Noyabrın 22-də saat 19:00-da Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində görkəmli kinorejissor Rasim Ocaqovun 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, kino xadimlərinin, R.Ocaqov yaradıcılığını sevənlərin, rejissorun sənət dostlarının iştirak edəcəyi gecədə onun həyat və yaradıcılığı ilə bağlı çıxışlar ediləcək, xatirələr söyləniləcək, sənətkarın həyatının müxtəlif məqamlarını əks etdirən fotosərgi və sənədli film nümayiş olunacaq. Qeyd edək ki, Azərbaycanın görkəmli kinorejissoru, Azərbaycan və SSRİ-nin dövlət mükafatları laureatı, xalq artisti Rasim Mirqasım oğlu Ocaqov 22 noyabr 1933-cü ildə Şəki şəhərində anadan olub. 1956-cı ildən kino fəaliyyətinə başlayan R.Ocaqov "Onun böyük ürəyi", "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?", "Skripkanın sərgüzəşti" və "Bir cənub şəhərində" filmləri ilə Azərbaycan kinosunda operatorluq sənətinin gözəl nümunələrini yaradıb. R.Ocaqov ilk dəfə rejissor kimi "Gəncəbasarlı qisasçı", ardınca isə "Tütək səsi", "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "İstintaq", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "Təhminə" və "Otel otağı" kimi filmləri çəkib. Bu filmlər bir çox beynəlxalq kinofestivallarda uğurla iştirak edərək müxtəlif mükafatlara layiq görülüb. R.Ocaqov 2006-cı ildə Bakıda dünyasını dəyişib.
Mənbə: Milli.Az