Qadin.NET / Uşaq məsuliyyətini nə vaxt dərk edir?

Uşaq məsuliyyətini nə vaxt dərk edir?

 

Valideynlər uşaqlarını böyüdərkən onların çətinlik çəkməmələri üçün nə qədər çalışsalar da, bəzən bütün çalışmalar nəticəsiz qalır. Xüsusən, yeniyetmə yaşlarında uşaqların özlərinin məsuliyyətini dərk etməsi, özləri özlərinin işlərini heç kimin yardımı olmadan etməsi valideynlər üçün mühüm şərtdir. Lakin təəssüf ki, əksər uşaqlar yeniyetməlik yaşına çatdıqda məsuliyyətdən bixəbər olurlar. Gələcəkdə uşaqların yaxşı yaşaması üçün ona nə qədər maliyyə dəstəyi etmək əslində önəmli deyil, əsas olan onlara məsuliyyətli ola bilmə bacarığını aşılamaqdır. Çünki yaş keçdikcə valideyndən övlada yeganə məsuliyyətli olmaq vərdişi qalır ki, bu da istər maddi, istərsə də mənəvi baxımdan uşağı hər yaşda möhkəm edə bilir. Məsuliyyətsiz uşaq həyatının bütün mərhələlərində çətinlik çəkəcək və bu, onun zəif olduğunu hər an ona hiss etdirəcək. Bu mərhələdə valideynlər olduqca diqqətli olmaldırlar. Unutmaq olmaz ki, yaşı az olan uşaqlar valideynlərini təqlid etməyə olduqca meylli olur. Valideynlərin heç bir işdə məsuliyyətini aşkar görməyən, eləcə də valideyninin pis vərdişlərinin şahidi olan uşaqların böyüdükləri zaman məsuliyyətli ola bilmə şansı sıfıra bərabərdir. Valideynində heç bir müsbət cəhət görməyən uşaqlardan sonradan məsuliyyət tələb etmək onun üçün anlaşılması çətin olan söz kimi də qalacaq. Çünki valideyninin ən yaxşısını edəcəyinə inanan uşaqlarda onlarda məsuliyyəti görmədikləri zaman bunu lazımsız bir hərəkət kimi qiymətləndirir və ümumiyyətlə, bu sahədə olduqca məlumatsız olurlar. Psixoloq Gülər Namazovanın sözlərinə görə, məsuliyyət uşağa öyrədilməsi vacib olan davranışlar sırasında birinci olmalıdır. Çünki məsuliyyətsiz uşaq həyata geridən başlamış sayılır ki, bu da onun istər məktəb, istər universitet, istərsə də gələcək ailə həyatında çox böyük problemlər yaradacaq: "Bir çox valideyn təəssüf ki, uşaqlarının öz özlərində hiss etdikləri məsuliyyətləri tənqid edər və "sən hələ uşaqsan" deyib onun həvəsini qırar. Bu vəziyyət uşağın məsuliyyət alma istiqamətindəki istəyini olduqca azaldar. Əgər sizə görə ən doğru şəkildə olmasa belə uşağınız özü bəzi işlərini həll etməklə məşğul olursa və məsuliyyət hiss edirsə, onu tənqid etməməli, sorğu-suala tutmamalı və sınadığı şey üçün ona təşəkkür etməlisiniz. Valideynin müdaxiləsi təəssüf ki, uşağın bütün məsuliyyətlərini ata- anasının üstünə atmasına səbəb olacaq. Bəzi ailələr isə məsuliyyətlərini yerinə yetirməyən uşaqlarına əsəbləşmək, onları cəzalandırmaq, qorxutmaqla bir növ onları hər hansı bir işə məcbur edirlər. Cəzanın qorxusundan hər hansı bir işin qulpundan tutan uşaq cəzanın olmadığını da görərsə məsuliyyət hissi tamamilə yox olacaq. Buna görə də, uşaqlara işi başlamazdan əvvəl səbəbi, nəticəsi, məsuliyyəti izah edilməlidir ki, işləri asanlaşsın. Səbəbini və nəticəsini izah etmədən hər hansı bir işi uşağa etdirmək, yaxud ondan məsuliyyət tələb etmək nəticəsiz qalacaq". Psixoloq deyir ki, ailədə birdən çox uşaq varsa, o zaman onlara yüklənən məsuliyyətin də ağırlığı eyni səviyyədə olmalıdır. Əks halda, məsuliyyəti böyük olan uşaqlar kiçiklərə nisbətən daha güclü, kiçiklər isə daha tənbəl olacaqlar. Bu isə uşaq yaşlarından onlar arasında ayrı-seçkiliyin yaranmasına və valideynə qarşı münasibətin dəyişməyinə səbəb olar ki, bu da ayrılıqda bir başqa problemdir. Bundan əlavə, daha çox uşaq sahibi olan valideynlər uşaqlarına qarşı diqqətli olmalı, başladığı işin sona çatdırmasına nəzarət etməlidirlər. Çünki əksər vaxtlarda daha zəif olan uşaqlar daha güclülərə öz işlərini gördürür və bu onlarda "başqası mənə kömək edəcək" fikrini formalaşdırır. Başqası olmadıqda isə uşaq tamamilə köməksiz olduğu hissinə qapılır. Qazanılan hər bir bacarıq uşağın fərd kimi formalaşmasında mühüm rol oynayır. Qabiliyyətlərini istifadə etdirməyə fürsət verilməyən uşaqlarda özünəinam və yetərlilik hissi kifayət qədər inkişaf etmir. Məsuliyyət hissi uşağın zaman keçdikcə yiyələndiyi yeni qabiliyyətlərini tətbiq etməsi baxımından əhəmiyyətlidir. Uşaq qaşıq tuta bildiyi andan etibarən sərbəst yemək yeməli olduğunu dərk etməzsə, bu, onun hərəkətlərini müstəqil şəkildə yerinə yetirə bilən fərd kimi formalaşmasında problemlərə səbəb olacaq: "Hələ kiçik yaşlarından etibarən evdə məsuliyyət hissi azacıq belə formalaşmamış uşaqlar məktəbə getdikdə ev tapşırıqlarını yerinə yetirməyi, eləcə də əşyalarını tez-tez unudan, çanta və masalarını sahmana salmaqda çətinlik çəkən, qarşılaşdıqları hadisələr qarşısında hər zaman başqalarından yardım almaq ehtiyacı hiss edən və bu səbəbdən özlərinə olan inamları tam şəkildə inkişaf etməyən fərdlərə çevrilirlər". Uşaqların yaşlarına uyğun onlara məsuliyyətli olmağı öyrətmək lazımdır: "Bəzən valideynlər uşaqlarını üst-başları yeməyə batırmasın deyə özləri yedirər, uşaq yıxılmasın, yorulmasın deyə çox işləri özləri edərlər. Bu, uşağın tənbəlləşməsinə, bir növ valideyndən asılı olmasına şərait yaradır. Uşağa imkan yaradılmalıdır ki, özü yesin. Ətrafı yemək qalıqları ilə doldursa da bu, ən azından onlara yemək yemək vərdişini formalaşdıracaq və ağlı kəsdikdə yediyi qidanı tökməməyə çalışacaq. Məsuliyyət uşağın 1-2 yaşından sonra onlara aşılanması vacib olan bir davranışdır".

 

Mənbə: Ekspress.Az

20 noyabr 2013
GO BACK