Qadin.NET / Radiasiya Problemləri İnstitutunda yeni elmi nəticələr əldə olundu

Radiasiya Problemləri İnstitutunda yeni elmi nəticələr əldə olundu

 

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda enerji tutumlu kimyəvi prosesləri həyata keçirmək üçün ionlaşdırıcı şüaların enerjisinin istifadəsi istiqamətində böyük elmi və praktiki əhəmiyyət kəsb edən yeni nəticələr alınıb. Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Adil Qəribov tərəfindən son illərdə atom-hidrogen energetikası istiqamətində böyük əhəmiyyət kəsb edən sudan universal enerji daşıyıcısı olan hidrogenin radiasiya-katalitik üsulla alınması proseslərində nano ölçülü katalizatorlar istifadə etdikdə klassik ölçülü katalizatorlara nisbətən reaksiyanın sürəti və hidrogenin energetik çıxımının 10-15 dəfə artması faktı aşkar edilib. Müəllif tərəfindən alınmış nəticələr nano-texnologiyalar və nano-materialların müxtəlif sahələrdə tətbiqinin elmi əsaslarının işlənməsində istifadə oluna bilər. Nano-materialların müxtəlif elmi və texniki sahələrdə yüksək göstəriciləri aşkar olunan mexanizm əsasında izah olunur. Aşkar olunmuş nəticələr radioaktiv şüa mənbələrinin təhlükəsiz və yüksək effektivliklə çevirib istifadəsinə imkan verir. Belə ki, proses nəticəsində nüvə enerjisi hidrogenin kimyəvi enerjisinə çevrilir. Bu da gələcəkdə IV nəsil nüvə reaktorlarında elektrik enerjisinin aralıq hidrogen vasitəsi ilə təhlükəsiz və effektiv çevrilməsində böyük əhəmiyyət kəsb edir.

Mənbə: Milli.Az

 

20 noyabr 2013
GO BACK