Qadin.NET / Maaşın nə günahı?

Maaşın nə günahı?

Özünə qarşı amansız olan və gərgin işləyənlərin əksəriyyəti gec-tez emosional yanma sindromuna məruz qalırlar. Bu sindromdan əziyyət çəkən insanların iş qabiliyyəti aşağı düşür, özlərini əzgin və enerjisiz hiss edirlər. Onlarda ruh düşkünlüyü və daimi narahatlıq müşahidə olunur. Bu sindromun qurbanları özünü çox yükləyən, işinə hədsiz aludə olanlar, bununla yanaşı, çətin insanlarla ünsiyyət tələb edən və streslə dolu işdə çalışanlardır. Qeyd edək ki, emosional yanma sindromu psixologiyada ilk dəfə 1974-cü ildə amerikalı psixiatr Herbert Freydenberq tərəfindən işlədilib. Bu sindrom getdikcə artan emosional yorğunluqla xarakterizə olunur. Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, emosional yanma sindromu davamlı emosional yüklənmə nəticəsində əqli, fiziki və emosional yorğunluğun müşahidə olunduğu mürəkkəb psixoloji fenomendir. Bu sindrom zamanı şəxs depressiya vəziyyətində olur, özünü yorğun, enerjisiz hiss edir. Eləcə də, insanlar daxilində boşluq hiss edir və əməklərinin müsbət tərəflərini daha görə bilmir, işi və həyatı barədə neqativ düşünməyə başlayır. Bu sindroma daha çox həkimlər, psixoloqlar, sosial işlə məşğul olanlar, hüquq-mühafizə orqanlarının işçiləri məruz qalırlar. R.Rzayeva qeyd edib ki, ilk baxışdan emosional yanma sindromu adi yorğunluğa çox oxşayır. Lakin adi yorğunluq zamanı insan yaxşı yatıb istirahət edəndə yorğunluq hissi keçir. Lakin emosional yanma sindromu ilə mübarizə aparmaq üçün bu kifayət etmir. Adi yorğunluq zamanı təmiz havada gəzmək, əylənmək, şirniyyat və şokolad yemək kömək edirsə, emosional yanma sindromunda olan insanın vəziyyətini bu, ancaq bir qədər yüngülləşdirə bilər. Belə ki, insan bu sindroma tədricən düşür və ondan çıxması da vaxt tələb edir. Birdən-birə bu sindromun əlamətlərini dəf etmək çətindir. Bu sindromun qurbanları özünü çox yükləyirlər. Belə insanlar daim öz üzərində işləyir və daha yaxşı çalışmağa çalışırlar. "Bu, bir tərəfdən yaxşı olsa da, digər tərəfdən öz bacarıqlarını üstələmək emosional tükənmə ilə nəticələnir". Mütəxəssis qeyd edib ki, şəxsin yaşı, ailə vəziyyəti, iş təcrübəsi emosional yanma sindromu ilə bağlı deyil. Lakin bu sahədə aparılan təcrübələr qadınların bu sindromdan daha çox əziyyət çəkdiyini göstərir. Bu sindromun gedişatının əmək haqqının artıb və ya azalması ilə də heç bir əlaqəsi yoxdur. Freydenberqə görə, emosional yanma sindromundan əziyyət çəkənlər humanist, mehriban, idealist, eyni zamanda da dəyişkən fikirlərlə yaşayan, fanatik, tez özündən çıxan insanlar olur. Bu sindroma gərgin iş, emosional söhbətlərin çoxluğu, işdə baş verən hadisələrlə bağlı çox təsirlənmək, davamlı qərar vermək məcburiyyətində qalmaq, hədsiz informasiyanın qəbulu səbəb olur. Lakin emosional yanma sindromuna yalnız işin çoxluğu deyil, həm də şəxsin özünün iş fəaliyyətini düzgün planlaşdırmaması, rəhbərlik və iş yoldaşları ilə konfliktə girməsi gətirib çıxarır. Eyni zamanda şəxsin ünsiyyətdə olduğu insanların çətin psixoloji durumda olmaları da onun emosional tükənməsi ilə nəticələnir. "Misal üçün, ağır, ölümcül xəstə olanlar və onların yaxınları ilə ünsiyyət, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlarla iş və s. Emosional yanma sindromu şəxsin gərgin vəziyyətə düşməsi ilə başlayır. Bununla yanaşı, əhval aşağı düşür və insan narahatlıq keçirir". Müsahibimiz qeyd edib ki, bu cür vəziyyət xüsusilə də, pasientlərinin problemlərinə həssas yanaşan psixoloqlarda daha çox müşahidə olunur. Kiminsə probleminə çox emosional yanaşmaq emosional yanma sindromunun başlanmasına təkan verə bilər. Eləcə də hadisələri dəyişdirməyə qadir olmamağı anlamaq insanı ruh düşkünlüyünə salır. Sindromun ikinci mərhələsində insan artıq narahat və gərgin olduğunu anlayır və müxtəlif üsullarla bundan qurtulmağa cəhd edir. "Bu zaman o, ona təsir edən emosional hadisələrə reaksiya verməməyə cəhd edir. Eləcə də, şəxs emosional tükənməyə səbəb ola bilən öhdəliklərinin, tapşırıqlarının icrasını sadələşdirməyə, nisbətən az iş görməyə çalışır. Üçüncü mərhələdə isə insan artıq özünü çox pis hiss edir, onun enerjisi azalır". İnsan daim işləyəndə və istirahəti özünə rəva bilməyəndə də enerjisi tükənir. Psixoloq məsləhət görür ki, bu baş verməsin deyə, gündəlik həyat tərzinə işdən başqa istirahəti, idmanı, əgər varsa, hobbini də əlavə etmək lazımdır. Xüsusilə də çox gərginlik və diqqət tələb edən işlər zamanı qanda adrenalin çoxalır. Bunu kompensasiya etmək üçün fiziki hərəkətlərə yer vermək lazımdır. "Fikir vermisinizsə, insan idman edəndən, trenajor zalından qayıdandan sonra özünü daha rahat hiss edir" deyən R.Rzayevanın sözlərinə görə, emosional yanma sindromu ilə üzləşməmək üçün insan gündəlik həyatda özünü nəsə etməyə məcbur etməməlidir. Əgər o, sıxılır və enerjisinin tükəndiyini hiss edirsə, necə yaşadığına fikir verməlidir. Ola bilsin ki, istədiyi kimi yaşamır, işini sevmir, gündəlik həyatı da qayğılarla doludur. İstirahət və əyləncələrə də diqqət etmir. Əgər heç cür emosional yanma sindromu ilə mübarizə apara bilmirsə, həyat tərzini təhlil etməlidir. Düzgün yaşamadığını hiss edirsə, həyatını dəyişməyə çalışmalıdır.

Mənbə:Milli.Az

19 noyabr 2013
GO BACK