Qadin.NET / HTC Çində güclənmək istəyir

HTC Çində güclənmək istəyir

Tayvanın HTC istehsalçısı Çinin China Mobile mobil operatoru ilə birlikdə bir neçə yeni smartfon modelini buraxmaq niyyətini açıqladıqdan sonra şirkətin səhmlərinin dəyəri 6 faizdən çox artıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, HTC dünyanın nəhəng mobil rabitə operatoru China Mobile ilə əməkdaşlığı genişləndirərək 2014-cü ildə birlikdə Çin bazarında 4-6 yeni qurğu təqdim etməyi planlaşdırır.
Bununla əlaqədar ekspertlər gələn il HTC markalı smartfonların tədarük həcminin 20 milyonu ötəcəyini proqnozlaşdırır.
Şirkət China Mobile ilə birlikdə istehsal olunacaq modellərin yığılmasını müqavilə əsasında fəaliyyət göstərən istehsalçıların birinə həvalə edəcək. Bu strategiya sayəsində HTC-nin ümumi mənfəət əmsalının 20 faizi ötəcəyi gözlənilir.
Həftənin əvvəlində şirkət cari rüb üçün proqnozunu açıqlayaraq 40-45 milyard Tayvan dolları (təxminən 1,4-1,5 milyard dollar) məbləğində mədaxil, 19-21 faiz mənfəət əldə edəcəyini bildirib.
HTC rəhbərliyi ümid edir ki, Beats Electronics şirkətində (Beats by Dr. Dre brendli musiqi aksesuarları buraxan şirkət) qalan payın satılması sayəsində əldə edilməsi nəzərdə tutulan 265 milyon dollarlıq vəsaitlə şirkət xalis mənfəətə qayıda bilər. Analitiklərin fikrincə, buna baxmayaraq şirkətin 2013-cü ilin yekunları üzrə itkilərlə üzləşməsi qaçılmaz olacaq.
Mənbə: Milli.Az
11 noyabr 2013
GO BACK