Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağda hərbi keçid təşkil ediblər. APA TV-nin məlumatına görə, “nümunəvi” göstərilər zamanı Azərbaycan və Türkiyənin dövlət bayraqları təhqir olunub. Əvvəlcə separatçılar sıraya düzülərək “AZƏRBAYCAN” sözündən ibarət 10 daş lövhəni əllərində saxlayıb, eyni sayda qrup isə dövlətimizin adının hərfləri yazılmış həmin daşları eyni anda sındırıblar. Daha sonra hər biri üç daş lövhə üzərində çəkilmiş Azərbaycan və Türkiyənin bayraqları təhqir olunub. Bayraqlar önündə hərbi salam verən ermənilər həmin daş lövhələri də sındırıblar. Sosial şəbəkələrdə yayılmış bu videogörüntülər Azərbaycan və Türkiyədə ciddi etirazla qarşılanıb. Bu gün Türkiyənin əksər telekanalları həmin görüntüləri əsas xəbər blokunda nümayiş etdirib, hər iki ölkənin bayrağının təhqir olunmasını pisləyiblər. Videogörüntüləri öz səhifələrində yayımlayan Türkiyə vətəndaşları “Əgər Türkiyə və ya Azərbaycanda bu cür işlər görülsəydi, indi Avropa və ABŞ bizi topa tutmuş, linç etmişdi. İnsan haqları və demokratiyadan dərs keçənlər bu iyrəncliklərə niyə susur?” kimi etirazlar səsləndiriblər.
Mənbə: Lent.Az