Qadin.NET / Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə TRİM-in Gəncə filialında mini futbol üzrə mübarizəyə start verilib

Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə TRİM-in Gəncə filialında mini futbol üzrə mübarizəyə start verilib

 

 

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Təhsil Respublika İdman Mərkəzinin (TRİM) Gəncə filialının ayrı-ayrı idman növləri üzrə silsilə yarışları davam edir. İdman ocağında bu dəfə mini futbol üzrə mübarizəyə start verilib. Turnir Məhsəti Gəncəvinin 900 illik yubileyi münasibətilə keçirilir.Yarışdan öncə düzənlənən açılış mərasimində çıxış edən mərkəz rəhbəriliyi və veteran futbolçular birinciliyin önəmindən danışıblar. Natiqlər bu cür yarışların gələcəkdə Gəncə futboluna, həmçinin “Kəpəz” futbol klubuna yeni oyunçular bəxş edəcəyinə inandıqlarını söyləyiblər. Açılış mərasiminin ardından turnirə start verilib. Yarışda 2003-2004-cü il təvəllüdlü futbolçular mübarizə aparır. Birincilikdə 8 komanda 2 yarımqrupda dairəvi sistem üzrə qüvvəsini sınayır. Turnirdə TİM-in 6 təmsilçisi – “Gəncə”, “TİM 1”, “TİM 2”, “Çinar”, “Ümid”, “Flaqman”kollektivləri ilə yanaşı, 2 saylı UGİM-in “Gənclərbirliyi” və Şəmkirin “Təbriz” komandası da iştirak edir.TRİM-in Gəncə filialının direktoru Xəyal Hacıyev: "Əsas məqsədimiz Məhsəti Gəncəvinin 900 illiyini qeyd etməkdir. Həmçinin gənc və yeniyetmə futbolçuları ortaya çıxarıb, yığma komandanın tərkibini təyin etməkdir".
İlk oyun günündə 4 görüş keçirilib. “Gəncə” “Təbrizi” 7:5, “Tim 1” “Çinarı” 6:5, “Ümid” “Tim 2”-ni 5:0 və nəhayət “Gənclərbirliyi” “Flaqmanı” 7:0 hesabıyla üstələyib. Qeyd edək ki, turnir noyabrın 10-dək davam edəcək. Yarışa 3-cü yer və final uğrunda keçiriləcək oyunlarla yekun vurulacaq.
Mənbə: Milli.Az
6 noyabr 2013
GO BACK