Qadin.NET / Uşağınız aşiq olub?

Uşağınız aşiq olub?

 

Sevgi yetkin insanlar üçün iki təkliyin bir-birinə toxunması, bir-birini qorumasıdır, səbirdir, hörmətdir, qəbul etməkdir, kəşfdir, yenilikdir, xəyalların gerçək olmasıdır, uyğunlaşmadır. Bəziləri isə sevginin təyin edilə bilməyən hiss olduğunu deyir. Sevgi kiminə görə bir baxış, kiminə görə isə bir yaşayışdır. Qısacası, sevgiyə hiss edilən həyəcan, duyğu çoşğunluğu və keçici görmə qüsuru da deyə bilərik. Bəs uşaqların da sevə bildiyini heç düşünürsünüzmü? Mütəxəssislərin fikrincə, uşaqların eşqdəki həyəcanları ani və azmüddətli, keçici və dəyişən olur. Uşaqlar bu ay birini, gələn ay başqasını sevə bilirlər. Aşiq olmuş uşaq özünü yaşıdlarından fərqli aparır. Psixoloq Aynur Əlibəylinin dediyinə görə, sevən uşağın sevdiyinin adı çəkiləndə və ya onu görəndə baxışı, gülüşü, mimikaları fərqliləşər, ya çox diqqət göstərir, ya da utanır.  "Aşiq olan uşaq geyiminə, saçlarına xüsusi diqqət yetirməyə başlayır. Yaşanılan bu həyəcan vəziyyəti davranış və duyğuları ilə yanaşı qidalanma və yuxusuna da təsir edə bilər. Uşaq üçün zövq verən şeylər onun bir parçasına çevrilir. Onu xoşbəxt edən şeyi öz parçasıymış kimi qəbul edir. Başqasının ona diqqət yetirməsi ilə özünü bütün və xoşbəxt hiss edir. Kiçik yaşdakı bu təcrübələr yaşlandıqca məna tapmağa başlayır. Bəyənmə, bəyənilmə, yaşanılan xəyal qırıqlıqları uşaqda özünə inamın inkişafına, şəxsiyyətin formalaşmasına böyük təsir edir". Bəzi valideynlər azyaşlı övladlarının aşiq olmasına gülür, onlarla zarafat edir və ya tənqid edib, bu hissin onun yaşı üçün olmadığını deyirlər. Psixoloqun fikrincə, uşaqlar məsum olduqları üçün öz hisslərini valideynlərindən gizlətmirlər. Həmsöhbətimizi hesab edir ki, "Mən aşiq olmuşam. Onunla evlənəcəyəm" fikirlərini valideyninə bildirən uşaqlara daha çox diqqətli yanaşmaq lazımdır. Çünki onların bu hissi qorxusuz, təmiz və zərərsizdir. Uşaqlar evliliyin böyüyüncə reallaşacağı, o zamana qədər də fikirlərin dəyişə biləcəyi gerçəyini anlamaqda çətinlik çəkdikləri üçün onları sadəcə dinləmək lazımdır. Uşağın duyğularını paylaşmasını dəstəkləmək və neytral qalmaq onları rahatlaşdırır. Yaşayaraq öyrəndikləri romantik və ictimai inkişafına məna qatır. "Belə vəziyyətdə neytral qalmaq daha yaxşıdır. Çünki bu gün "evlənəcəyəm" dediyi yoldaşının sabah başqası ilə maraqlanması uşağı xəyal qırıqlığına uğratmaqla yanaşı valideynlərinin də qarşısında utandırır". Müsahibimizin bildirdiyinə görə, uşaqlar yalnız yaşıdlarına deyil, qardaşlarına, müəllimlərinə də maraq hiss edə bilərlər. Bu maraq cinsi hisslərdən uzaq, fiziki xüsusiyyətlərini bəyənmə, yaxın olma, sevgi, güvən hiss etmək ehtiyaclarından yaranır. Bu səbəblə də uşaqlara bunu "ayıb" tutmaq olmaz. Əks halda bu, onun hisslərindən utanmasına, günahkarlıq hiss etməsinə, sevgi ehtiyaclarının valideynlərlə məhdudlaşdırılmasına, bu duyğunu basdırmağı öyrənməsinə, özünü dəyərsiz hiss etməsinə, özünə inamına mənfi təsir edə bilər. Mütəxəssislər hesab edirlər ki, uşaqlar arasında yaşanılan eşq böyüklər arasında olan sevgidən təmiz və safdır. Böyüklər arasında olan cinsi hisslər uşaqlar arasında olmur. Uşaqlar qarşısındakı insanın əllərini, gözlərini, saç rəngini, paltarını, oyuncağını bəyənərək, o adamı həyatında xüsusiləşdirər. Onun məktəbdə yemək yeyərkən yanında oturmasını, birlikdə oyun oynayarkən əlini tutmasını, qrup oyunlarında yanında olmasını, ona baxmasını, məktəb mühitindən kənarda görüşməyi, məsələn, evinə gəlməsini, ad gününə dəvət etməsini istər. İstək və ehtiyacları da təmiz və məsumdur. A.Əlibəyli bildirir ki, bu sevgi duyğusu uşaqlarda 5 yaşından sonra yaranmağa başlayır. Uşaq ailədə valideynlərinə baxıb sevməyi öyrənir. Valideynləri tərəfindən sevgi görən, valideynlərinin bir-birini sevdiyini görən uşaqlarda "aşiqolma" daha yetkin yaşlarda başlayır. Evdə, ailədə mübahisələr görən uşaqlar isə daha çox sevgiyə ehtiyac duyurlar və belə uşaqların keçici sevgiləri saysız olur. Psixoloq bildirir ki, uşaqların ümumiyyətlə heç kəslə maraqlanmaması normal bir vəziyyət deyil. "Belə vəziyyətlərdə uşağınızla olan ünsiyyəti yaxşıca nəzərdən keçirməlisiniz. Uşaqlarınızla hər zaman yoldaş, dost olmağa çalışmalısınız. Bunu bacarsanız, hər çətinlik və sevinclərində yanlarında olunca sonradan problem yaşamayacaqsınız. Uşaqlarınızla danışarkən başqa bir işlə məşğul olmayın, onu diqqətli dinləyin. Duyğu və düşüncələrinə istehza ilə yanaşmayın. Aşiq olduğu şəxsi alçatmayın, pisləməyin, tənqid etməyin. O danışmaq istəyəndə dinləyin, danışmaq istəməsə, məcbur etməyin. Və unutmayın, sevgi duyğuların ən təmizidir və uşağınız həyatda sevməyi öyrəndikcə, hər bir problemdən uzaq olmağa çalışacaq. Çünki insanların yeganə xilaskarı təmiz sevgidir". 

 

Mənbə: Ekspress.Az

14 noyabr 2013
GO BACK