Azərbaycanda ilk dəfə Günəş şüaları, maqnit burulğanlarının və hava şəraitinin kəskin dəyişməsinin insanda ürək-damar sistemi xəstəliklərinin yaranmasına və infarktın baş verməsinə təsiri geniş şəkildə araşdırılacaq. Bunu Trend-ə Səhiyyə Nazirliyi Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev deyib. A.Baxşəliyevin sözlərinə görə, tədqiqatlara gələn ildən başlanacaq. Hazırda bunun üçün hazırlıq işləri görülür.Tədqiqatların ən azı 5 il müddətində aparılması nəzərdə tutulur: "Hamı bilir ki, hava insanın əhvalına təsir edir. Ancaq öyrənmək lazımdır ki, hava kəskin şəkildə dəyişəndən sonra infarktların sayı artdımı? İnsanda infarkt baş verməmişdən 3-5 gün əvvəl və infarkt olandan sonra havada nə kimi dəyişiklik olub? Biz indi bu məsələlərə daha ciddi yanaşmaq və öyrənmək istəyirik. Moskvada fikir verdilər ki, vaxtın bir saat dəyişməsi infarktın 5 dəfə artmasına gətirib çıxardı. Bu rejimin pozulması, saatın əqrəbinin irəli-geri çəkilməsi də orqanizmin adabtagen fəaliyyətinə mənfi təsir edir" A.Baxşəliyev qeyd edib ki, bu tədqiqat aparılarkən Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Səhiyyə Nazirliyinin Təxirəsalınmaz və Təcili Yardım Stansiyası ilə əməkdaşlıq ediləcək. Qarşılıqlı əməkdaşlıqla insanlarda meteohəssaslıq müəyyən metodika ilə öyrəniləcək. Tədqiqatların nəticələri əsasında insanlarda bu reaksiyaların təsirini zəiflətmək üçün əlavə hansı işlərin görülə bilməsi də müəyyənləşəcək. İnstitut direktorunun sözlərinə görə, hava şəraitinin qəfil dəyişməsi, gilavar küləyi, eyni zamanda xəzri küləyinin həddindən çox əsməsi insan orqanizminə mənfi təsir göstərir: "Bir də görürsən ki, qışda hava qəfildən bürkülü keçir. Yaxud havanın temperaturu 20 dərəcə istidən birdən-birə 5 dərəcə istiyə enir. Bu, anormaldır. Ona görə də belə hava olanda özümüzü pis hiss edirik. Ancaq indi biz bunu elmi əsaslarla daha ciddi şəkildə öyrənmək istəyirik. Bununla da bu məsələlərə sübutedici təbabət nöqteyi-nəzərdən yanaşaq".
Mənbə: Trend.Az