Qadin.NET / Bakı-Sumqayıt magistralına alternativ yol çəkilsin

Bakı-Sumqayıt magistralına alternativ yol çəkilsin

Bakı-Sumqayıt yoluna alternativ yol salınmalıdır.

Trend xəbər verir ki, belə bir təkliflə millət vəkili Leyla Abdullayeva bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
Bakı-Sumqayıt istiqamətində yaranan tıxacların aradan qaldırılmasını gündəmə gətirən millət vəkilinin fikrincə, bu magistrala alternativ yolların salınması ilə tıxac problemini aradan qaldırmaq olar: "Bu, metro və yaxud sürətli elektirk qatarı formasında ola bilər. Bunun üçün Azərbaycanın imkanı var".
Müzakirələr zamanı bir sıra digər təkliflər də səsləndirilib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mənzil-kommunal sahəsində fundamental islahatların aparılmasının zəruriliyini qeyd edib. Onun fikrincə, gələn ilin büdcəsində mənzil-kommunal sahəsinə ayrılan vəsaitləri azaltmaq mümkündür: "Hər il bu sahəyə büdcədən kifayət qədər vəsait ayrılsa da, uğurlu nəticə əldə edə bilmirik. Əgər biz bu sahədə Avropa standartlarının tətbiqini istəyiriksə, o zaman ciddi islahatlar aparılmalıdır. Bu islahatlar nəticəsində biz büdcədən ayrılan vəsaiti də azalda bilərik".
Komitə sədri, eyni zamanda, dağlıq ərazilərdə yeni yaşayış massivlərinin yaradılmasını təklif edib. Onun fikrincə, bu gün işğal altında olan ərazilərimiz dağlıq rayonlar olduğundan və gələcəkdə o ərazilərdə yaşayış vərdişlərinin yaradılması məqsədi ilə belə yaşayış massivlərinin salınması məqsədəuyğun olardı.Milli Məclisin üzvü Musa Qasımlı isə qeyd edib ki, 2013-cü ilə nisbətən 2014-cü ildə təhsil xərclərinin 8 faiz artmasının nəzərdə tutulması müsbət addımdır. Onun fikrincə, xəzərşünaslıq sahəsinin araşdırılmasına da xüsusi diqqət yetirilməlidir.Bundan əlavə, millət vəkili universitetlərin kampus sisteminə keçirilməsi üçün büdcədən vəsaitin ayrılması təşəbbüsü ilə çıxış edib.
M.Qasımlının digər təklifi isə Azərbaycanda uşaq televiziyasının yaradılması ilə bağlı olub: "Bizim uşaqlarımız, nəvələrimiz evdə hansı televiziyalara baxırlar? Azərbaycanda mütləq uşaq televiziyası yaradılmalıdır. Bu, AzTV-nin nəzdində yaradılmalıdır. Hökumət bu barədə fikirləşməlidir. Bu strateji bir məsələdir".

Mənbə: Milli.Az

12 noyabr 2013
GO BACK