Yenilənmiş planşet kompüterlərin satışına başlayan Microsoft korporasiyası bu qurğuların birinci nəslinin qiymətini aşağı salıb. Belə ki, Surface Pro planşet modelinin qiyməti 100 dollar ucuzlaşıb və hazırda onun qiyməti 700 dollardan başlayır.
64 giqabaytlıq modelin qiyməti də eynidir, modelin 128 giqabaytlıq versiyası 800 dollara təklif olunur və qiymətlərdə güzəştlər yalnız ABŞ və Kanada sakinlərinə edilir.Milli.Az ICTnews-a istinadən bildirir ki, Surface Pro 9 aydır bazara çıxarılıb və başlanğıc qiymətlə müqayisədə hazırda 200 dollar ucuzlaşıb. Modelin ikinci nəsli buraxıldığına görə korporasiya bu planşetlərin qiymətini azaldır.
Surface Pro 2 modelində başlıca fərqləndirici cəhət dördüncü nəsil Intel Core i5 prosessorudur. Tərtibatçıların fikrincə, bunun sayəsində planşet enerjiyə 75 faiz qənaət edir. Qurğu 8 giqabaytlıq operativ və maksimal konfiqurasiyada 512 giqabaytlıq quraşdırılmış yaddaşla təklif olunur. Baza variantı 4 giqabaytlıq operativ yaddaş qurğusunu və 64 giqabaytlıq fləş-yaddaşı nəzərdə tutur. Qurğunun qiyməti 900 dollardan başlayır.
Mənbə: Milli.Az