Macarıstanda doğuşdan üç ay əvvəl beyni ölmüş ana sağlam övlad dünyaya gətirib. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Debertsen Universitetinin tibbi mərkəzinin rəhbəri Bela Furedi məlumat verib. Onun sözlərinə görə, 31 yaşlı qadının beyni hamiləliyin 15-ci həftəsində ölüb. Həkimlər qərara gəliblər ki, uşağın dünyaya gəlməsi üçün onun orqanizmini yaşatsınlar. Qadının beyninin ölməsindən 92 gün sonra tam sağlam oğlan uşağı dünyaya gəlib. "O, hamiləliyin 27-ci həftəsində dünyaya gəlib. Çəkisi 1,42 kq olsa da, tam sağlamdır", - Furedi əlavə edib. Qadının ürəyini, böyrəklərini və mədəaltı vəzini başqa pasientlərə köçürüblər. Həkimlərin sözlərinə görə, bu orqanlar sayəsində ən azı 4 nəfərin həyatını xilas etmək mümkün olub.
Mənbə: Milli.Az