Qadin.NET / Daşdan yonulan nərd lövhəsi

Daşdan yonulan nərd lövhəsi

Milli.Az Türkel TV-yə istinadən xəbər verir ki, bunu əslində nərdtaxta yox, nərddaş adlandırmaq daha düzgün olardı. Daşdan, uzun müddət ərzində, millimetrlərlə yonularaq üzə çıxarılan bu nərdtaxta Şəmkirin Posanlı kəndində yaşayan 10-cu sinif şagirdi Xəyal  Allahverdiyevin əl işidir. Olduqca zəhmət və vaxt tələb edən əl işlərinin hər biri 3-4 aya bəzən 2 ilə başa gəlir. Bunlar arasında onun 1 ildən artıqdır üzərində işlədiyi nərddaş diqqət çəkəndir. Xəyal nərd üzərində son oyma işlərini həyata keçirir. O, bu cür işlərə uşaqlıq illərindən böyük həvəsinin olduğunu deyir. Gənc usta işlətdiyi iri ağ sal daşları kəndin ətrafındakı dağlardan gətirir. Nərd hələ tam hazır deyil, onun daha mənalı görkəm alacağı uzun müddətli zəhmətdən sonra mümkün olacaq. Xəyal deyir ki, nərdin zər və daşlarını da yonacaq, eləcə də lövhənin hündürdə durması üçün ona altlıq da hazırlayacaq.Bütün işlərində daşdan qoparılan kiçik parçalardan istifadə edən usta Xəyal həmin daş parçalarından uşaqlar üçün müxtəlif fiqurlar hazırlayır, rəngləyir və onları kiçik yaşlı məktəblilərə hədiyyə edir.O deyir ki, daşdan olan nərdtaxtanı xüsusi sevgi və maraqla hazırlayıb. Bir sıra məktəbli müsabiqələrində də fərqlənmiş gənc ustanın ən böyük arzusu Şuşanın dağlarını gəzməkdir.

 

Mənbə: Milli.Az

7 noyabr 2013
GO BACK