Qadin.NET / Bacaranın qaçdığı ölkə: nə keçmiş var, nə də gələcək

Bacaranın qaçdığı ölkə: nə keçmiş var, nə də gələcək

 

Ermənistan gələcəyini onu idarə edən ölkəyə, keçmişini isə ideyalarını eybəcərləşdirən "tarixçi"lərə verərək millətçilik və şovinizm bataqlığına yuvarlandığından vəziyyəti çox ağırdır.Keçmişlə gələcək arasında əlaqəni qıran, məntiqlə təmasları qoparan və siyasətini xülyalara əsaslandıran ölkənin halını orada yaşayanlar, təbii ki, hamıdan yaxşı bilirlər. Ona görə də belə məkanda yaşamaq istəmirlər.

...Ermənistanı tərk edərək mühacirətə üz tutanların sayı ilə bağlı yeni məlumatlar açıqlanıb.
Yerevanın yaydığı rəsmi məlumatlarda bildirilir ki, ilin əvvəlindən bəri Ermənistanı tərk edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artıqdır.
Prezident Serj Sarkisyanın iqtidarı ölkədəki iqtisadi durumun sürəkli inkişaf etməsindən, aparılan islahatlardan, vətəndaşların maddi rifah durumunun yaxşılaşmasından fasiləsiz bəhs edir.
Və bu, yarısı suyun altında olan, tam batmağına çox qalmamış gəminin heyətinin sərnişinlərə komfortlu hərəkətdən, hər şeyin yaxşı olmasından danışmasının analoqu sayıla da bilər.
Çünki Yerevandakı rejim efemer "iqtisadi inkişaf"dan danışırsa, "vətəndaşların durumu sürəkli yaxşılaşırsa", onda ermənilər nədən ölkəni tərk edir, mühacirət axınını milli fəlakət səviyyəsinə çatdırırlar ki...
Ermənistandakı insanların real həyatının hakimiyyətin açıqladığı statistikadakı faizlər, rəqəmlər və ya əmsallara qətiyyən dəxli yoxdur.
Yəni ölkədə inkişaf varsa, o da yalnız Sarkisyan bandokratiyasının mənsublarının varidatının miqyasıdır. Adi ermənilər acından ölməmək üçün ölkədən qaçmaq və müxtəlif dövlətlərdə iş aramaq məcburiyyətindədirlər.
Təbii, ilin əvvəlindən bəri mühacirətlə bağlı açıqlanan rəqəmlər Ermənistanı tərk edənlərin nə dəqiq sayını, nə də onları bu addıma vadar edən səbəbləri göstərir. Ən azı ilin sonunadək gözləmək gərəkdir. Lakin elə bu rəqəmlər yetər ki, Yerevandakı iqtidarın yürütdüyü absurd daxili siyasətin erməniləri hansı vəziyyətə düçar etdiyini anlaya bilək.
Sarkisyan iqtidarının mənsubları and-aman edirlər ki, gedənlər həmişəlik yox, müvəqqəti gedirlər və müşahidə olunan da "sadəcə, əmək miqrasiyası"dır.Amma reallıq odur ki, əgər insan ilin 8, 9 və hətta 7 ayını başqa ölkədə yaşayırsa, həmin dövlətin sakini sayılır.
Ermənistan əhalisini də de-yure, adları sənədlərdə olanların sayına görə yox, indi bu ölkədə yaşayanların sayına görə səciyyələndirmək gərəkdir. Əhali rəqəmlər yox, konkret - müdafiə, istehsalat, mədəni - resursdur. Həmin resurs da ilbəil azalır.
Mühacirət artıq Ermənistanın milli təhlükəsizliyi təki mifik anlamı da yırğalayan bəlaya çevrilib.
Digər tərəfdən, Ermənistanda "iqtisadi inkişaf"la bağlı rəqəmlər artdıqca, gedənlərin sayı da artır və tərsinə. İlk baxışdan paradoksal təsir bağışlayan bu situasiya mahiyyət etibarilə çox sadədir. İş ondadır ki, Ermənistan əhalisi gedənlərin yolladıqları pullar hesabına yaşayır. Mühacirət edənlər nə qədər çoxdursa, Ermənistana da bir o qədər çox pul gəlir.
Yaşananlar Yerevandakı hakimiyyətə də sərf edir, çünki əhalinin siyasi baxımdan ən aktiv qismi olan 18-35 yaşlıların çoxu ölkəni tərk etdikləri üçün yerdə qalanları idarə etmək asandır.
