Qadin.NET / Ağ ciyərin qara dərdi

Ağ ciyərin qara dərdi

 

Plevrit, plevranın (ağciyər pərdəsinin) iltihabı xəstəliyi olub plevral boşluqda mayenin yığılması ilə və ya plevra yarpaqlarının üzərində fibrinli çöküntülərlə müşahidə olunur. Plevrit quru və eksudativ olmaqla iki yerə bölünür. Vaxtilə bu xəstəlikdən əziyyət çəkən Nisə Quliyeva Milli.Az-a açıqlamasında çətin günlərini belə xatırlayır: “Bir ilə yaxın bu xəstəlikdən müalicə almışam. Buna necə yoluxduğumu ozüm də bilmirəm. Həkimlərin dediyinə görə, infeksiya nəticəsində xəstələnmişəm. Sinəmdə çox güclü ağrılar olurdu. Öskürəndə isə ağrılar şiddətlənirdi. Özümü güclə saxlayaraq çalışırdım ki, öskürməyim. Ağrı olan tərəfə uzananda az da olsa, sakitlik tapırdım. Əsasən, fəsil dəyişikliyində, xüsusən də soyuq aylarda elə bil xəstəlik şiddətlənirdi. Bir neçə kurs müalicə aldıqdan sonra, nəhayət ki, xəstəlikdən yaxa qurtara bildim. Buna baxmayaraq mütəmadi olaraq həkim müayinəsindən keçirəm”.

