Vitaminlər sağlamlığımız üçün həm çox faydalı, həm də çox əhəmiyyətlidir. Lakin hər şeyin çoxu zərərli olduğu kimi, vitaminlərin də çoxu zərərlidir. Bu baxımdan A, D, E və K vitaminlərini çox qəbul etdikdə bədəndə yığılır və “hipervitaminoz” deyilən vitamin çoxluğuna səbəb olur. Lakin bir şeyi də qeyd edək ki, vitamin çoxluğu sağlamlığımızda problemlərə səbəb olduğu kimi, vitamin əskikliyi də sağlamlığımızda problemlər yaradır. Odur ki, hər iki halda həkimlə məsləhətləşmək və hansı yaşda hansı vitaminləri qəbul edəcəyimizi öyrənmək lazımdır. Məsələn, orqanizmdə C vitamini çatışmazlığı dəri və diş əti, A vitamini çatışmazlığı görmə, D vitamini çatışmazlığı sümük xəstəlikləri, B vitamini çatışmazlığı isə dəri və sinir sistemi pozğunluğuna gətirib çıxarır. Milli.Az "Zaman Azərbaycan"a istinadən bildirir ki, D vitamini çoxluğu isə qanda kalsium səviyyəsinin artmasına və əzələ spazmaları, ürək döyünmələri, qəbizlik və s. kimi problemlərə səbəb olur. Eyni şəkildə A vitamini çoxluğu da beyin təzyiqinin artması, əzələ zəifliyi, başağrısı, görmə və s. problemlərlə nəticələnir. Son vaxtlar aparılan araşdırmalara görə, yüksək miqdarda istifadə edilən E və C vitaminləri ağciyər xərçənginə yol açır.
Mənbə: Milli.Az