrın 26-da saat 18-00-da başa çatdırılacaq, yerləşdirmə aparılacaq və nəticəsi dərhal hər bir namizədin "Şəxsi səhifə"sinə göndəriləcək. Vakant yer tutan namizədlər "Şəxsi səhifə"də göstərilən vaxtda və yerdə müsahibədən keçdikdən sonra onların işə qəbulu barədə qərar qəbul ediləcək. Nazirlik bildirir ki, vakant yerlərdən seçim edərkən düşünülmüş və dəqiq qərar verilməlidir. Seçim aparmaq üçün verilən müddət başa çatanadək hər bir namizəd öz seçimində dəyişiklik edə bilər. Bunun üçün yenidən "Şəxsi səhifə"yə daxil olub bir daha seçim etmək və təsdiqləmək lazımdır.
Mənbə: Milli.Az