ABŞ-ın “PBS” (Public Broadcasting Service) televiziya kanalında yayımlanan “Bu Amerikadır və dünyadır” (This is America&the World) proqramının noyabrında 17-də efirə getmiş növbəti buraxılışı Azərbaycana həsr olunub. Lent. az-ın məlumatına görə, proqram ABŞ, Kanada və bəzi digər ölkələrdə yerləşən 400-dən artıq şəhərdə “PBS”-ə mənsub kanallarda nümayiş etdirilib. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ilə müsahibənin yer aldığı həmin buraxılışda aparıcı Dennis Holi (Dennis Wholey) tərəfindən Azərbaycanın coğrafiyası, təbiəti, mədəniyyəti, tarixi, iqtisadiyyatı, Azərbaycan və ABŞ arasında əməkdaşlıq,qonşu ölkələrlə münasibətlərimiz, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və eləcə də ölkə daxili vəziyyətlə bağlı suallar verilib. Bu sualları cavablandırarkən səfir E.Süleymanov Azərbaycanı digər ölkələrdən fərqləndirən əsas amillərdən birinin onun müsəlman və xristian sivilizasiyaları, Avropa və Asiya qitələrinin kəsişməsində yerləşməşi və ölkəmizin bu məxsusi mövqeyindən qaynaqlanaraq, özündə çoxsaylı mədəni, dini və tarixi irsləri ehtiva etməsindən irəli gəldiyini söyləyib. Səfir SSRİ-nin dağılması nəticəsində Azərbaycanın öz müstəqilliyini bərpa etdiyini və bu tarixi prosesdə xalqımızın sovet qoşunlarının zorakılığı ilə üzləşdiyini deyib. O, növbəti olaraq, Azərbaycanın enerji siyasəti, milli iqtisadiyyatımızın sürətli inkişafı və onun diversifikasiyasının təmin edilməsi barədə danışıb. Səfir Süleymanov Dağlıq Qarabağ münaqişəsi haqqında ən mühüm məqamları amerikalı tamaşaçıların diqqətinə çatdıraraq, münaqişə nəticəsində 30 min nəfərin həlak olduğu, ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi və bir milyon əhalinin köçkün düşdüyünü vurğulayıb.
Mənbə: Lent.Az