Yuxu - beyin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf aləmə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesidir. İnsanların yuxuları fərqləndiyi kimi, yuxuda gördükləri rəng və rəng çalarları da fərqlənir. Psixoloqlar bildirirlər ki, yuxu insanın həyatda qarşılaşdığı hadisələrə, keçirdiyi həyəcanlara emosional münasibətidir.Psixoloq Elnurə Bağırovanın sözlərinə görə, bəzi insanlar ağ-qara, rəngsiz, bəziləri isə rəngli yuxular görür: "Yuxuda ağ rəng təmizlik, saflıq, xeyirxahlığı simvolizə edir. Əgər insan yuxularında ağ rəngləri daha çox görürsə, bu, onun xeyirxah olduğunu, həqiqəti həyatın ötəri əyləncələrindən ayıra bildiyini göstərir. Lakin ağ rəng insan gerçəklikdə kədərli anlar yaşayırsa, onun başqalarından təcrid olmasına, tənhalığa meyl etməsinə işarə edir. Yuxularında bu rəng üstünlük təşkil edən insanlar soyuq olur, şənlik və yığıncaqlara getmək istəmir, sakitliyi sevirlər. Bəzi hallarda bu rəng sağlamlıqda hansısa problemlərin olduğunu əks etdirir". Məişət problemlərini həll edən, başı problemlərə qarışan insanların yuxularında isə qəhvəyi rəngin çalarları daha çoxdur. Bu rəng insanın darıxdığını da göstərir. Depressiya və ruh düşkünlüyü ilə üzləşən adamlar da yuxularında qəhvəyi rəng görürlər. Qəhvəyi rəng insanın xatirələrlə yaşamasını, indiki həyatından məmnun olmamasını göstərir. Belə adamlar adətən kimdənsə asılı olurlar. Özünə güvən hissi aşağı olduğu üçün özləri sərbəst şəkildə problemlərini həll edə bilmirlər. Qırmızı rəng enerjili, fəal, güclü insanların rəngidir. Yuxularında bu rəngi görən insanlar aqressivliyi ilə seçilsə də, özlərinə rəqib tanımırlar. Başqalarını öz bacarıqları ilə asanlıqla üstələyir və çətin, ekstremal vəziyyətlərdən çıxış yolu tapırlar. Yuxularında qırmızı rəngi görməyi adət etməyən adamlar, həyatlarının hansısa dövründə bu rəngi görməyə başlayırlarsa, deməli, həmin dövrdə aqressiya, qəzəb və kindən əziyyət çəkirlər. Bu rəng yüngül əxlaqa, risk və intriqalara meylliliyi də göstərir. Yuxularında qırmızı rəngi görənlər ehtiraslı olmaları ilə də seçilirlər. Mavi rəng insanın inanclara, fala, sehrə inandığını göstərir. Onlar həyata real baxmağı sevmirlər. Psixoloq bildirir ki, gerçəklik onlara maraqsız gəlir. Onlar həyatda baş verən adi hadisələrdə müəyyən işarələr axtarmağı, təsadüflərə böyük önəm verməyi xoşlayırlar. Bununla onlar sanki həyatlarını maraqlı edirlər. Çox vaxt da bu xüsusiyyətləri onlara stressdən çıxmağa, həyata daha ümidlə baxmağa kömək edir. "Yuxuda mavi çalarlar insanın qapalı olduğunu göstərir. Bu rəng insanın sakit və səbirli olmasına da işarə edir. Əgər yuxuda mavi rəng həddindən artıq çoxdursa, bu, insanın manipulyator olduğunu və başqalarını idarə etdiyini göstərir". E.Bağırova bildirib ki, yuxuda hadisələrin və əşyaların yaşıl çalarlarda olması isə inkişafı simvolizə edir: "Əgər insan həyatının hansısa dövründə yaşıl rəngi görürsə, çox enerjilidir və bu dövr onun planlarının reallaşması üçün əla vaxtdır. Parlaq yaşıl isə insanın təcrübəsizliyini göstərir. Yaşıl çalarların çoxluğu həm də insanın tamahkar olduğundan xəbər verir. Yuxuların bütünlüklə bu rəngə boyanması isə qəzəb, qısqanclıq və neqativ hissləri tərənnüm edir". Yuxularda qızılı rəng ağıl, qələbə və şöhrətin rəmzidir. Bu rəng insanın ağıllı, hiyləgər və təcrübəli olduğunu göstərir. Qızılı çalarların zəngin olduğu yuxular sahibinin özündən çox əmin olduğuna işarə edir. Belə yuxuları görən şəxslər sevinə bilər. Belə ki, onlar bacarıqlarını yüksək inkişaf etdirib və həyatdan istədiklərinə nail olublar. Maddi cəhətdən sıxıntı çəkməyənlər də yuxuda sarı rəng görürlər. Bu rəng işgüzar həyatda uğura işarə edir. Bəzi hallarda bu rəngin çoxluğu insanın maddi cəhətdən kimdənsə asılı olduğunu da göstərir. Həmsöhbətimizin dediyinə görə, yuxuda sarı rəngi görən insanlar optimist olurlar: "Ən çarəsiz vəziyyətlərdə belə hər şeyin yaxşı bitəcəyinə ümidini itirmir. Yuxuda sarı rəngi görən adamlar ağıllı olur, istənilən problemi həll edərkən emosiyalarına deyil, ağlına arxalanır. Sarı rəng qısqanclığa da işarə edir. Yuxularında bu rəng çalarları olan insanlar sevdiklərini heç kimlə bölüşmək istəmir və qısqanclıqdan əziyyət çəkirlər. Sarı rəng insanın paxıl olduğunu göstərir. Yuxuda narıncı, kərpic və başqa isti rənglərin üstünlük təşkil etməsi əhvalın yüksək olmasının təzahürüdür. Yuxuda soyuq rənglərin olması isə qısqanclıq, paxıllıq və xəyanətdən xəbər verir". Tünd-qırmızı rəng isə kübarlığın rəmzidir və insanın hökmlü olduğunu göstərir. Çəhrayı rəng isə şəxsin romantik, mehriban, həssas qəlbli olduğuna işarə edir. Yuxularında çəhrayı rəng görənlər sadiq insanlar olur və sadəliyi ilə başqalarından fərqlənirlər. Lakin bu rəng bəzi hallarda insanın yüngül təbiətli olmasından da xəbər verə bilər. Müsahibimizin dediyinə görə, insanlar ətrafında baş verən hadisələrə və insanlara laqeyd münasibət bəslədikdə isə yuxularını boz çalarlarda görürlər. Səbəbsiz yerə narahatlıq yaşayanların da yuxularında bu rəng üstünlük təşkil edir. Yuxuda bənövşəyi rəngin çalarlarının olması isə insanın təxəyyülünün güclü olmasından xəbər verir. Rəngsiz yuxular isə insanın həyat eşqinin söndüyünü, passiv olduğunu göstərir. Qeyd edək ki, yuxuda qara rəngin üstünlük təşkil etməsi insanın dərd çəkməsinə, hansısa itki ilə üzləşməsinə işarə edir. Ümumiyyətlə, yuxularda qara rəng çarəsizlikdən xəbər verir. Depressiyada olan insanlarda yuxularında qara və tünd rəngləri görürlər. Qara rəng həddindən artıq çoxdursa, insan qisas almaq məqsədilə yaşayır.
Mənbə: Ekspress.Az