“Təndirçilik ağır zəhmət tələb edir. Ancaq çəkdiyimiz zəhmətin bəhrəsini hər vaxt görürük. Əsas odur ki, ağır da olsa, halal zəhmətimlə ailəmi dolandırıram. Elə bunun özü bəsdir. Ona görə işsiz qalan insanlara, xüsusən, gənclərə bu cür işləri öyrənməyini tövsiyə edərdim. Necə deyərlər bu işin, müdiri də özün olursan, fəhləsi də. Yəni istədiyin kimi işini də görürsən, istirahətini də edirsən. Ona görə mən öz işimi çox sevirəm”. Müsahibimiz Astara rayonunun Pensər kənd sakini, təcrübəli dulusçu Aydın Hüseynovdur. Xatırladaq ki, Aydın Hüseynov 12 yaşından başlayaraq bu sənəti öyrənib və 51 ildir ki, bu işlə məşğuldur. Onu da qeyd edək ki, Aydın Hüseynov dulusçuluğun bir sahəsi olan təndirçiliklə məşğul olur: “Bu sənət çox qədimlərə dayanır. Yəni təndirçilik sahəsi yüzilliklər boyunca bölgəmizin unudulmayan və hər zaman davam etdirilən bir dulusçuluq sahəsidir. O ki, qaldı mənim bu sənətlə məşğul olmağıma, bu da təqribən 1962-1963-cü ilə gedib çıxır. O vaxtdan başlayaraq bu sənəti öyrənməyə başladım. Yeri gəlmişkən, rəhmətlik babam da təndirçiliklə məşğul olurdu. Babamdan sonra atam bu işi davam etdirdi. İndi isə mən. Öyrənmək istəyənləri bu işin sirlərindən agah edirəm. Onu deyim ki, 60 ailə başçısına bu işi öyrətmişəm və indi onlar bu sənətlə öz ailələrini dolandırırlar”.
“Satış problemimiz yoxdur”
Aydın Hüseynov deyir ki, Azərbaycanda istifadə edilən təndirlərin böyük əksəriyyəti məhz Astarada hazırlanır: “Düzdür, bəzi rayonlarda da təndirçiliklə məşğul olurlar. Ancaq dediyim kimi, əsasən, bizim rayonda geniş yayılıb. Azərbaycanın demək olar ki, bütün rayonlarına bizim təndirlərimizi alıb aparırlar. Digər yerlərdəki təndirlərlə bizim təndirlər arasında fərqə gələndə isə onu deyim ki, çox ciddi fərqlər olmur. Əsasən torpaq növündə və bəzi hazırlanma qaydalarında fərqlər var”.
Onun sözlərinə görə, hazırladıqları təndirləri Azərbaycanın əksər rayonlarına, Rusiyanın müxtəlif vilayətlərinə, Orta Asiyaya, Türkmənistana alıb aparırlar: “Qiymətlər təndirin növünə görə dəyişir. Nisbətən kiçik təndirləri 100 manata, böyükləri isə 150-200 manata satırıq. Satış problemimiz yoxdur, şükür Allaha. Yəni nə qədər təndir hazırlaya biliriksə, hamısını satırıq. Soydaşlarımız təndirləri alıb aparır həm yaşadıqları ölkələrdə çörək, ləvəngi bişirirlər, həm də mətbəximizi tanıdırlar”.
“Adət-ənənəmizi poza bilmərik”
“Təndirlərin hazırlanma prosesi necədir?” sualımıza onun cavabı belə oldu: “Əvvəlcə gedib dağlardan gil gətiririk. Onu da deyim ki, həmin gili yerin ən azı 50-100 santimetr dərinliyindən götürürük. Onu qumla qarışdırırıq. Üstünə su əlavə edib isladırıq. Sonra başlayırıq onu ayağımızla qarışdırmağa. Gil qarışığı hazır olandan sonra təndiri qurmağa, hazırlamağa başlayarıq. Təndir hazır olandan sonra onun rənginin bir qədər ağarmasını gözləyirik. Sonra ətrafına odun qoyub yandırırıq. Yandırıb qurtarandan sonra da satışa çıxarırıq. Hava isti olanda, yəni yay vaxtı təndiri təqribən 2 saata hazırlaya bilirəm. Ancaq digər fəsillərdə havalar soyuq keçdiyindən, bəzən də əlverişli olmadığından bu müddət uzanır. Bəzən elə olur ki, bir gündə 20 təndir hazırlayırıq. Bəzən də təndirlərin hazırlanması günlərlə çəkir. Təndirlər əvvəlki dövrlərdə, yəni dədə-baba zamanında necə idisə, indi də eyni qaydada hazırlanır. Bir dəfə Almaniyadan qonaqlar gəlmişdi. Onlar mənə təklif elədilər ki, istədiyin avadanlığı bizə sifariş et, onu hazırlayıb sənə göndərək. Ancaq mən qəbul etmədim. Onlara dedim ki, bu əl işidir. Bunu dəyişdirmək olmaz. Bir də ki, adət-ənənəmizi poza bilmərik”.
“Lənkərana qədər belimizdə təndir daşımışıq”
Texnika demişkən, müsahibimiz deyir ki, indiki dövrdə hər şey çox inkişaf edib və bu onların işini də rahatladıb: “Xatırlayıram ki, 1963-1964-cü illərdə maşın problemi olduğundan təndirləri piyada daşıyırdıq. Hətta bəzən elə vaxtlar olub ki, ta Lənkərana qədər belimizdə təndir daşımışıq. Amma indi maşallah, təndirlərimizin sorağı başqa ölkələrdən gəlir”.
Son dövrlərdə rayonlarda qazlaşdırma işləri geniş vüsət alıb. Bildiyimiz kimi, çörək, ləvəngiləri (toyuq, balıq və s.) elə qaz cihazlarında da bişirmək olur. Ancaq Aydın Hüseynov düşünür ki, çörək və ləvəngiləri təndirdə bişirəndə daha dadlı olur.
“Sənətinizlə bağlı hansısa sıxıntılarınız varmı?” sualımıza həmsöhbətimiz belə cavab verdi: “Çox ciddi problemlərimiz yoxdur, şükür Allaha. Ancaq əsas bir problemimiz var ki, o da odun çatışmazlığıdır. Odunları pulla alırıq, ancaq yenə də bəzən sıxıntı çəkirik”. Sonda müsahibimiz onların bu əməyini qiymətləndirənlərə, barələrində məqalə hazırlayanlara təşəkkürünü də bildirdi: “Mətbuatda mənim və sənətim haqqında indiyədək bir çox yazılar yayınlanıb. Bununla yanaşı, Fransa, Almaniya, Rusiya, ABŞ və digər ölkələrin mətbuatında da haqqımızda məqalələr yazıblar. Təbii ki, bu diqqət bizi daha da həvəsləndirir”.
"Zaman Azərbaycan"
Mənbə: Milli.Az