Bu gün Avropa Parlamentinin Brüsseldəki mənzil-qərargahında "Sərhədsiz İnsan Hüquqları" beynəlxalq təşkilatı tərəfindən hazırlanmış "Azərbaycanda dini azlıqlar: tarixdən müstəqilliyə doğru" adlı hesabatın təqdimatı keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirə ev sahibliyi edən Avropa Parlamentinin vitse-prezidenti Surjan Lazslonun tədbir iştirakçılarına müraciətində hesabatın Azərbaycandakı dini tolerantlıq mühiti barədə dərin təəssürat yaratdıgı qeyd edilib. Müraciətdə S.Laszlo "dini azlıqlarla müsəlman çoxluğun əməkdaşlığı və dinc yanaşı mövcudluğu istiqamətində fundamental nəticələrə nail olmuş Azərbaycanı" bu nailiyyətlər münasibətilə təbrik edib. Təqdimatı giriş sözü ilə açan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü Corc Şöpflin sənədə əsasən, Azərbaycanda dini azlıqların qarşılıqlı hörmət əsasında dinc yanaşı yaşadığını və bunun yüksək dəyər olduğunu qeyd edib. Sonra "Sərhədsiz İnsan Hüquqları" təşkilatının sədri Villi Futre rəhbərlik etdiyi təşkilatın hazırladığı hesabatı təqdim edib. O bildirib ki, hesabat son altı ay ərzində təşkilat üzvlərinin Azərbaycana bir neçə dəfə həyata keçirilmiş səfərləri zamanı sahə tədqiqatları əsasında hazırlanıb. Hesabatda qeyd edilir ki, Azərbaycanda dövlətin dini məsələlərə münasibətdə balanslaşdırılmış siyasəti sosial ədalətə və ayrı-seçkiliyin qarşısının alınmasına verilən mühüm töhfədir. Hesabatın nəticələrinə əsasən Avropa İttifaqına Azərbaycanla strateji əlaqələri möhkəmləndirmək, Azərbaycanın tolerantlıq modelini region ölkələri, dini konfliktlərdən əziyyət çəkən ölkələr, həmçinin digər müsəlman ölkələri ilə paylaşmasına yardım etmək tövsiyə edilib. Hesabatın təqdimat mərasiminə xüsusi qonaq qismində dəvət edilmiş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov təqdim edilən tədqiqatın Azərbaycanda dini tolerantlığı və dövlət-din münasibətlərini əks etdirən və Avropa təşkilatları tərəfindən hazırlanmış ilk sənəd olması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Bu hesabatın məhz Şərq Tərəfdaşlığının Vilnüs sammiti ərəfəsində və məhz Avropa Parlamentinin qərargahında təqdim edilməsi əlamətdardır. Bu hesabat ölkəmiz barədə Avropa Parlamentində səslənmiş obyektiv reallığa söykənməyən bəzi hesabatlardan fərqli olaraq Azərbaycanda dinlərarası tolerantlığın yüksək səviyyəsini obyektiv şəkildə əks etdirir. Azərbaycandakı unikal dini tolerantlıq modelinin Avropada da islamafobiya ilə mübarizə və multikulturalizmin inkışafı üçün nümunə ola biləcəyinə əminəm". Azərbaycanda fəaliyyət göstərən pravoslav, yəhudi, protestant və Alban-Udi dini icmalarının nümayəndələri Azərbaycanda dini tolerantlıq mühiti barədə tədbir iştirakçılarına məlumat veriblər. Sonda məruzəçilər tədbir iştirakçıları və media nümayəndələrinin suallarını cavablandırıblar.
Mənbə: Trend.Az