Qadin.NET / Hisslər xarakterimizdən xəbər verirmi?

Hisslər xarakterimizdən xəbər verirmi?

Psixoloq Tünzalə Verdiyeva: “Xarakterlə temperamenti bir-birindən ayırmaq lazımdır. Xarakter yaşa görə də dəyişə bilər, amma temperament tipi doğuşdan, fizioloji, bioloji cəhətdən belədir”

Hisslərin insan həyatındakı yerini və funksiyasını anlamaq istəyi, özünü tanımağa çalışanlar üçün önəmli dönüş nöqtəsidir. İnsanların öz hisslərini biruzə verməsi və onları düzgün ifadə edə bilməsi də mühüm amildir. Digər tərəfdən əgər biz güclü iradəyə malik olub, içimizdə yığılan hikkəni heç kimin üstünə tökməsək belə (praktika göstərir ki, bu mümkün deyil), insanın fiziki sağlamlığında ciddi problemlər yaradır, başağrıları yaranır, kəskin çəki itirmələri müşahidə olunur, əzələ spazmları baş verir.
“Adətən psixoloqa fleqmatiklər və melanxoliklər müraciət edir”
Hər bir insanda sevinc, şadlıq, qorxu kimi hisslərin olduğunu deyən psixoloqTünzalə Verdiyeva bildirdi ki, insan hisslərini mimika, pantomimika, jestlər vasitəsilə ifadə edir: “Bəzi insanlarda bu zahiri ifadə vasitələri kasad olur. Bu hansı insanlardır? Temperament tipinə görə insanlar 4 tipə bölünür: Sanqviniklər, xoleriklər, fleqmatiklər və melanxoliklər. Sanqviniklər sevinc, şadlıq, qorxu, həyəcan kimi hisslərini çox qabarıq şəkildə biruzə verirlər və bu hisslər vasitəsilə onlar həmişə diqqət mərkəzində olurlar. Sevilirlər, təşəbbüskar olurlar, valideyinə öz hisslərini yaxşı ifadə edə bilirlər. Xoleriklər isə sanqviniklərə nisbətən daha hövsələsiz, səbirsiz olurlar. Xoleriklərdə ləyaqət hissi digər temperament tiplərinə nisbətən üstün olur. Ən ağır qətl hadisələrini araşdırsaq görərik ki, bunu törədən xoleriklərdir. Bunların səbəblərinə gəldikdə isə aydın olur ki, bu heç nədən, bir baxışdan, yaxud da bir sözdən təsirlənib. Çünki bu insanlar söz götürə bilmirlər və dərhal reaksiya verirlər. Xoleriklər çox tez özlərindən çıxır, coşur və çox tez də peşman olub, məyus olurlar. Amma dedikləri sözlər təsirsiz qalmır, tez hörmətdən düşürlər. Xoleriklər başqaları üçün əslində çox asan tiplərdir. Çünki onların bütün hiss və həyəcanları, əhval-ruhiyyəsi üzlərindən oxunur. Məsələn, əsəbidirsə, yaxud məyusdursa onu gizlədə bilmir. Bəzən onlar deyirlər ki, biz də istəyirik digər tiplər, məsələn, fleqmatik kimi olaq. Öz həyəcanımızı, sevincimizi, kədərimizi gizlədə bilək. Xolerik deyir ki, mənim bütün hiss və həyəcanım üzümdən oxunur. Bu, həm beyində mayenin miqdarı, həm ödün nisbətən böyük olması ilə əlaqədardır ki, xolerik tipinə mənsub olan insanlar hiss və həyəcanlarını cilovlaya bilmirlər”. Fleqmatiklərlərə gəldikdə isə psixoloqun sözlərinə görə, daha soyuqqanlı tiplərdir ki, adətən bizim ölkəmizdə fleqmatiklərin sayı azdır: “Avropa xalqları, məsələn, ingilislər, almanlar tipik fleqmatiklərdir. Onlar hadisələrə qarşı soyuqqanlı olurlar. Öz kədərlərini, sevinclərini zahirən ifadə etməkdən çəkinirlər. Onlar həyatlarında baş verən hadisələri sakit qarşılayırlar. Məsələn, onlarda yas mərasimlərinə nəzər salsaq görünür ki, Qafqaz xalqlarında qadınlar özlərini döyürlər, qışqırırlar, ağlayırlar. Yaxud da toy məclislərində həddindən artıq aktiv rəqslər bizə xasdır. Ancaq Avropada belə şeylər yoxdur. Onlar çox sakitdirlər, öz hisslərini biruzə vermirlər və bu da onların mədəniyyəti və incəsənətinə öz təsirini göstərir”.
Psixoloq bildirdi ki, tiplər arasında ən zəif tip melonxoliklərdir, çünki onların enerjisi azdır: “Onlar danışanda səsi yavaş çıxır və yaxud, yavaş yeriyir, depressiyaya meyllidir, özünü hamıdan təcrid edir, sosial adapdasiya problemi var. Bu insanlarda birmənalı şəkildə sosial fobiya var. Məsələn, hər hansı bir tədbirə gecikirsə, o içəri daxil olmağa qorxur. Çünki insanların qarşısına çıxmaq üçün öz qorxusuna qalib gələ bilmir. Adətən psixoloqa fleqmatiklər və melanxoliklər müraciət edir. Öz hiss və həyəcanlarını büruzə vermədiklərinə görə, qarşı tərəf-sevgilisi, valideyni, övladı elə bilir ki, onun sevgisi, məhəbbəti, kədəri azdır. Belə insanlar daim bunun məyusluğunu yaşayırlar və bildirirlər ki, onlar da öz övladlarını çox istəsələr, sevgilisini başqasından daha artıq sevsələr də biruzə verə bilmirlər. Ona görə də psixoloqa müraciət