Quru plevrit
Həkim-terapevt Fazil Abbasovun sözlərinə görə, quru plevrit ikincili xəstəlik kimi pnevmoniya, bronxo-ektaziya, qanqrena və ağ ciyər infarktı ilə yanaşı gedir. O, travma zamanı döş qəfəsi sümüklərinin sınması nəticəsində də əmələ gələ bilər. Quru plevriti ən çox gizli gedən vərəm xəstəliyi törədir və əsas əlamətlərindən biri ağrıdır. Plevra sinir liflərilə zəngin olduğundan iltihab nəticəsində reseptorların qıcıqlanması ağrıya səbəb olur. Ağrı çox vaxt böyürlərdə, bəzi hallarda isə döşdə hiss edilir və dərin nəfəsalma zamanı daha da artır. Döş qəfəsini əllə tutduqda və yaxud səthi tənəffüs etdikdə ağrı azalır. Xəstəliyin başlanğıcında ağrı kəskin və şiddətli olduğu halda, sonradan tədricən azalır və kütlə şişir.
Quru plevritdə temperatur çox vaxt yüksələrək 38 dərəcə və daha çox olur. Əzabverici quru öskürək ağrını artıraraq, xəstələri daha çox narahat edir. Plevritin lokalizasiyasından asılı olaraq, ağrı müxtəlif sahələrə iradiasiya edir. Məsələn, diafraqmaüstü plevrit zamanı ağrı döş qəfəsinin aşağı hissəsinə və yaxud qarının yuxarı hissəsinə yayılır. Plevrit ağ ciyər zirvəsi nahiyəsində olursa, ağrı çiyinə və qola vurur. Rentgenoloji müayinədə patoloji dəyişikliklər nəzərə çarpmır. Plevranın sürtünmə küyü krepitasiyaya, bunları bir-birindən fərqləndirmək üçün xəstəyə ağzını örtərək, tənəffüs hərəkətləri etmək təklif olunur. Bu zaman plevranın sürtünmə küyü əvvəlki kimi qalır, krepitasiya xırıltıları isə yox olurlar, çünki bu xırıltılar ancaq tənəffüslə əlaqədar olub, havanın alveollara keçməsindən baş verir: “Xəstəliyin gedişi çox uzun çəkmir və əksərən əsas xəstəliyin müalicəsindən asılı olur. Vərəm plevriti nisbətən uzun müddət çəkir. Diaqnoz, əsasən, xəstənin ağrıdan şikayətlənməsinə və plevranın sürtünmə küyünə əsasən qoyulur. Xəstələrin klinik müayinəsində hər şeydən əvvəl plevranın sürtünmə küyünün eşidilməsinə fikir verilməlidir, çünki bu, diaqnozu dəqiqləşdirir”.
Ağrıya qarşı mübarizə
Həkim deyir ki, müalicə əsas etibarilə ağrıya və əzabverici öskürəyə qarşı aparılır. Bunun üçün xəstəyə güclü ağrıkəsici dərman preparatları təyin olunur. Həmçinin xardal yaxması ilə kompres və döş qəfəsinə yod sürtülür. Müalicə ilə yanaşı, xəstəyə rahatlıq və müvafiq şarait yaradılmalıdır. Hər bir halda əsas məqsəd xəstəliyi aşkara çıxarmaq və bütün müalicə tədbirlərini ona qarşı yönəltmək lazımdır. Məsələn, əgər quru plevrit vərəm xəstəliyindən əmələ gəlibsə, göstərilən müalicələrdən başqa vərəm əleyhinə müalicə vasitələrindən də istifadə edilməlidir.
Eksudativ plevrit
F.Abbasovun dediyinə görə, eksudativ plevrit plevra boşluğunda iltihab mayesinin toplanması ilə quru plevritdən fərqlənir. Eksudativ plevritlər əksər hallarda vərəm mənşəli olurlar. Bu plevritlərin əmələ gəlməsində soyuqdəymənin, bəzi infeksiyaların və hər şeydən əvvəl revmatik, qripoz, yatalaq infeksiyalarının da rolu var. Eksudativ plevritlər adətən limfa yolu ilə infeksion ocaqdan, bəzən də hematogen yolla inkişaf edirlər. Eksudativ plevrit ümumi əhvalın pozulması, döş qəfəsinin bu və ya digər tərəfində ağrı, habelə öskürək, təngnəfəslik və temperaturun yüksəlməsilə müşahidə olunur. Xəstəlik əksər hallarda çox əzabverici şiddətli ağrılarla kəskin sürətdə də başlayır. Sonradan mayenin toplanması ilə əlaqədar olaraq plevra yarpaqları bir-birindən aralanır, həm plevranın sürtünmə küyü, həm də ağrı meydana çıxır. Temperatur nəinki plevranın zədələnməsindən, həm də ağ ciyərdə gedən vərəm prosesindən asılı olaraq, qeyri-müəyyən xarakter daşıyır. Temperaturun yüksəlməsi 2-3 həftə, bəzən daha çox davam edir.
Vərəm mənşəli plevritlər isə uzun sürür. Xəstəliyin başlanğıcında temperatur 38-39 dərəcə, yaxud daha da artıq olur. Sonradan temperatur tədricən enir, bəzən subferbil (qeyri sabit) temperatur uzun müddət davam edir, bu da ağ ciyərdə zəif şəkildə cərəyan edən vərəm prosesinin kəskinləşməsini göstərir. Temperatur endikcə eksudat azalır. Maye sorulduqda yenidən plevranın sürtünmə küyü eşidilir. Xəstələr sağaldıqdan sonra üzun müddət zəiflik hiss edirlər: “Ürək-damar sistemində temperaturun təsirindən və orta divar orqanlarının, xüsusən ürəyin öz yerini dəyişməsindən asılı olaraq, taxikardiya təsadüf edilir. Nəbz az dolğun, arterial təzyiq əksərən aşağı olur. Tənəffüs çətinləşir. Bu, çox vaxt plevraya çoxlu maye toplandıqda və ürəyin yeri dəyişildikdə baş verir. Bu vaxt tənəffüs adətən ortopnoy (nəfəs çatışmazlığı) dərəcəsinə çatır. Xəstələr adətən ya arxası üstə, ya da xəstə tərəf üstə uzanırlar. Eksudativ plevritlər zamanı inspeksiya çoxlu diaqnostik əlamətlər göstərir, belə ki, xəstə tərəf tənəffüsdən geri qalır, qabırğaarası sahələr bəzən genişlənmiş və hamar olurlar”.
Pas rəngli bəlğəm
Həkim-terapevt bildirib ki, eksudativ plevritlərin diaqnozunu müəyyənləşdirmək çətin deyil. Çox vaxt uşaqlarda təsadüf edilən sağtərəfli plevritdə ağrı sindromu, bəzən sağ qalça nahiyəsində və ya soxulcanabənzər çıxıntı nahiyəsində baş verir. Pas rəngli eksudativ plevritlər çox vaxt pay pnevmoniyası və kupoz pnevmoniya ilə diferensasiya edilir. Pas rəngli bəlğəmin olması, xəstənin ağırlığı, təngnəfəslik, herpes (uçuqlama) və xəstə səsləndikdə döş qəfəsinin qüvvətli titrəməsi, bronxial tənəffüs pnevmoniyanın olduğunu göstərir.
Yataq rejimi
F.Abbasovun sözlərinə əsasən, hər şeydən əvvəl ümumi tədbirlər görmək lazımdır. İlk növbədə, xəstə geniş işıqlı və havalı otaqda yataq rejimində saxlanmalıdır. Ona müxtəlif kompreslər, banka və xardal qoyması, eləcə də orqanizmdə olan allergik reaksiyanı aradan qaldıran müvafiq dərman preparatları, həmçinin antibiotik terapiya təyin edilməlidir. Vərəm mənşəli plevritdə, xüsusilə xəstəliyin hemorragik və hemotogen yayılmış formaları zamanı vərəm əleyhinə dərmanlardan istifadə olunur. Xəstələrin qidası yüksək kalorili və vitaminlərlə zəngin olmalıdır.
İrinli plevritlər
Terapevt vurğulayıb ki, irinli plevritləri irinlədici mikroblar (streptokok, pnevmokok) törədir. İrinli plevrit çox vaxt ağ ciyər qanqrenası və abses zamanı, qropoz pnevmoniya, döş qəfəsinin yaralanması, plevranın qonşu üzvlər tərəfindən xəstələnməsi nəticəsində əmələ gəlir. İrinli plevrit ağır gedişə malikdir. Xəstəlik adətən kəskin ağrı, üşütmə, yüksək temperatur, xüsusilə gecə tərləmələri və başağrısı ilə müşahidə olunur. İrinli plevritlər zamanı qanda neytrofil leykositoz görsənir. Dilin üzəri ərplə örtülür, iştaha itir. Sidikdə çox vaxt zülal tapılır: “Xəstəliyin gedişi kəskindir və vaxtında lazımi müalicə tədbirləri görülmədikdə bir sıra fəsadlar qonşu orqanlara keçir. Bəzən irin dəri altına, qarın boşluğuna və orqanlara da yayılır. Kaxeksiya və ishal nəzərə çarpır. Xəstəlik uzandıqda bronxoektaziya və ağ ciyər-ürək çatışmazlığı baş verir. Xəstəliyin simptomatik müalicəsindən əlavə cərrahi müdaxilə vasitəsi ilə qabırğanı rezeksiya etmədən irini plevra boşluğundan çəkmək, sonra oranı dezinfeksiyaedici məhlullarla yuyaraq, ora antibiotiklər vurulur”.

Mənbə: Milli.Az

7 noyabr 2013
GO BACK