Qadin.NET / Samuxda yeniyetmə taekvandoçular arasında açıq birincilik keçirilib

Samuxda yeniyetmə taekvandoçular arasında açıq birincilik keçirilib

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, 9 noyabr - Bayraq Günü münasibətilə düzənlənən yarış 2 saylı məktəbin idman zalında baş tutub.
Birinciliyin əvvəlində açılış mərasimi düzənlənib. Açılışda çıxış edən idman ictimaiyyətinin nümayəndələri, həmçinin rayon rəhbərliyi belə yarışların keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndiriblər.
Samux rayon Gənclər və İdman idarəsinin rəisi Rəşad Qarayev turnirin önəmindən danışmaqla ilk dəfə təşkil olunan bu yarışın gələcəkdə ənənəvi olacağını bildirib. Sonra idmançılara uğurlar arzulanıb və mübarizələrə start verilib. Yarışda 2000-2002-ci il təvəllüdlü oğlan və qız taekvandoçular bacarıqlarını nümayiş etdiriblər. Tatami üzərində Samux idmançıları, habelə ətraf şəhər və rayonların - Gəncə, Tovuz, Qazax, Göy-göl və Ağstafa təmsilçiləri də gücünü göstərib.
Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev:
"Rayonumuzda açıq birinciliyin ilk dəfə keçirilməsinə baxmayaraq, yarışa maraq çox böyükdür. Ümumiyyətlə, Samuxda taekvando idman növü çox sevilir. İdmançılarımızın nəticələri də var. Bir taekvandoçumuz Azərbaycan üçüncüsü olub. Çalışırıq ki, əlamətdar günlər münasibətilə müxtəlif idman yarışları keçirək".
Yarışın sonunda qaliblər rayon rəhbərliyi və təşkilatçılar tərəfindən diplom və medallarla mükafatlandırılıb.
Mənbə: Milli.Az

11 noyabr 2013
GO BACK