edənlər arasında onların sayı çox olur”. Bildirildi ki, fleqmatiklər melanxoliklərə nisbətən daha cəsarətlidirlər və özləri psixoloqa müraciət edirlər: “Amma melanxolikləri kimsə psixoloqun yanına gətirməlidir. Çünki o qədər zəifdirlər ki, buna da cəsarətləri çatmır. Sanqviniklərin isə dostları həddindən artıq çoxdur. Onlar psixoloqa çox az müraciət edirlər. Çünki onlar sevinc və kədərini bölüşə bilirlər, görür ki, bu hadisə təkcə onun başına gəlmir. Məsələn, valideynini itirməsi bütün insanların yaşadığı təbii bir hadisədir, yaxud işdə, təhsildə uğursuzluq. Və bunları bölüşdüyünə görə də depressiyaya düşmür. Amma ümumiyyətlə, bəzi insanlar var ki, onlar qarışıq tipdir, haldan-hala düşürlər. Bəzən şən, zarafatcıl, bəzən isə həddindən artıq kədərli olurlar. Bəzən öz hisslərini qabarıq büruzə verirlər, bəzən isə tamamilə hissiz kimi görünürlər. Bu da qarışıq temperament tipinə mənsub olan insanlardır ki, belə insanların sayı olduqca az olur. Belə ki, min nəfərdən biri belə olur. Adətən sanqvenik tipi ilə xolerik tipinin qarışığı çoxdur. Bizdə belələri daha çoxdur. Bir də fleqmatiklə melonxoliklərin bənzər tipləri çoxdur”.
Ümumiyyətlə, hər bir insanın öz hisslərini biruzə verməsi təbii hal olduğunu deyən psixoloq deyir ki, femenlər, yəni tipik qadın obrazları, adətən ənənəvi qadın obrazları qayğıkeş, emosional olmalıdır: “Maskulinlər isə tipik kişi obrazıdır ki, onlar qətiyyətli, vüqarlı, iradəli olmalıdırlar. Belə bir fikir var ki, “kişi ağlamaz”. Amma biz görürük ki, kişilər də öz kədərli günlərində ağlayırlar. Bizim dövrümüzdə daha çox abrogineslər, yəni bir insanda həm kişi, həm qadın xüsusiyyətləri özünü göstərir. İnsan danışanda, sevinəndə əlləri, qolları, çiyinləri ilə də ifadə edir və bu da hər bir insana xas olan fərqli xüsusiyyətlərdir. Hər bir insan sevincini, kədərini eyni cür biruzə verə bilmir”.
“İnsan özündə olan müsbət tərəfləri görəndən sonra depressiyadan çıxır”
T.Verdiyeva bildirdi ki, psixoloqlara sanqviniklər az müraciət edir, depressiyaya az düşürlər, çünki onların dostları həddindən artıq çoxdur, fikirlərini bölüşürlər: “ Xoleriklər tez özlərindən çıxsalar da tez peşman olurlar və bununla bağlı psixoloqa müraciət edirlər ki, hisslərimi cilovlaya bilim. Fleqmatiklər isə daha çox xəyanətə məruz qalan qadınlardır. Çünki fleqmatik qadınlar həddindən artıq sədaqətli olurlar və yoldaşları ona xəyanət edəndə günahı özlərində görürlər. Çünki öz sevgilərini, hisslərini bruzə verməyi bacarmırlar. Onların ətrafındakılar deyir ki, qadının üzünə baxırsan ki, çox gözəldir, amma elə bir hissizdir. Melanxoliklər də depressiyaya düşür və psixoloq yanına gəlirlər. Onların bir yaxşı xüsusiyyətləri var ki, əsl sirdaşdırlar. Başqalarını dinləyir, dərdinə şərik olur, az danışır və çox məzmunlu məsləhət də verirlər”.
Psixoloqun fikrincə, temperament-hisslər belədir ki, insan yaradılanda beyindəki mayenin miqdarını, yaxud ödün ölçüsünü müəyyən edə bilmərik: “Bu doğuşdan belədir. Biz təhsil də alsaq, müəyyən mühitə də düşsək bu dəyişmir. Məsələn, əgər təsadüfən ekstremal bir vəziyyətdə insan özü də məətəl qalır ki, məsələn, zəlzələ olduqda övladını qoyub qaçırsa özündən bunu gözləmirdi. Amma xarakter təhsillə, mühitlə tədricən formalaşır. Ona görə də xarakterlə temperamenti bir-birindən ayırmaq lazımdır. Xarakter yaşa görə də dəyişə bilər. Amma temperament tipi doğuşdan, fizioloji, biloji cəhətdən belədir”. Müraciət edənlərə gəldikdə isə psixoloq deyir ki, biz onları dinləyirik, dərhal məsləhət vermirik: “Dinləyəndə biz kəşf edirik ki, nədən bu insanın başına bu hadisələr gəlib. 5-6 dəfə bizim yanımıza gəldikdə onun xarakterini müəyyən edirik, tempreament tipini, yaşadığı faciəni arzularını, mədəni səviyyəsini kəşf edirik. Sonra biz onun xarakterindəki güclü cəhətləri aşkara çıxarıb onları sübut etməyə çalışırıq və inandırırıq ki, səndəki bu xüsusiyyəti inkişaf etdirsən səndə daha yaxşı alınar. Həqiqətən də insan özündə olan müsbət tərəfləri görəndən sonra depressiyadan çıxır. Adətən daha çox mükəmməlliyə can atan insanlar depressiyaya məruz qalırlar. İnsanın özünü tanıması və təhlükələrdən qorunması da onu depressiyadan qoruyur”. 

Mənbə: Milli.Az

15 noyabr 2013
GO BACK