Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mədəni itkilərin beynəlxalq standartlara uyğun ənənəvi bazar dəyəri ilə qiymətləndirilməsi aparılır. Hesablamalara görə, bu ziyanın məbləği 15-16 il əvvəl 110-120 milyard ABŞ dolları təşkil edirdisə, hazırkı qiymətləndirmələrə əsasən, bu məbləğ 5 dəfəyə qədər çoxalıb. Bu barədə Trend-ə Nazirlər Kabinetinin sərəncamı ilə bu məqsədlə bu ilin oktyabr ayında yaradılmış İşçi qrupunun üzvü, Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı bildirib. Avrasiya Qiymətləndiricilər Birlikləri İdarə Heyətinin üzvü olan X.Kazımlı qeyd edib ki, artıq 21 ildən artıqdır ki, Azərbaycanın 20 faiz əraziləri Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Azərbaycanın 560 km sərhədi nəzarətsizdir. Bu ərazi nəinki Azərbaycanın, hətta BMT-nin də nəzarətindən kənardadır. Azərbaycan 1987-ci ildən 1994-cü ilədək Ermənistan tərəfindən 373 terrora məruz qalıb. Azərbaycan Ermənistandan qovulmuş bir milyondan çox azərbaycanlı qaçqının, o cümlədən Dağlıq Qarabağ və ətraf ərazilərin işğalı zamanı məcburi köçkün düşmüş insanların sosial-iqtisadi problemlərinin, eləcə də 1988-ci ildən indiyədək müharibə şəraitində yaşamağın çətinliklərinin öhdəsindən gəlmək məcburiyyətindədir: "Məhz buna görə də Azərbaycan hökuməti Ermənistan tərəfindən ölkəmizə vurulan hər cür ziyanın ümumi dəyərinin hesablanması və ödənilməsi ilə bağlı beynəlxalq məhkəmələrə müraciət etmək niyyətindədir. Bu istiqamətdə müvafiq işlər görülüb və başa çatmaq üzrədir. Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycana dəymiş ziyanın qiymətləndirilməsi prosesinə başlanılması Ermənistan üçün ciddi siqnal olmalı və rəsmi Yerevan bundan nəticə çıxarmalıdır. Hesablamara görə, bu ziyanın məbləği 15-16 il əvvəl 110-120 milyard ABŞ dolları təşkil edirdisə, hazırki qiymətləndirmələrə görə bu məbləğ 5 dəfəyə qədər çoxalıb. Bununla bağlı ciddi araşdırma aparılacaq və dəyən dəymiş ziyanın məbləği tam dəqiqləşdirilərək açıqlanacaq". Qeyd edək ki, qrup 15 nəfərdən ibarətdir və 1996-cı ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla yaradılan Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyanın nəzdində fəaliyyət göstərir. İşçi qrupuna Prezident Adminstrasiyası, eləcə də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsinin sədri Əli Həsənov, bir sıra nazirlik və komitələr yaxından kömək edirlər. Məqsəd dəymiş ziyanın beynəlxalq qurumların iştirakı ilə hesablanması və beynəlxalq standartlara uyğun sənədin hazırlanmasıdır.
Mənbə: Milli.Az