Aşura günündə İçərişəhərdəki «Cümə» məscidində ənənəvi qanvermə aksiyası keçiriləcək. İçərişəhər «Cümə» məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədli Lent.Az-a bildirib ki, 8 ildir ki, Məhərrəm ayında keçirilən Aşura mərasimləri zamanı məsciddə könüllü qanvermə aksiyaları təşkil olunur: “Məsciddə hər bir müsəlman üçün böyük savab sayılan bu qanvermə aksiyasına hazırlıq işləri aparılıb. Hər il olduğu kimi Aşura günündə Bakı şəhər Baş Səhiyyə İdarəsinin köməyi ilə məsciddə Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya institutunun səyyar qan köçürmə laboratoriyasının əməkdaşlarına tam şərait yaradılacaq və keçən illərə nisbətən daha çox vətəndaş bu aksiyaya qoşulacaqlar. Yalnız keçən ilin Aşura mərasimi zamanı qanvermə aksiyasında 260 nəfər insan iştirak edib. Bu da biz dindarların irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımızın müalicəsinə kiçik də olsa töhfəmiz olub.Qeyd edək ki, Səbail rayonunda «Cümə» məscidi ilə yanaşı rayonun ən iri dini mərkəzi sayılan Bibiheybət məscidində də könüllü qanvermə aksiyası keçiriləcək. Bununla əlaqədar Bibiheybət məscidində də hazırlıq işləri görülüb.
Mənbə: Lent.Az