Qadin.NET / Azərbaycanlı alim "dünyanın sonu"nun yeni tarixi haqda danışdı

Azərbaycanlı alim "dünyanın sonu"nun yeni tarixi haqda danışdı

 

 

Dünya mediasının son dövrlər yazdığı məlumata görə, "dünyanın sonu" 22 fevral 2014-cü ildə çatacaq. Vikinq mifologiyasına görə, məhz həmin gün apokalipsis baş verəcək. Vikinqlər həmin günü Raqnarek adlandırırlar. Məhz həmin gün tanrılardan biri Fenrir adlı canavar tərəfindən öldürüləcək. Yalnız iki adam sağ qalacaq ki, onlar da yeni sivilizasiyaya həyat bəxş edəcəklər. Milli.Az xəbər verir ki, Day.Az saytı məsələ ilə bağlı münasibətini öyrənmək üçün Batabat astrofizika rəsədxanasının direktoru Qulu Həziyevlə əlaqə saxlayıb. Onun sözlərinə görə, "dünyanın sonu" haqqında söhbətlər uydurmadan başqa bir şey deyil. "Dünyanın sonu ilə bağlı dəqiq tarixin deyilməsi üçün elmi sübutlar lazımdır. Apokalipsis ideyasını elmi cəhətdən əsaslandırmaq lazımdır. Əgər həmin əsaslar yoxdursa, bu söz-söhbətlərə inanmaq da lazım deyil. Əgər xatırlayırsınızsa, bundan əvvəl deyirdilər ki, 21 dekabr 2012-ci ildə dünyanın sonu olacaq. Nə baş verdi? Heç nə. Həmin proqnoz özünü doğrultmadı. Ola bilər ki, belə məlumatlar yaymaq kimlərəsə sərf edir. Əminliklə deyə bilərəm ki, belə bir şey baş verməyəcək və belə proqnozlara inanmaq lazım deyil", - o əlavə edib.

Mənbə: Milli.Az

18 noyabr 2013
GO BACK