Qadin.NET / Uşağı övladlığa hansı şərtlərlə götürmək olar?

Uşağı övladlığa hansı şərtlərlə götürmək olar?

 

 

Bakı Hüquq Mərkəzi (BHM) Azərbaycanda uşaqların övladlığa götürülməsi qaydalarını və şərtlərini açıqlayıb.Trend-in məlumatına görə, Mərkəzin hüquq məsləhətçisi Pərviz Zamanlıbildirir ki, övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu Azərbaycan Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin şəhər (rayon) qeydiyyat şöbələrində qeydə alındıqdan sonra yol verilir. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər. Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan ərazisində daimi yaşayan Azərbaycan vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığa götürmədikdə icazə verilir. Azərbaycanın vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı əsasında yol verilir. "Övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmədə övladlığa götürmə barədə işə Azərbaycan vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan vətəndaşı olan uşağın bu ölkənin vətəndaşları tərəfindən övladlığa götürüldükdə isə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır. Hüquqşünas qeyd edib: "Övladlığa götürənlərin və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır. Hər hansı şərtlər altında, hər hansı müddətə və ya nümayəndələr vasitəsi ilə övladlığa götürmək yolverilməzdir. Uşaq öldükdə övladlığa götürməyə yol verilmir". P.Zamanlının dediyinə görə, bir sıra şəxslər övladlığa uşaq götürə bilməzlər. Onlar məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən, valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış, əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş, səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən, aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. Hüquqşünas bildirir ki, övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Məhkəmə tərəfindən üzrlü hesab edilən səbəb olduqda yaş fərqi qısaldıla bilər. Ögey ata (ögey ana) uşağı övladlığa götürəndə nəzərdə tutulmuş yaş fərqinin olması tələb edilmir. Valideynləri olan uşaq müəyyən hallar istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər: "Belə ki, istisna hallar kimi bunları göstərə bilərik. Valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə və bundan 1 il müddət keçmişsə və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur. Eyni zamanda, valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanılmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər". Zamanlı qeyd edib ki, valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsinə qəyyumların (himayəçilərin), himayədar ailənin, uşaqların yerləşdiyi müəssisələrin rəhbərlərinin razılığı tələb olunur. Lakin məhkəmə uşağın mənafeyini nəzərə alaraq, bu şəxslərin razılığı olmadan da onun övladlığa götürülməsi barədə qətnamə qəbul edə bilər. 10 yaşına çatmış uşaq övladlığa götürüldükdə, onun razılıq verməsi zəruridir. Övladlığa götürmə haqqında ərizə verilənə qədər uşaq övladlığa götürmək istəyənin ailəsində yaşamışsa və onu öz valideyni hesab edirsə, övladlığa götürmə övladlığa götürülən uşağın razılığı olmadan da aparıla bilər: "Övladlığa götürmənin sirri qanunla mühafizə olunur. Övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağan edilir. Belə ki, övladlığa götürənin iradəsi ziddinə övladlığa götürmə sirrini yaymış şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir".

Mənbə: Milli.Az

8 noyabr 2013
GO BACK