Rövşən Cəfərli Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin birində 7 aydan çox müddətdə təcrübəçi kimi çalışıb. Özünün dediyinə görə, sığorta şirkəti işçi yığımı elan edib və həmin elana əsasən, şirkətin imtahanlarında iştirak edərək uğur qazanıb: “Məni çağırdılar və dedilər ki, gəl təcrübəyə. İki aya yaxın getdim, sonra maraqlandım ki, işə götürülürəm, ya yox. Dedilər ki, səni sınaq müddətinə işə götürürük, özünü doğrultsan, əmrin veriləcək. Sözün düzü, mən əmək qanunvericiliyini yaxşı bilmirəm, ona görə də maraqlanmadım ki, mənimlə müqavilə bağlanacaqmı, neçə ay sınaq müddətində işləyəcəm. Beləcə, düz 7 ay 12 gün mən şirkətə ayaq döydüm. Bu müddət ərzində xeyli müştəri cəlb etdim, sığortaolunan gətirdim, amma bunun müqabilində bir manat da olsun, əməkhaqqı almadım. Hər dəfə maraqlananda deyirdilər ki, portfelin bir az da artsın, əmrin veriləcək”. R.Cəfərli bir tanışının məsləhəti ilə sığorta şirkətindən çıxıb banklardan birinə müraciət edib. Burada da eyni vəziyyətlə üzləşib. 8 ay bankda sınaq müddətində (?) işləyib, bu müddətdə 400 min manat kredit verib: “Qapı-qapı düşüb buklet payladım, müştəri yığdım. 8 ayda bircə dəfə 100 manat verdilər, vəssalam. Burada da mənə deyirdilər ki, 300 min manat portfel (verdiyi kreditlərin cəmi - red.) yığ, sənə birbaşa kateqoriya veriləcək. Amma portfelim 400 min manat idi, hələ sınaq müddətində çalışırdım”. Nə sığorta şirkətində, nə də bankda Rövşənlə heç bir müqavilə bağlanmayıb və heç birində onun əmək kitabçası yazılmayıb ki, sən ştatlı işçi olmamısan. R.Cəfərli deyir ki, banklarda və sığorta şirkətlərində müştəriləri qarşılayıb yola salan işçilərin 60-70 faizi onu kimi sınaq müddəti adı altında istismar edilənlərdir. Bu faktdan çıxış edərək, işə götürülən zaman sınaq müddətinin nə qədər təyin edilməsi, bu müddətdə əməkhaqqı verilib-verilməməsi, əmək kitabçasının yazılması və s. digər məsələlərlə bağlı qanunvericiliyi və mütəxəssislərin rəyini öyrəndik. Qeyd edək ki, bu məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin məcəlləyə əsasən, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əməkhaqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Sınaq müddətindən keçməyən işçi ilə əmək müqaviləsinə yuxarıda göstərilən tələblərə əməl edilməklə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin d bəndinə əsasən xitam verilə bilər. Sınaq müddəti iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə şamil edilmir. Bu, Əmək Məcəlləsi ilə nəzərdə tutulan hüquq normasıdır. AR Əmək Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Bu əsasa görə, 1 ay işləmiş və sınaq müddətindən keçməmiş işçinin əmək kitabçasında müvafiq qeydlər aparılmalıdır. Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, bank və sığorta şirkətlərinin 7-8 ay təcrübə müddəti müəyyən etməsi və bu dövrdə əməkhaqqı ödəməməsi Əmək Məcəlləsinə ziddir: “Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə əsasən, “Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir”. Sınaq müddətində əməkhaqqı tam həcmdə ödənilməlidir. Bonusun (mükafatın) sınaq müddəti əsas götürülərək verilməməsi də hər hansı qanunla tənzimlənmir. Belə olan halda əməkhaqqının tərkibini təşkil edən bütün ödənişlər həmçinin sınaq dövründə işləyənlərə də tətbiq olunmalıdır. Əmək Məcəlləsinin 154- cü maddəsinin 1-ci bəndində göstərilir: “Əməkhaqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur”. Maddədən görünür ki, mükafat (bonus) əməyin ödənilməsinin formalarından biridir və əməkhaqqının tərkib hissəsidir. Sınaq müddətində işləyənlər iş normasını digərləri kimi yerinə yetiribsə, deməli, onlara da mükafat verilməlidir”. Bakı Hüquq Mərkəzinin hüquqşünası Dünyamin Novruzovun sözlərinə görə, əmək müqaviləsində sınaq müddətinin tətbiqi nəzərdə tutulmayıbsa, müqavilə sınaq müəyyən edilmədən bağlanmış sayılır. Sınaq müddətinin 3 aydan artıq olmadığını vurğulayan hüquqşünas qeyd edir ki, həmin müddətə işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtı daxildir: “İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əməkhaqqı saxlanmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir”. D.Novruzov bildirir ki, dövlət qulluqçuları üçün sınaq müddətinin müəyyən olunması qaydası fərqlidir: “Dövlət qulluğu haqqında” qanuna əsasən, tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlayıb altı ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Bəzi kateqoriyalı şəxslər isə sınaq müddəti olmadan işə götürülür. Bu şəxslərin dairəsi Əmək Məcəlləsinin 52-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, yaşı 18-dən az olan şəxslərə; müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlara; hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə; təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə; ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə; iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə sınaq müddəti müəyyən edilmir”. Əmək Məcəlləsinə əsasən, əmək hüquqlarını pozmağa görə işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər.
Mənbə: Kaspi.Az