Bütün inqilablar, üsyanlar və qiyamların, hakimiyyətlərə qarşı etirazların aparıcı qüvvəsi bəhs etdiyimiz yaşda olan insanlardır və məhz onlar kütlənin narazılığının potensial enerjisini iqtidarların devrilməsinə yönəlmiş kinetik enerjiyə çevirirlər.
Yerevandakı iqtidar da belə insanların sayının ölkədə mümkün qədər azalmasını istədiyindən mühacirətin qarşısını almaq üçün heç bir real tədbir görmür və əslində, görmək niyyətində də olmayıb.
Hər an partlamağa hazır barıt çəlləyinin üstündə oturmaq, təbii ki, Rusiyanın marionetkası olan Serj Sarkisyana sərf etmir və o, mühacirətin güclənməsini ölkədəki narazı kütlənin zəifləməsi kimi qəbul edir.
Eyni zamanda, siyasi baxımdan aktiv ermənilər ölkədən çıxaraq başqa dövlətlərə üz tutur və orada yaşayırlarsa, Ermənistanda qalan ailə üzvlərinə, qohumlarına mütəmadi olaraq pul yollayırlar. Həmin pullar da Sarkisyan üçün əlavə gəlir mənbəyi rolunu oynayır.
Lakin ölkə iqtisadiyyatının vətəndaşların xaricdən yolladıqları pula da əsaslanaraq fəaliyyət göstərməsi çox məhdud model olmaqla yanaşı, olduqca təhlükəlidir. İş ondadır ki, ermənilərin Ermənistana yolladıqları transfertlər günlərin birində Yerevandakı şikəst iqtisadiyyat üçün artıq dopinq rolunu oynaya bilməyəcək: axı həmin pulların dövriyyəsi üçün əhalinin minimal sayı gərəkdir.
Ermənistanda əhalinin sayı kritik həddə yaxınlaşmaqdadır. İş o yerə çatıb ki, Yerevanın hamisi və faktiki olaraq metropoliyası Rusiya belə, Ermənistanda 2 milyon insanın yaşadığını etiraf edir. Belədirsə, Serj Sarkisyanın rejiminin siyasətində məntiq, ağıl və adekvatlıq nəzərə çarpmır. Eyni zamanda, mühacirətin güclənməsi ilə bağlı rəsmi Yerevanın hər hansı formada narahatlıq keçirməsi də gözə dəymir. Mühacirət dalğasının zəiflədilməsi və vətəndaşların ölkədən qaçmalarının qarşısını almağın əsas şərti onların maddi rifahının təminatı yox, hakimiyyətin insanlarla səmimi olması, onları aldatmamasıdır. Normal hakimiyyət vətəndaşlara təlqin edir ki, onlar ölkənin sahibləri, evin yiyələridir.
Yadlıq, yalan qurbanı olmaq, laqeydlik hissləri isə mühacirətə daha da təkan verir.
İndiki şəraitdə Ermənistan əhalisi hakimiyyətin asanlıqla idarə etdiyi kütlə, sürü halındadır. Onlar iqtidardakı quldur dəstəsinin bütün tələblərini yerinə yetirir, narazılıq edərək aradabir mitinqlərə çıxsalar da, etiraz aksiyaları keçirsələr də, hakimiyyətə nifrət etsələr də, konkret addımlar atmır, bu mənhus rejimdən qurtulmaq üçün məlum aksiyalara başlamırlar.
Serj Sarkisyan rejiminin dayaqları da ona nifrət edən, amma süst, ətalətə qapılmış, gözüqıpıq insanlardır. Onlar nifrətlə yoğrulmuş itaətdə olan fərdlərdir. Sarkisyan komandası da bundan yararlanır.
Qanunsuzluq, tamah, qəddarlıq rejimində əzilənlər daha çox səfilləşir, əzənlər isə daha çox varlanmağa çalışırlar.
 Mənbə: Milli.Az                                                                                                                                                                                                                                           
8 noyabr 2013
GO BACK