Azərbaycanda üç əsrin acısını-şirinini yaşayan nənə yaşayır. Milli.Az-ın məlumatına görə, 124 yaşı olan Gözəl nənə 1889-cu ildə Şamaxıda anadan olub. Hazırda Ağdaşın Orta Qəsl kəndində yaşayan Gözəl nənə ömrünün maraqlı məqamlarından, zaman-zaman ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən söz açıb. O, ermənilərin 1918-ci ildə azərbaycanlılara tutduğu divanı, həmvətənlərimizə verdikləri işgəncələri gözləri ilə gördüyünü bildirir və bu barədə acı xatirələrini bizə ürək yanğısı ilə danışır. Gözəl nənənin ailəsi kasıb və zəhmətkeş olub. O, beş övladını çox çətinliklə böyüdüb, boya -başa çatdırıb. Nənə hazırda nəvə-nəticələrinin, kötücələrinin ağbirçəyi olaraq böyük bir nəslə rəhbərlik edir. Gözəl nənənin 5 övladı, 10 nəvəsi, 19 nəticəsi, 7 kötücəsi var. Gözəl nənənin maraqlı xatirələri var. Gözəl nənə 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində arxa cəbhədə insanların və özünün ailəsinin necə aclıq keçirdiyini və xəstəlikdən əziyyət çəkdiyini gözləri önündə canlandırır. Gözəl nənə təxminən 90 il kolxozda işləyib, üzüm, pambıq, taxıl yetişdirib, zəhmət çəkib, halal çörək qazanıb. Gənclik illərində tüfənglə sərras atəş açdığını, yaxşı at çapdığını deyən nənə üzün müddət yaylaq və qışlaqda mal-qara bəslədiyini bildirir. 124 yaşlı nənə heç bir dərman preparatı da qəbul etməyib. Gözəl nənə xarici görünüşünə görə onunla birgə yaşayan 83 yaşlı gəlinindən də cavan görünür. Onun ailəsi əmindir ki, əgər 124 yaşlı Gözəl nənənin adının “Ginnesin rekordlar kitabı”na salınması üçün müraciət edilsə və yaşını metrik ölçülərlə yoxlasalar, onun planetin ən qoca sakini olması faktı təsdiqlənər. Gözəl nənə 125 illik yubileyinin dövlət tərəfindən qeyd olunmasını istəyir.
Mənbə: Milli.Az