Yol-qəza hadisələri və mənzillərdə baş verən partlayışlar nəticəsində, anlaşılmazlıqlardan yaranmış mübahisələr səbəbindən son dövrlər ölüm hallarının baş verməsi barədə xəbərləri tez-tez eşidirik. Lakin son dövrlər bu cür hadisələrin sırasına biri də əlavə olunub: valideynlərin nəzarətsiz buraxdıqları uşaqlar bir çox hallarda özləri də bilmədən faciə iştirakçısına çevrilirlər. Hələ ötən il bu mövzuda eşitdiyim bir xəbər məni dəhşətə gətirmişdi. Belə ki, doğulduğum Zərdab rayonunda valideynlərin nəzarətsiz buraxdıqları uşaq bilməyərəkdən öz qəniminə çevrilmişdi. 2010-cu ildə anadan olmuş Cəbrayılov Nihad Samir oğlu həkimin təzyiqə qarşı təyin etdiyi dərmanın 3-4 həbini birdən udmuşdu. Nihad Cəbrayılov Bakıdakı xəstəxanalardan birində dünyasını dəyişmişdi. Həkim uşağın təzyiqə qarşı olan dərmanın 1/4-ni qəbul etməsini məsləhət bilmişdi. Uşaq valideynlərinin nəzarəti altında bir neçə gün dərmanı bu şəkildə qəbul etmiş və heç bir problem yaranmamışdı. Lakin bir gün nəzarətsiz qalan uşaq 3-4 həbi eyni vaxtda udmuş və vəfat etmişdi. Valideyn diqqətsizliyi, nəzarətsizliyi səbəbindən baş verən sonuncu belə hadisə isə Ağcabədi rayonu ərazisində yerləşən Taxta Körpü qəsəbəsində qeydə alınıb - 7 yaşlı uşaq su kanalına düşərək ölüb. Uşaq məskunlaşdığı köçkün obasının yaxınlığından keçən su kanalına düşüb. Valideynlərinin onu nəzarətsiz buraxmaları və suya düşməsindən çox gec xəbər tutmaları sonda faciə ilə nəticələnib.
Bəs uşağının bir yeri xəstələnəndə həyəcanlanan, özünü oda-közə vuran valideynlər ani bir diqqətsizlik səbəbindən onu itirə bilmə təhlükəsinin fərqinə varırlarmı? Əgər varmırlarsa, onda bu yazımızı oxusunlar...
Valideynlər ən çox nədə səhv edirlər?
Araşdırmalar göstərir ki, bu məsələdə gün ərzində onsuz da uşaqlarının hər cür əziyyətinə qatlaşan anaların üzərinə daha böyük məsuliyyət düşür. Söhbət ondan gedir ki, bir çox hallarda kişilər işdə olduqları və müəyyən saatlarda ailədən kənarda qaldıqları üçün onların azyaşlı övladlarına nəzarət etmək imkanları bir qədər məhduddur. Əgər xanım evdardırsa və uşağa nəzarət tam onun öhdəsindədirsə, onda diqqətli olmağa dəyər. Amma burada psixoloji amillər də nəzərə alınmalıdır. Psixoloqların qənaətinə görə, analar daim uşaqların əhatəsində olduqları üçün bu iş bir müddətdən sonra onlar üçün adiləşir və uşağın nəzarətsiz qalması təbii qəbul olunur. Nəticədə, məlum hadisələr baş verir.
Əgər kənd yerlərində uşaqların nəzarətsiz qalmaları onların daha çox suda boğulmaları ilə nəticələnirsə, şəhər yerlərində eyvandan yıxılma, maşın vurma və s. ilə yadda qalır.
Sosial şəbəkələrin və serialların təsiri
Sosial şəbəkələrdən istifadə biz razılaşsaq da, razılaşmasaq da artıq günümüzün reallığına çevrilib. Həm xanımlar, həm də bəylər arasında kifayət qədər sosial şəbəkə istifadəçisi vardır. Ancaq sosial şəbəkə aludəçiliyi müəyyən insanlar üçün o qədər ciddiləşib ki, onlar özlərini xəstələnmiş kimi hiss edirlər. Onlar üçün gecə-gündüz, evdə-işdə, küçədə, hətta sükan arxasında olduqda belə sosial şəbəkə vazkeçilməz hala gəlib. Sükan arxasında başı sosial şəbəkəyə qarışıb o qədər qəza şəraiti yaradan sürücülər var ki...
Təəssüf ki, sosial şəbəkə aludəçiliyi valideyn-övlad münasibətlərinə də öz təsirini göstərir. Başı sosial şəbəkələrə qarışan bəzi xanımlar öz övladlarını nəzarətsiz qoyurlar. Bu diqqətsizlik uşağın ev şəraitində yıxılıb qol-qıçını zədələməsi, yanması, zəhərlənməsi, evdə gözlənilməz hadisələr törətməsi ilə nəticələnir...
Sosial şəbəkədən anlayışı olmayan bəzi xanımlar isə serial aludəçiliyindən əziyyət çəkirlər ki, bu da eyni vəziyyətlərə gətirib çıxarır.
Daha bir həssas məqam...
Uşağın avtomobildə də nəzarətsiz qalması fəsadsız ötüşməyə bilər. Məsələn, adətən valideynlər avtomobilin qabaq hissəsində, uşaqlar isə arxada əyləşirlər. Avtomobilin arxa yan şüşələrini açıq saxlayan uşaqlar oradan başlarını çıxarır, qollarını uzadıb özləri üçün qeyri-adi hərəkətlər edirlər. Bu halda avtomobilin sərt dönüş edərsə, uşaq yıxıla bilər. Yaxınlıqdakı maşının uşağın qolunu, boynunu qırma təhlükəsi də real görünür...
Uşaqlar nəzarətsiz qalanda da bir-birləri üçün təhlükəyə çevrilirlər. Məsələn, nə etdiyini anlamayan uşaq özündən kiçik uşağın gözünə xəsarət yetirə, üstünə isti maye tökə bilər. Çünki azyaşlı uşaqlar nə etdiklərinin fərqinə varmırlar.
Uşağınızı elə tərbiyə edin ki...
Lakin bütün hallarda uşağa nəzarət edilməsi onun tam sıxışdırılması anlamına gəlməməlidir. Daim sıxışdırılan və nəzarət adı altında yersiz incidilən uşaqlar bir az sərbəstlik yaranan kimi indiyə qədər etmədiklərini qısa zaman kəsiyində gerçəkləşdirməyə çalışırlar. Düşünürlər ki, valideyn xəbərdar olan kimi ona yenə mane olacaq, sıxışdıracaq, döyəcək və s. Ona görə də uşağı elə tərbiyələndirmək, ona elə bir şərait qurmaq lazımdır ki, boşluq olanda özünü “göldən çıxıb okeana düşmüş” kimi hiss eləməsin...
Mənbə: Zaman Azərbaycan