UEFA 17 və 19 yaşadək qızlardan ibarət milli komandaların reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2014/15 mövsümünün püşkatması zamanı həlledici olacaq siyahılarda Azərbaycan yığmaları da yer alıb. Başa çatan son 3 mövsümün (2010/11, 20111/12 və 2012/13) yekunlarına əsasən qurulan cədvəldə millilərimiz aşağı sıralarda qərarlaşıb. U-17 yığmamız 43 komanda arasında 38-cidir. Əslində növbəti qitə çempionatının təşkilatçısı İslandiya da əmsalına görə bizi qabaqlayır. Lakin ada təmsilçisi 43 komandalı siyahıdan kənarda qalıb. 3 mövsümdə keçirdiyi 6 qarşılaşmada 1 qələbəsi olan millimiz 1,000 xalla Slovakiya, Xorvatiya. Qazaxıstan, Makedoniya və Portuqaliyanı qabaqlayır. U-19 komandamızın durumu daha ağırdır. Nəzərə alınan 3 mövsümdən yalnız birinin iştirakçısı olan komandamız 3 oyunun hamısında uduzduğu üçün reytinqi 0,000-a bərabərdir. Növbəti final mərhələsinin ev sahibi İsrailin olmadığı siyahıda isə 47 komanda qərarlaşıb. Millimiz burada yalnız 43-cüdür. Futbolçularımı Gürcüstan, Albaniya. Malta və Monteneqronu qabaqlayır. Bu da onunla bağlıdır ki, qonşularımız son 2, digər üç yığma isə son 3 mövsümü yarışlara qatılmayıb. Qeyd edək ki, hər iki siyahıya Almaniya başçılıq edir. Bundestimin U-17 komandası 13,333, U-19 yığması 13,667 xala malikdir.
Mənbə: Milli.Az